Müharibə hələ yolun yarısındadır -Politoloq

Ukrayna hərbi hədəflərinə çatmaq üçün savaşır
 
Kiyev itirdiyi torpaqlar qədər Rusiya ərazisini işğal etmək niyyəti güdür
 
 
 Ukraynanın Kursk vilayətində keçirdiyi əməliyyat Vladimir Putinin “xüsusi hərbi əməliyyat” adlandırdığı müharibənin Ukrayna ərazisi ilə məhdudlaşacağı və sadə rusların həyatına minimal təsir göstərəcəyi ilə bağlı vədlərinə zərbə vurdu.
 Bunu Karneqi Rus-Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanova “Uoll Strit Jurnal” açıqlamasında deyib. “Moskvada Kursk vilayətindəki vəziyyətlə bağlı xüsusi çaxnaşma yoxdur, Putin hesab edir ki, Ukraynanın bu bölgəyə hücumu onun bütün Donetsk vilayətinin ələ keçirilməsinə qədər uzanan geniş strateji hesablamalarına az təsir edir. Amma Putin hərbi həll yolu tapmasa, Kurskdakı əməliyyat aylarla, illərlə davam edə bilər”, - Stanova bildirib.
Onun sözlərinə görə, ruslar Kursk vilayətində hücuma cəlb olunmaq istəmirlər:
“Çünki Baxmut və Avdeyevka şəhərlərinin ələ keçirilməsi zamanı istifadə etdikləri “yandırılmış torpaq” strategiyasından istifadə edə bilərlər. Mülki əhalinin hələ də qaldığı Kurskda Rusiyanın öz şəhərlərinə qarşı eyni taktikanı istifadə etməsi haqlı siyasət deyil”.

 Son  günlər Rusiya-Ukrayna müharibəsində hadisələrin sürətlə inkişaf etdiyini vurğulayan Sosial Tədqiqatlar Mərkəzinin  sektor müdiri, politoloq İlyas Hüseynovun “Sherg.az”a açıqlamasına  görə, Ukrayna ordusunun Kurska müdaxilə etməsi yeni geosiyasi vəziyyət formalaşdırıb:

 “İki ildən çoxdur davam edən Rusiya-Ukrayna müharibəsi fonunda əminliklə deyə bilərəm ki, iki dövlət arasındakı münasibət bundan sonra 2022-ci ilin fevral ayına qədərki  dövrü əhatə etməyəcək. Qaçqın problemi,  şəhərlərin dağıdılması, infrastrukturun məhv edilməsi, xalqların bir-birinə qarşı düşmənçilik münasibəti bu yaranın  bir daha sağalmayacağını deməyə əsas verir. Çox təəssüf ki, yaxın tezlikdə döyüş meydanındakı əməliyyatları dayandırmaq üçün belə konkret bir mexanizm yoxdur. Türkiyə, Çin başda olmaqla  bir çox dövlətlər Rusiya-Ukrayna müharibəsinin dayandırılmasına və tərəflər arasında sülhün əldə olunmasına  çalışırlar. Bu aralar xüsusən Hindistanın bu istiqamətdəki ciddi səyləri diqqət çəkir, lakin bu danışıqların müsbət nəticəsi döyüş meydanında əks olunmur. Əksinə, tərəflər arasındakı münasibətlər geridönməz hal almağa başlayıb. İndi təkcə Ukrayna əraziləri yox, Rusiya torpaqları da işğal olunur. İkinci Dünya müharibəsindən bu yana heç bir dövlət Rusiya ərazisinə müdaxilə edə bilməmişdi. Bu baxımdan  Ukraynanın uğurlu Kursk əməliyyatı Rusiya-Ukrayna arasında davam edən müharibənin yeni mərhələsi kimi dəyərləndirilir.  Bəzi ehtimallara görə, Ukrayna  Rusiya ərazilərindəki hərbi hədəflərinə çatmaq üçün itirdiyi torpaqlar qədər ərazini işğal etmək niyyəti güdür”.

 Politoloqun fikrincə, rəsmi Kiyevin arxasında duran qüvvələrdən ABŞ özü üçün siyasi dividendlər formalaşdırmağa çalışır: 
“Ehtimallardan biri də odur ki, Kursk əməliyyatı Amerikada keçiriləcək prezident seçkisi öncəsi Demokratların uğurudur. Bu bir növ ABŞ cəmiyyətinə də mesajdır ki, Ukrayna-Rusiya müharibəsinin birincinin lehinə sonlanması üçün seçkilərdə Demokratların namizədinə  səs vermək lazımdır. Hər halda Kursk əməliyyatının  ciddi bir geosiyasi mühit formalaşdırması da istisna edilməməlidir. Nüvə dövləti olan Rusiyanın gözdən salınması, onun  “məğludedilməzlik” imicinin məhv edilməsi  üçün  təşkil edilən bir əməliyyat olunduğu da iddia edilir. İstənilən halda müdafiə istehkamları yarılıb. Hər iki tərəf öz düşməninin həssas bölgələrinə zərbə endirməklə daha geniş ərazilərə nəzarət etmək istəyir. Bu da vəziyyəti çətinləşdirir. Hücum əməliyyatı ilə yanaşı müdafiə manevrləri etmək müşkülə çevrilir”.