Baxmut hazırda Rusiya-Ukrayna müharibəsinin ən kritik nöqtəsidir
"Həm Rusiya, həm də Ukrayna tərəfi üçün strateji önəmə sahibdir”
"Rusiya Baxmutda Ukraynanı bitirir. Baxmut administrasiyasının binası üzərində Rusiya və “Vaqner”in bayrağı dalğalanır. Bu yaxşıdır". Bunu rusiyalı politoloq Sergey Markov deyib. Ekspert bildirib ki, Rusiya nöqteyi-nəzərindən Baxmut uğrunda döyüşlərin əsas məqsədi şəhərin özünü ələ keçirmək deyil. Məqsəd Ukrayna Silahlı Qüvvələrinin hərbi resurslarını, onların hərbi texnikasını və işçi qüvvəsini maksimum dərəcədə məhv etmək üçün şəhər uğrunda döyüşlərdən istifadə etməkdir: “Yəni Baxmut Ukrayna Silahlı Qüvvələri üçün tələ kimi işləyir. Ona görə də Baxmut uğrunda döyüşlərin effektivliyi onun azad edilmə sürətində deyil, Ukrayna Silahlı Qüvvələrinin Baxmutda məhv edilmiş külli miqdarda hərbi resurslarındadır”. ABŞ Müharibə Araşdırmaları İnstitutunun son hesabatında isə deyilib ki, Ukrayna qüvvələri Donetsk vilayətinin Baxmut şəhəri ətrafındakı mövqelərini bərpa edib. Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri şəhərin 7 kilometrliyində, cənub-qərb istiqamətində bir müddət əvvəl itirdikləri mövqeləri geri qaytarıblar ki, bu da şəhərin mühasirəyə alınması ehtimalını bir qədər də azaldıb. Bununla yanaşı, vurğulanıb ki, şəhərin daxilindəki “Vaqner” qüvvələri də irəliləyişə nail ola biliblər və hazırda şəhərin mərkəzindəki administrasiya binasından bir neçə kvartal aralıda mövqe tutublar. Ancaq buna baxmayaraq, Baxmutun qərb hissəsi Ukrayna Ordusunun tam nəzarətindədir və şəhəri mühasirəyə almaq cəhdləri uğursuzluqla nəticələnir. Qeyd edək ki, “Vaqner”in başçısı Yevgeni Priqojin də Ukrayna birləşmələrinin Baxmutu tərk etmək fikrində olduğuna dair heç bir əlamət görmədiyini və şəhəri mühasirəyə almağın çətin olduğunu bildirib. Əvəzində Ukrayna Quru Qoşunları komandanı general Aleksandr Sırski dünən deyib ki, işğalçı ordunun Baxmut ətrafında getdikcə daha az canlı qüvvəsi və vaxtı qalır.
Politoloq Turan Rzayev "Şərq"ə deyib ki, Ukrayna tərəfi təsdiqləməsə də, Rusiya silahlı bölmələrinin Baxmutun mərkəzini ələ keçirməsi mümkündür. Onun sözlərinə görə, Baxmut hazırda Rusiya-Ukrayna müharibəsinin ən kritik nöqtəsidir: "Həm Rusiya, həm də Ukrayna tərəfi üçün strateji önəmə sahibdir. Bundan başqa, Baxmut psixoloji üstünlük baxımından da vacibdir. Belə ki, iki tərəf də müharibə gedişində ciddi itkilər verib və müsbət xəbər eşitməyə ehtiyacı var. Xüsusilə Baxmutun ələ keçirilməsi Rusiya üçün həyati önəmə sahibdir. Rusiya ictimaiyyətində müharibə əleyhinə baxışlar günbəgün artır. Baxmutun ələ keçirilməsindən Kreml geniş şəkildə istifadə edəcək. Yevgeni Priqojin hər nə qədər Rusiya silahlı bölmələrinin Baxmutun mərkəzini ələ keçirdiyini açıqlasa da, mümkündür ki, bu, Ukrayna silahlı qüvvələrinin taktiki geri çəkilməsidir. Məsələ ondadır ki, Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Valeri Zalujnı ilə Prezident Volodimir Zelenski arasında Baxmutla bağlı ciddi fikir ayrılığı var. Zelenski Baxmutun müdafiə edilməsini dəstəkləsə də, Zalujnı çəkilib daha ciddi müdafiə xəttinin qurulmasını təklif edirdi. Görünür, Zalujnı bu məsələdə Zelenskini razı sala bilib. Diqqətçəkən bir məqam da Baxmutun Valeri Zalujnı ilə Böyük Britaniya Müdafiə Qərargahının rəisi admiral Toni Radakin arasında telefon danışığından qısa müddət sonra ələ keçməsidir. Zalujnı Toni Radakla məhz cəbhəboyu əməliyyat vəziyyəti, həmçinin Baxmut istiqamətində döyüşləri müzakirə edib. Mümkündür ki, Böyük Britaniya Müdafiə Qərargahının rəisi də ukraynalı həmkarına Baxmutdan taktiki-strateji geri çəkilməyə dair məsləhət verib".
T.Rzayevə görə, hazırda Donbasda ən ağır döyüşlər Baxmut və Uqledar ətrafında gedir: "Baxmutun ruslar tərəfindən ələ keçirilməsi hücumların intensivliyini azalda bilər. Düzdür, Baxmutun tutulması ruslara Çasov Yar, Kramatorsk və Slavyanska çatmaq imkanı versə də, yorğun və ciddi itkilərə məruz qalan qoşunların bir müddət hücumlara fasilə verməsi ehtimal edilir. Mümkündür ki, ruslar Baxmutda müdafiə xəttini gücləndirib yeni hücumlar üçün hazırlıq işləri görəcək. Bu da öz növbəsində tərəflər arasında nisbi sakitliyin yaranmasına səbəb ola bilər. Kiyev rusların Baxmutdan sonra hücumlara fasilə verəcəyini bilir və məhz buna görə geri çəkilmə taktikasını seçdi. Ukrayna ordusu bu fasilədən həm müdafiə xəttinin gücləndirilməsi, həm də əks-hücum hazırlıqlarının görülməsi üçün istifadə edə bilər".