Tehran alternativ variantları gözdən keçirir
"Türkiyə ilə İran arasında “yumşaq müharibə” davam edəcək"
“Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terror təşkilatına qarşı başlatdığı “Pəncə-Kilid” hərbi əməliyyatları Ankara-Tehran münasibətlərindəki hibrid müharibənin dozasını artırıb”. Bu barədə “Şərq”ə açıqlamasında siyasi şərhçi Aqşin Kərimov deyib. Analitik bildirib ki, Türkiyənin hərbi əməliyyatlarının hədəfi, regionun təhlükəsizlik zolağına salınması, öz milli təhlükəsizliyinə qarşı yönələn təhdid elementlərini aradan qaldıraraq bufer zona yaratmaqdır:
“Ankaranın yaxın zamanlarda bu istədiyinə bütövlükdə nail olacağını proqnozlaşdırmaq düzgün olmazdı. Çünki istər Suriya, istərsə də İraq ərazisindəki anti-terror əməliyyatları təhdid mənbələrini tam aradan götürməyib. Təhdidlərin regenerasiya olunması Türkiyə-İran münasibətləri müstəvisində izaha ehtiyac yaradır. Çünki regiona baxış bucağında Ankara ilə Tehranın fərqli mövqeləri mövcuddur.
İranın strategiyası bundan ibarətdir ki, Türkiyənin İraqdakı hərəkətliliyini minimuma endirsin. Bunun üçün özünün çətiri altında olan şiə qruplaşmalarının PKK ilə əlaqəsində əhəmiyyətli koordinasiya yaradır. Son zamanlar İran İraqdakı Türkiyə bazalarını hədəfə alması da onun İraqda təkbaşına hərəkət etmədiyinin göstəricisidir. Bütün bu hadisələr İranın PKK-nı qorumaq və terror qruplaşmasını Türkiyəyə qarşı fəaliyyətinin alovlandırmaq strategiyasının bir hissəsidir. Hərçənd ki, İranın öz daxilində etnik kürdlərlə problemləri mövcud olub və bu məsələdə PKK kürdlərə dəstək göstərib. Lakin bu məsələ İranın öz hüdudları ilə məhdudlaşıb. Çərçivələrin xarici ölkələrə düşən hissəsində Tehran PKK amilini əlinə verilən kart kimi dəyərləndirir. Terrorçular Türkiyə tərəfindən ağır təzyiqlərə məruz qalanda Tehran onlara yardım əlini uzadır”.
Ekspertin fikrincə, əvvəllər bu yardım PKK-nı sığınacaqlarla təmin etməklə məhdudlaşırdısa, indi İranın patronajlığı altındakı şiə silahlıları Suriyadan İraqa qədər olan ərazidə Türkiyəyə qarşı vahid cəbhədə birləşirlər: “Türkiyənin hərbi əməliyyatları İranı narahat edir, ona görə ki, PKK-nın İraqda məhvi İranı ən əhəmiyyətli resurslarının birindən məhrum edəcək. Təhlükəsizliyin qavrayışı ilə bağlı yanaşmalar Türkiyə-İran münasibətlərini kiber müstəviyə qədər sürükləyir.
Son günlər Türkiyənin bəzi dövlət əhəmiyyətli saytlarının İran tərəfindən kiberhücumlara məruz qalması bu arqumenti səsləndirməyə imkan verir. Ümumiyyətlə, İran özünün nəzarəti altında olan qruplar vasitəsilə “kiber ordu” yarada bilib. Bu işdə ona ən əhəmiyyətli dəstək “Hizbullah” tərəfindən verilir.
Ancaq Türkiyə üçün İranın bu cür həmlələrinin əhəmiyyəti olmayacaq. Ankara kifayət qədər güclü müdafiə təsisatlarına malikdir. Türkiyə ilə İran arasında “yumşaq müharibə” davam edəcək. Türkiyənin regionda ciddi uğurlara imza atması Tehranı alternativ variantlara sürükləyəcək”.