Borçalıda ana dilində təhsil alma imkanları daralır
Bu məsələyə Gürcüstanın iç məsələsi kimi yox, içimizin yanğısı kimi baxmalıyıq
Gürcüstanda Azərbaycan türkcəsinin tədrisi ilə əlaqəli yeni qərar qəbul edilib. Təhsil və elm naziri Mixeil Çxenkeli 19 avqust 2022-ci il tarixində “Milli kurrikulumun təsdiq edilməsi haqqında” əmrə dəyişiklik edilməsi ilə bağlı sərəncam imzalayıb. Yeni qəbul edilmiş sərəncamda ana dilimizlə bağlı belə bir müddəa yer alıb: “Azərbaycan dili və ədəbiyyat fənninə həftədə minimum 3, maksimum 5 saat vaxt ayrılır. Eyni zamanda, məktəb ikinci xarici dilin tədrisinə 1 və ya 2 saat ayırmaq qərarına gələrsə, Azərbaycan dilinin tədrisinə maksimum 3 saat ayrılmalıdır”. Sərəncam 1 sentyabr 2022-ci il tarixindən qüvvəyə minib. Ekspertlərə görə, qərarın bizim üçün mənfi sayılacaq bir neçə hədəfi var.
Millət vəkili Fazil Mustafa deyib ki, Borçalıda yaşayan soydaşlarımız əsasən şivə ilə danışır və oradakı gənclərimizin əhəmiyyətli hissəsi Azərbaycan dilinin qarammatikasına uyğun yazı yaza bilmir. Deputata görə, əgər dərs saatları 5-dən 3-ə düşərsə, bu, ana dili və ədəbiyyat dərslərinin 40 faiz daha az tədris edilməsi demək olar:
"Bunun əsas fəsadı ana dilini öyrənməyə daha az vaxt verilməsi ilə soydaşlarımız arasında mədəni bağların zəifləməsində özünü göstərə bilər.
Digər tərəfdən dünya təcrübəsindən də bilirik ki, ana dilini yaxşı bilməyən fərdlərin uğur qazanması xeyli çətin olur. Gürcüstanda yaşayan gənclərimiz yalnız orta məktəbdə öz ana dili ilə təmasda olurlar. Məişət həyatında istifadə etdikləri söz leksikonu isə daha məhduddur. Nəticə olaraq bu gənclər ana dilini yaxşı öyrənmədən başqa dilləri yaxşı bilsələr belə, bir çoxu uğur qazana bilməyəcək. Bu səbəbdən də ana dilində həftədə dərs saatının minimum 5 saat nəzərdə tutulması daha səmərəli olardı. Xatırladaq ki, bizdəki gürcü məktəblərində bu müddət minimum 5 saat nəzərdə tutulub".
F.Mustafa bildirib ki, bu addıma heç cür Gürcüstanın iç məsələsi kimi baxmaq olmaz:
"Məhz bizim içimizin məsələsi və hətta yanğısı kimi baxılmalıdır. Çünki Gürcüstanda Azərbaycan türkünün artıq ana dilindən, Kamandarın sazının nostalgiyasından və süfrədəki xəngəl çeşidlərindən başqa bir milli realitəsi qalmayıb. Ana dilində təhsil alma imkanları get-gedə daralır, bu təhsili verəcək kadrlar da yoxa çıxmaqdadır. Bunu yalnız gürcü tərəfi məqsədli şəkildə etmir. Həm də Bakıda oturub iştahla “gürcü” adı ilə kodlaşdırılan xəngəli yeyən vəzifəli-vəzifəsiz bütün azərbaycanlıların duyarsızlığı edir. Bu səbəbdəndir ki, soydaşlarımızın yaşadığı məkanlardakı məscidlərin mütləq əksəriyyətində də qum üfunəti tüğyan edir. Artıq Quma göndərilənlərin sayı Bakıya universitetə gedənlərin sayını çoxdan ötüb. Ana dili xalqı Vətən torpağına bağlayan əsas cazibədir. Onu addım-addım Bakıda məktəblərimizdən qovan zehniyyətlə, Təbrizdə, Borçalı və Başkeçiddə qovan zehniyyət eynidir. Bizə, yəni dünyagörmüş, fəqət tarix boyu burnunun ucundan uzağı görməmiş azərbaycanlılara eyni mərkəzdən baxırlar".