Avqustun 23-də Ermənistanın müdafiə naziri Suren Papikyan Fransa səfiri Olivye Dekotinini qəbul edib. Görüşdə tərəflər müdafiə sahəsində əməkdaşlığı müzakirə ediblər. Eyni zamanda, nazir Suren Papikyan səfirlə Ermənistan Silahlı Qüvvələrində aparılan islahatlar və bu çərçivədə Fransa ilə əməkdaşlıq proqramlarına dair fikir mübadiləsi aparıb.
Fransa və Ermənistan arasındakı hərbi əməkdaşlığın uzun müddətdir davam etdiyini vurğulayan politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, görüşdə bu barədə fikir mübadiləsinin aparılması iki ölkə arasında hərbi əlaqələrin daha da irəliyə aparılacağını göstərir:
“Ermənistan Fransadan maksimum qədər bacardığını qoparmağa çalışır. Çünki Emmanuel Makronun hakimiyyətdən getməsi ilə bağlı fikirlər mövcuddur. Məlum olduğu kimi Fransadakı parlament seçkiləri solçuların qalibiyyəti ilə başa çatıb. Solçuların rəhbəri Jan-Lyuk Melenşon Emmanuel Makronun istefası məsələsini qaldırmağa hazırlaşır. Yəni Fransa parlamenti impiçment elan edərək prezidenti istefaya göndərə bilərlər. Əgər həmin zaman Makron hakimiyyətdən gedərsə, Ermənistan üçün çox çətin olacaq. Belə olan halda Ermənistanın hazırda Fransa ilə qurduğu mühüm əməkdaşlıq formatı çökər. Belarus prezidenti Aleksandr Lukaşenko da bir müddət əvvəl qeyd edib ki, Emmanuel Makron hakimiyyətdən gedəcək və Ermənistan tək qalacaq. Yəni yeni gələn hansısa prezidentin Makron kimi Ermənistana yardım göstərəcəyini güman etmək çətin məsələdir. Əgər yeni prezident solçular və yaxud radikal sağçılardan olarsa, sözügedən məsələ qəlizləşəcək. Ona görə də Ermənistan Fransadan maksimum dərəcədə yararlanmağa səy göstərir. Fransanın verdiyi silahlar Ermənistana kömək etməyəcək. Əgər müharibə baş verərsə Ermənistanı biyabırçı məğlubiyyət gözləyir”.