Laçın yolunda daha bir örnək
Həkimlərimiz erməni xəstələrin həyatını xilas etdi
Azərbaycanın təcili tibbi yardım maşını halı pisləşənləri sağ-salamat Xankəndiyə çatdırıb
Ekofəallarımızın aksiyasının keçirildiyi Laçın yolunda diqqətçəkən vəziyyət yaşanıb. Rusiya sülhməramlıları Ermənistanın Gorus şəhərindən bir qrup ermənini Qarabağa aparmaq istəsələr də, onların keçidi ilkin olaraq razılaşdırılmayıb. Vəziyyət aydınlaşdığı müddət ərzində səhhəti pisləşən üç nəfər erməniyə tibbi yardımın göstərilməsi zərurəti yaranıb. Azərbaycan tərəfi ermənilər üçün təcili tibbi yardım maşını təşkil edib və səhhəti korlanmış şəxslərə həkimlərimiz yerindəcə köməklik göstəriblər. Daha sonra Azərbaycanın təcili tibbi yardım maşını xəstələri Xankəndiyə çatdırıb. Xankəndi-Laçın yolunda halı pisləşən Qarabağ ermənilərinə tibbi yardım göstərən Şuşa modul tipli xəstəxanasının həkimi Vilad Əliyev deyib ki, onlara yerindəcə ilkin tibbi yardım göstərilib: “Daha sonra onları bizim nəzarətimiz altında Xankəndidə xəstəxanaya sağlam şəkildə çatdırdıq”. Azərbaycanlı həkim Xankəndiyə daxil olanda sevinc hissi keçirdiklərini deyib: “Postda ermənilərlə Azərbaycan dilində danışdıq. Erməni xəstələrin həyatını xilas etdik. Xəstəxanaya təhvil verdikdən sonra geri, Şuşaya qayıtdıq”. Təbii ki, Azərbaycan tərəfi hər zaman olduğu kimi yenə də öz humanistliyini nümayiş etdirib. Lakin məsələ ondadır ki, Rusiya sülhməramlı kontingentinin Gorusdan gətirdiyi erməniləri Xankəndiyə keçirmək cəhdi əvvəlcədən razılaşdırılmadığı üçün Laçın yolunda müəyyən yubanma baş verib. Ekspertlərin fikrincə, bu, birbaşa təxribat cəhdidir. Rus sülhməramlılarının yük maşınlarında Ermənistandan gələn 27 vətəndaş var imiş. Onların arasında təkcə qadınlar, qocalar və uşaqlar deyil, həm də çağırış yaşına çatmış kişilər olub. Vəziyyətin aydınlaşdırılmasının gecikməsi nəticəsində bəzi sərnişinlər özlərini pis hiss etdiklərini deyiblər. Amma əvvəlcədən yazılmış ssenariyə əsasən, iki qadın avtomobildən düşüb və rusiyalı hərbçilərin əhatəsində onlarla “təsadüfən” səyahət edən jurnalistə müsahibə verməyə başlayıblar. Yəni Rusiya və Ermənistan ortaq teatr səhnəsi düzəltmək istəyiblər.
Düşünüblər ki, danışıqlar aparılan zaman ekofəallar ermənilərin olduğu maşınlara girəcək və bu zaman erməni uşaqlar, qadınlar səsini başına ataraq vay-şivən qoparacaqlar. Beləcə, köhnəlmiş “blokada” tamaşasına dünyanı inandırmağa çalışacaqlar. Bütün bunlara baxmayaraq, onların istəyi baş tutmayıb. Azərbaycan tərəfi təmkinli davranıb və təxribata uymayıb. Lakin bu da erməni tərəfini saxta məlumatlar yaymaqdan çəkindirməyib, guya, azərbaycanlıların avtomobillərdən birinə daxil olması ilə bağlı uydurma xəbərlər tirajlayıblar.
Millət vəkili Elman Məmmədov "Şərq"ə açıqlamasında vurğulayıb ki, Azərbaycan tərəfi öz humanistliyini, insanpərvərliyini bir daha nümayiş etdirdi. Deputat vurğulayıb ki, bizim həkimlərə məlumat daxil olan kimi dərhal, ləngimədən tibbi köməklərini çatdırıblar:
"Ermənilərə yerində ilkin tibbi yardım göstəriləndən sonra rus sülhməramlılarının müşayiəti ilə bizim təcili tibbi maşınla sağ-salamat Xankəndiyə aparılıblar. Biz Qarabağda yaşayan erməniləri Azərbaycan vətəndaşları saydığımız üçün onların təhlükəsizliyinin, sağlamlığının qeydinə qalırıq. Yəni qətiyyən demirik ki, "bu, ermənidi, ona kömək etmək olmaz". Ancaq burada başqa məqamlar da var. Sülhməramlılar 27 ermənini Laçın yolu ilə hansı məqsədlə gətiriblər? Əgər onlar Qarabağ yox, Ermənistanda yaşayan ermənilərdirsə, Gorusdan gətirilibsə, bu, təxribat xarakterlidir. Bəlkə orada Avropa İttifaqının "mülki missiyası"nın nümayəndələri də olub. Ermənipərəstliklə məşğul olan "Qırmızı Xaç"ın təmsilçiləri də foto çəkmək üçün fürsət gözləyiblər. Sonradan hay-küy salacaqlardı ki, "baxın, mülki ermənilər soyuğun günündə yolun ortasında saxlanılıb, azərbaycanlılar yolu bağlayıb, onları buraxmırlar, ermənilər də ölürlər, xəstələnirlər" və s. Ermənilər öz himayədarları vasitəsilə belə tələləri məharətlə qururlar. Hətta həmin erməniləri özləri öldürüb, suçu azərbaycanlıların üzərinə də ata bilərdilər. Azərbaycana qarşı növbəti fitnəkarlığı tətbiq edərdilər. Bəlkə də məqsədləri bu idi. Ancaq ermənilərin və onların arxasında duranların məqsədlərinə baxmayaraq, Azərbaycan tərəfi insani köməyini əsirgəmədi. Əməlimizlə də təsdiq etdik ki, biz ermənilərə sülh əlimizi uzadırıq. Deyirik ki, biz ermənilər kimi qəddar, riyakar deyilik. Göstəririk ki, əgər Azərbaycan vətəndaşlığını qəbul etsəniz, bütün problemləriniz həllini tapacaq, qayğınıza qalınacaq".