"Tehran regionda nəqliyyat kommunikasiyalarının açılmasının tərəfdarıdır, amma Ermənistanın suverenliyi və ərazi bütövlüyünü nəzərə alır". Bu sözləri İranın Ermənistandakı səfiri Mehdi Sübhani deyib. Səfir bildirib ki, İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi aydındır: "Tehran istənilən geosiyasi dəyişikliklər və dəhliz məntiqinə qarşıdır”.Sübhani bu qeyri-ciddi yanaşmasına əlavə olaraq, Ermənistanla İran arasındakı “əsrlik dostluq” cəfəngiyyatından da danışıb: “İranla Ermənistan arasında münasibətlərin aydın təməli var. Biz əsrlər boyu yan-yana yaşayan və çox yaxşı qonşuluq münasibətləri olan iki dövlətik. Hesab etmirəm ki, kimsə hər iki ölkənin xalqının mənafeyinə zidd addımlar atsın”.
Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a açıqlamasında bunu mollaların “tutuquşu” siyasəti adlandırıb.
Ekspert bildirib ki, ABŞ-də Donald Trampın seçkilərdə qalib gəlməsi ilə dünyanın gündəmi bir anın içində dəyişib. Lakin İranın fars-molla rejiminin təməl mövzuları isə heç vaxt dəyişmir:
"Mollalar Baydenin dövründə olduğu kimi Trampın prezidentlik dönəmində də Zəngəzur dəhlizi məsələsinin İranın “qırmızı xətti” olduğunu tutuquşu kimi təkrarlamağa davam edəcəklər. Bunu İranın İrəvandakı səfiri Mehdi Sübhaninin verdiyi növbəti açıqlamadan da görmək mümkündür. Şübhəsiz ki, bu açıqlama iranlı səfirin öz şəxsi mövqeyi deyil. O, rəsmi Tehranın mövqeyini açıqlayıb. Tehranın Zəngəzur dəhlizinə qarşı bu cür sərt mövqe sərgilməsinin səbəbləri isə hamıya məlumdur. Burada söhbət İranın Ermənistanın mənafelərini qorumasından getmir. Bu, əsla belə deyil. Xamenei rejimini Ermənistanın mənafeləri qətiyyən maraqlandırmır. İran Zəngəzur dəhlizinə münasibətdə ilk növbədə öz geosiyasi maraqlarından və həm də fobiyalarından çıxış edir".
Analitikə görə, İranın əsas fobiyası, narahatlığı isə Zəngəzur dəhlizinin Türk dünyasını birləşdirəcəyi perspektivindən qaynaqlanır:
"İran Türkiyənin Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanla və Türküstan ölkələri (Mərkəzi Asiyanın türk dövlətləri) ilə birləşməsindən əndişələnir. Turan birliyinin yaranması imkanları İranın hazırkı fars-molla rejiminin yuxularına haram qatmaqdadır. Bu məsələdə ermənilərin millətçi dairələri ilə panfarsçı molla rejiminin baxışları, yanaşmaları üst-üstə düşür. Hər iki tərəf qatı türkəfob mövqedən çıxış edir və Zəngəzur dəhlizinə logistik-kommunikasiya vasitəsi kimi yox, sivilizasiyaların toqquşmasına rəvac verən, Türk sivilizasiyasının yeni güc mərkəzi kimi formalaşmasına gətirib çıxaracaq qlobal proyekti kimi baxırlar. Məhz buna görə də İran Ermənistan və Hindistanla birlikdə Hindistan-İran-Ermənistan-Gürcüstan-Qara dəniz-Avropa dəhlizi ideyasını Zəngəzur dəhlizinə alternativ kimi ortaya ataraq, bu yolla özü üçün Qərbə çıxış imkanı əldə etmək istəyir. Səfir M.Sübhani də sözügedən açıqlamasında bu məqama toxunub. İran öz mövcudluğu üçün Ermənistana həyat yolu kimi, nəfəslik kimi baxır. Məhz bu səbəbdən də Zəngəzur dəhlizinin çəkilməsini əngəlləmək İran üçün əsl ölüm-dirim məsələsinə çevrilib. Mollaların düşüncəsinə görə, Zəngəzur dəhlizinin açılması İranı “həyat yolu”ndan (yəni ki, Ermənistanla sərhəddən) məhrum edə bilər. Ona görə də İran var gücü ilə bu dəhlizin açılmasına mane olmağa çalışır. Lakin böyük güclərin Zəngəzur dəhlizi ilə bağlı mövqeləri kəsişəndə və dəhlizin açılmasına yekun qərar veriləndə isə artıq mollaların rəyi heç kimi maraqlandırmayacaq".