İqtisadi vəziyyətin ağırlığı İranı ABŞ ilə güzəştlərə vadar edəcək - ANALİZ

  • Hörmüz boğazı kartı İrana baha başa gəlir, ABŞ-la gizli razılaşma ehtimalı artır

ABŞ və İran arasında son dövrlərdə yaşanan siyasi və hərbi qarşıdurma yeni mərhələyə keçmək üzrədir. Qarşılıqlı hərbi təhdidlər və iqtisadi təzyiqlərlə müşayiət olunan proses fonunda tərəflər arasında diplomatik təmasların yenidən ön plana çıxması Vaşinqtonun Tehran siyasətində müəyyən dəyişikliklərin baş verdiyini göstərir. ABŞ Prezidenti Donald Trampın son açıqlamaları da hərbi eskalasiyanın davam etdirilməsindən daha çox iqtisadi təzyiqin artırılması və danışıqlar yolu ilə İranın müəyyən güzəştlərə getməsinə nail olunması variantının nəzərdən keçirildiyinə işarə edir. Digər tərəfdən, İranın ağır iqtisadi vəziyyəti, inflyasiyanın yüksəlməsi, maliyyə resurslarının azalması və ölkəyə qarşı tətbiq edilən məhdudiyyətlərin yaratdığı problemlər Tehran hakimiyyətinin də diplomatik kanallara daha çox üstünlük verməsinə səbəb olur. Bu baxımdan İran və Oman arasında Hörmüz boğazında təhlükəsiz dəniz nəqliyyatının təmin olunması ilə bağlı aparılan danışıqlar xüsusi əhəmiyyət daşıyır. Çünki dünyanın əsas enerji və ticarət marşrutlarından biri hesab olunan Hörmüz boğazı ətrafında yaranan gərginlik yalnız İran və ABŞ münasibətlərinə deyil, qlobal enerji bazarlarına və regional təhlükəsizliyə də birbaşa təsir göstərir. Belə bir şəraitdə Vaşinqtonun hərbi təzyiqdən iqtisadi və diplomatik təsir mexanizmlərinə keçidi, Tehranın isə iqtisadi çətinliklər fonunda danışıqlara açıq mövqe nümayiş etdirməsi tərəflər arasında yeni razılaşma imkanlarının yarandığını göstərir. Lakin İranın irəli sürdüyü şərtlər və ABŞ-ın Tehran qarşısında qoyduğu tələblər arasında ciddi fərqlərin qalması prosesin hələ də mürəkkəb olduğunu göstərir.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan Sherg.az-a bildirib ki, hərbi əməliyyatlar və başqa təzyiqlər daimi olmur:

“Qarşı tərəf istədiyinə nail olduqdan, yaxud tərəflər arasında qənaətbəxş razılaşmalar əldə edildikdən sonra hərbi əməliyyatlar və başqa təzyiqlər də aradan qaldırılır. Ehtimal etmək olar ki, ABŞ ilə İran arasında müəyyən məsələlərə dair razılaşmalar əldə edilir və buna görə də ABŞ hərbi təzyiqləri davam etdirməyi məqsədəuyğun saymır. Bunu üç istiqamətdə gözləmək olar. Bir, ABŞ-nin daxilindəki siyasi proseslər. İki, Yaxın Şərqdəki ölkələrin, ABŞ-nin strateji tərəfdaşı olan ölkələrin məsələyə münasibəti. Üç, İran hakimiyyətinin ABŞ-nin şərtlərini qəbul etməsi. Bu kimi səbəblərdən ABŞ hərbi eskalasiyanın gərginliyinin artmasını dayandırır, yaxud müvəqqəti olaraq kəsir”.

 Analitik qeyd edib ki, İran hakimiyyətinin ABŞ ilə razılaşmasının əsas səbəbi ölkədəki iqtisadi, sosial və maliyyə vəziyyətidir:

“İran cəmiyyəti gündəlik tələbat mallarının bahalaşmasına, artmasına qarşı çıxır, maaşlarının, pensiyaların ödənilməsini tələb edir. Həmçinin işsizlik artır, cəmiyyət iş yeri tələb edir. Mədəni sahələrdə tələblər hər gün davam etməkdədir. Eləcə də hakimiyyətin əsas dayağı sayılan güc strukturlarında əmək haqlarının verilməməsi, əmək haqlarının ödənilməsinin gecikdirilməsi və hərbi əməliyyatlar zamanı çoxlu sayda hərbçinin, yaxud güc strukturları nümayəndələrinin ölməsi İran hakimiyyətini danışıqlara vadar edir. Məsələn, bir neçə gün əvvəl Prezident Məsud Pezeşkian bildirdi ki, ona ABŞ ilə müharibənin vəziyyətindən daha çox İranın düşdüyü iqtisadi vəziyyətin düzəlməsi maraqlıdır. Yəni Pezeşkian İranın ABŞ ilə apardığı müharibədən daha çox iqtisadi vəziyyətin düzəlməsinə üstünlük verir. Ölkənin iqtisadi vəziyyəti müharibədən daha çox fəlakətlidir. Ona görə də iqtisadi vəziyyətin ağırlığı İran hakimiyyətini ABŞ ilə danışıqlara, hətta güzəştlərə vadar edəcək”.

S.Soltan vurğulayıb ki , Hörmüz boğazı ilə bağlı məsələni Tehran hakimiyyəti gündəliyə gətirdi. O, deyib ki, İndiyə qədər Hörmüz boğazı məsələsi gündəlikdə deyildi:

“Bir çoxları Hörmüz boğazı ilə bağlı bilirdi ki, İranın nəzarəti altında olan ərazidir. Amma İran hakimiyyəti Hörmüz boğazı silahı ilə beynəlxalq gücləri və dünyanı iqtisadiyyatla təhdid edəndə, bu su hövzəsinin başqa sahibləri də çıxdı. Bəlli oldu ki, Birləşmiş Ərəb Əmirlikləri və Oman da Hörmüz boğazının sahiblərindəndir. Ona görə ABŞ də həmin amildən İrana təzyiq etməyə başladı. İranla Oman arasında bu istiqamətdə danışıqlar getdi. İraq xarici işlər nazirinin bəyan etdiyinə görə, danışıqlar bitmə mərhələsindədir. Deməli Hörmüz boğazı ilə bağlı məsələdə həm də ABŞ ilə İran arasında müəyyən razılığın olacağı ehtimalı var”.