Tehran genişmiqyaslı müharibəyə girməyəcək -PROQNOZ

İran ərazisində Çinin milyardlarla dollar investisiyası var. Çin üçün müharibə maraqlı deyil
 
 
 Vaşinqton administrasiyası İranın İsrailə hücum edib-etməyəcəyi barədə məlumat verməyəcək. Lakin lazım gələrsə, ABŞ ordusu yəhudi dövlətinə dəstək verməyə hazırlaşır. Bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin deyib. Onun sözlərinə görə, İranın İsrailə hücum etmək qərarına gəlincə, Tehranın bundan sonrakı hərəkətləri barədə spekulyasiya olmayacaq: "Ordumuzu qorumaq üçün əlimizdən gələni edirik. Lazım olarsa, İsrailə kömək etmək imkanımız var. Gördünüz ki, qüvvələrimizin mövqelərini möhkəmləndirmək üçün bir sıra addımlar atmışıq". ABŞ Dövlət Departamentinin Mətbuat xidmətinin rəhbəri Metyu Miller də deyib ki, İsraili terrordan müdafiə edəcəklər: "Bölgədəki bütün tərəfləri gərginliyi azaltmağa çağırırıq". Millerin sözlərinə görə, ABŞ Yaxın Şərqdəki şəxsi heyətini və maraqlarını qorumaq üçün bütün tədbirləri görəcək. “Vaşinqton Post” nəşri yazıb ki, Bayden administrasiyasının rəsmiləri Haniyəni öldürmək qərarından qəzəbləniblər və bunun Qəzzada atəşkəsə dair aylarla davam edən kövrək danışıqları pozacağından narahat olublar. Məqalədə qeyd olunur ki, ABŞ rəsmiləri “Hizbullah” və ya iranlı komandirləri öldürmək üçün əməliyyatlara başlamazdan əvvəl İsrailin onlara məlumat verməməsindən hiddətlənib. İsrail rəsmisi Baş nazir Benyamin Netanyahu ilə ABŞ Prezidenti Co Bayden arasında keçən həftə baş tutan telefon danışığının gərgin məcrada keçdiyi deyilib. Bu arada ABŞ və Böyük Britaniya İranın Yəməndə dəstəklədiyi husi qruplaşmasının - “Ənsarallah” nəzarətində olan ərazilərə birgə hava zərbələri endirib. Husilərin “Əl-Məsirə” televiziya kanalı zərbələrin ölkənin cənub-qərbindəki Taiz bölgəsinə dəydiyini bildirib. Raketlər Qırmızı dənizdən atılıb. Həmçinin Livandan İsrail ərazisinə azı 30 raket atılıb, onların bəziləri hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib. Fələstin Prezidenti Mahmud Abbas isə İsraillə yekun status danışıqlarına hazır olduğunu deyib.

 Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli "Sherg.az"a deyib ki, Azərbaycan İran-İsrail qarşıdurmasına qarışmır və tərəf tutmur. Ancaq reallıq odur ki, İranla münasibətlərdə suallar var, İsraillə isə tərəfdaşlıq münasibətlərimiz davam edir: 

"İsrail-İran qarşıdurmasının davamlı hal alması və müharibəyə keçməsi ehtimalı İran daxilində proqnozlaşdırılması çətin olan hadisələrə səbəb ola bilər. Amma İranın genişmiqyaslı müharibə aparacağını ehtimal etmirəm. Qarşıdurmanı genişmiqyaslı müharibəyə çevirmək elə də asan məsələ deyil. İranın İsraillə müharibə aparması dolayısı ilə İranın Amerika və NATO ilə savaşa girməsi deməkdir. Bu, daha böyük müharibəyə çevrilə bilər. İran ərazisində Çinin milyardlarla dollar investisiyası var. Çin üçün müharibə maraqlı deyil. İsraillə Çin arasında da ticarət əlaqələri var. Burada da Çinin marağı zərbə altına düşür".

 Siyasi şərhçinin fikrincə, ABŞ də İranın İsraillə qarşı-qarşıya gəlməsini istəmir: 
"Ən azından Rusiya-Ukrayna müharibəsi fonunda bunda maraqlı deyil. İkinci cəbhənin açılması diqqətlərin Ukraynadan Yaxın Şərqə yönəlməsinə gətirib çıxarar. Bütün bunlar iki ölkə arasında hərbi əməliyyatların davam etməyəcəyini deməyə əsas verir. Baş vermiş hadisələrin Azərbaycana heç bir halda təsir mexanizmləri olmamalıdır. Azərbaycan bütün dönəmlərdə, İsrail-İran arasında soyuq müharibənin gedişatı zamanı öz neytrallığını saxlayıb. Neytrallıq bundan sonra da davam edəcək".