“Quru sərhədlər çoxdan açılmalıdır. Çünki Azərbaycanın sərhədləri qapalı saxlaması üçün heç bir əsas yoxdur. Ölkəmiz kifayət qədər güclü dövlətdir və sərhədlərini açıq sərhəd rejimində kifayət qədər effektiv qoruya biləcək dövlət strukturlarımız mövcuddur. Ona görə də bu məsələ artıq həllini tapmalıdır. Ümid edək ki, quru sərhədlər COP29-dan öncə, oktyabrın 1-dən etibarən açılacaq. COP29-dan əvvəl sərhədlərin açılması dünyaya bir mesaj olar ki, Azərbaycanda nə vurusla, nə də başqa məsələlərlə bağlı heç bir təhlükə mövcud deyil. Sərhədləri açmaqla Azərbaycanın təhlükəsiz bir ölkə olduğunu kənar qüvvələrə sübut etmiş olar”.
Bunu quru sərhədlərin açılması məsələsinə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az -a açıqlamasında deyib.
Onun sözlərinə görə, COP29-la bağlı ölkəyə çox sayda qonaqlar gəlməlidir. Bu qonaqların bir qisminin məhz quru sərhədlər vasitəsilə Azərbaycana gəlməsi mümkündür:
“Bəzi məlumatlara görə, Avropadan Azərbaycana veloyürüşlər də təşkil olunacaq. COP29-a velosipedlərlə gələn aktivistlər də olacaq. Onlar Gürcüstandan keçməklə ölkəyə daxil olacaqlar. Onlar üçün də quru sərhədlərin açılması vacibdir ki, veloyürüş yarımçıq qalmasın. Mən düşünürəm ki, bu məsələ öz həllini tapacaq. Sərhədlərin açıqlaması iqtisadiyyata öz müsbət təsirini göstərəcək. Çünki quru sərhədlərin bağlı olması iqtisadiyyata ziyan vurur”.
İqtisadçı ekspert Rəşad Həsənov da bildirib ki, quru sərhədlərin bağlı qalmasının neqativ təsirləri çoxdur:
“Quru sərhədlərin uzun müddət bağlı qalması böyük sosial kütlələrə, onların həyat tərzinə, dolanışığına, kiçik biznesə, fərdi sahibkarlığa təsir göstərir. Ona görə də, quru sərhədlər açılmalıdır. Təhlükəsizlik məsələləri isə aidiyyatı dövlət qurumları tərəfindən çevik şəkildə idarə edilə və tənzimlənə bilər”.