Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan bildirib ki, İrəvan regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarıldığı ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib. Bununla belə, o, marşrutların açılmasının Ermənistanın regionda sülh və iqtisadi inkişafa dair baxışı və gündəliyinin mühüm hissəsi olmaqda davam etdiyini bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov bildirib ki, tərəflər Azərbaycanın qərb hissəsini Naxçıvanla birləşdirən marşrut da daxil olmaqla nəqliyyat kommunikasiyalarına dair maddənin sülh müqaviləsi layihəsindən çıxarılması barədə razılığa gəlib.
Bu məsələnin sonrakı mərhələdə həll olunması barədə razılıq əldə olunub.
Sözügedən məsələni “Sherg.az”a dəyərləndirən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirib ki, aparılan sülh danışıqlarında regional kommunikasiyaların qarşılıqlı razılıq çərçivəsində sonrakı mərhələyə qalması Azərbaycan və Ermənistan arasında sülh görüşmələrini sürətləndirəcək:
“Bu həmçinin üzərində anlaşılmayan maddə sayılarını da azaldacaq. Maneənin dəf edildiyini deyə bilmərik, amma bu problem daha sonrakı mərhələyə qaldı. Sözügedən məsələ üçtərəfli sazişin də zərurəti olan prosesdir. Bu diplomatiyada prosesi idarə etmək baxımından sülh sazişinin tezliklə imzalanaraq gələcək prespektivə baxılması yönündə önəmlidir. Amma regional kommunikasiyalar məsələsinə daha sonra baxılması və razılaşdırılması Azərbaycan və Türk dünyası üçün əhəmiyyətlidir”.