Qarabağ dirçəlir


Yeni idarəetmə modeli tezliklə bəhrəsini verəcək

Kadrlar hər şeydən öncə müasir dövrümüzün tələblərinə, çağırışlarına cavab verməlidir

  Prezident İlham Əliyev Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbulu edərkən bir sıra mühüm məsələlərə toxunub. Dövlət başçısı əldə etdiyimiz tarixi Zəfərimizdən, Laçının necə azad edilməsindən danışıb. Tarixə qısa ekskursiya edərək Laçının və digər ərazilərimizin nə üçün işğala məruz qalması məsələlərinə də toxunub. Nəhayət, 2020-ci ildə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında digər bütün işğal olunmuş rayonlarımız kimi Laçın da işğaldan azad edildi. Laçın həm döyüş meydanında, həm siyasi yollarla işğaldan azad olundu. Təkcə bu fakt özlüyündə müharibə tarixinə düşəcək qədər əhəmiyyətli faktdır.

Çünki heç bir hərbi-siyasi iradə müharibənin taleyini həll edəcək geostrateji əhəmiyyətə malik olan belə ərazini döyüşsüz tərk etməz. Ancaq Azərbaycan Ermənistanı buna məcbur etməyi bacardı. İndi isə Laçın yenidən öz 30 il onun həsrəti ilə yaşamış öz doğma sakinlərini qəbul etməyə hazırlaşır. Laçında hava limanı tikilir, yollar çəkilir, məktəblər, uşaq bağçaları inşa edilir. Bir sözlə, Laçın əvvəlki şöhrətinə qovuşur. Bütün bunlar isə Azərbaycanda həyata keçirilən və milli maraqlarımıza əsaslanan strateji siyasət sayəsində mümkün olub. 
  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov "Şərq"ə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin martın 28-də Məsim Məmmədovu qəbul edərkən səsləndirdiyi fikirlər ölkəmiz üçün əhəmiyyət kəsb edən və cəmiyyətimizi düşündürən bir sıra məsələlərə aydınlıq gətirilməsi baxımından olduqca aktualdır. Partiya sədrinin sözlərinə görə, ilk növbədə yerlərdə yeni idarəetmə üsulunun tətbiq edilməsi perspektivləri ilə bağlı səsləndirilən fikirlər hər kəsin diqqət mərkəzindədir: 

"İşğaldan azad edilmiş ərazilərdə tətbiq edilən xüsusi nümayəndəlik institutu özünü artıq müsbət yöndən təsdiqləməkdədir. Görünən budur ki, yeni üsulun tətbiqi idarəetmənin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır. Ehtimal var ki, bu yeni idarəetmə modeli gələcəkdə ölkəmizin bütün digər hissələrində də tətbiq ediləcək. Cənab Prezident Laçın rayonuna təyin olunan xüsusi nümayəndəni qəbul edərkən bunun anonsunu verdi. 

  Hesab edirik ki, yeni modelin tətbiqi təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcək. Milli Həmrəylik Partiyası olaraq özünü doğrultmayan icra başçıları sisteminin  yeni ərazi idarəetmə strategiyası ilə əvəzlənməsinin tərəfdarıyıq. Prezidentin bu yöndə atacağı addımları, həyata keçirəcəyi kadr islahatlarını, struktur islahatlarını dəstəkləyəcəyik. Çünki vətəndaşların əsas narazılıq ünvanlarından biri də məhz icra başçılarıdır. Odur ki, yerli icra hakimiyyətləri ilə bağlı köklü dəyişikliklərin həyata keçirilməsi labüddür. Bu, dövlət başçımızın başlatdığı yeni islahat mərhələsinin əsas istiqamətlərindən biridir".
  Ə.Hüseynova görə, istər yeni ərazi idarəetmə modeli, istərsə də bu modelin bilavasitə tətbiqini həyata keçirmək üçün təyin olunan kadrlar hər şeydən öncə müasir dövrümüzün tələblərinə, çağırışlarına cavab verməlidir. Şəffaflıq prinsipi əsasında fəaliyyət göstərməli, vətəndaşların problemlərinin həllinə maksimum diqqətlə yanaşmalıdır. Təyin olunduqları rayonların gələcək inkişafı ilə bağlı, iş yerlərinin yaradılması ilə bağlı, sərmayələrin cəlb olunması ilə bağlı konkret əlavə təkliflər verməlidirlər: "Bütün bunlar dövlət başçısı tərəfindən xüsusi nümayəndələr qarşısında qoyulan mühüm strateji vəzifələr sırasına daxildir. Biz inanırıq ki, Prezidentin xüsusi nümayəndələri çevik idarəetmə qabiliyyətləri ilə, insanlarla rahat kommunikasiya qurmaq və işləmək bacarıqları ilə bu vəzifələrin öhdəsindən layiqincə gələcəklər. Prezidentin fikirlərində həmçinin "Böyük Qayıdış"ın növbəti mərhələlərinin reallığa çevriləcəyi günün uzaqda olmadığı ilə bağlı əminliyi, inamı da açıq şəkildə hiss etdik. Prezident minlərlə soydaşımızın artıq bu ilin sonuna qədər Laçın şəhərində yaşayacağının, keçmiş məcburi köçkünlərin bu il öz doğma diyarına qayıdacaqlarının müjdəsini verdi. Ümumən bu il və gələn il Laçın rayonuna təqribən 10 minə yaxın sakin yerləşdiriləcək. O cümlədən birinci mərhələdə Güləbird kəndində 2400, Qorçu kəndində isə 1300 insanın yerləşməsi nəzərdə tutulur. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşdiriləcək. Qayıdış planının baş tutması üçün Laçın şəhərinin yenidən qurulması keçən ilin avqustun 26-dan bu yana icra edilir. Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir və ya ermənilər tərəfindən dağıdılmış evlər yenidən bərpa olunur. Çoxmərtəbəli səkkiz yaşayış binası yenidən qurulur, ya da ki, tamamilə əsaslı təmir olunur və 30-dan çox ictimai bina inşa edilir. Bütün bu işlərin cari ilin sonuna qədər başa çatdırılması planlaşdırılır". 
Politoloq vurğulayıb ki, dövlət başçısının Ermənistana və ona havadarlıq edən dövlətlərə mesajları da olduqca önəmlidir: "Prezident birmənalı şəkildə bildirdi ki, Azərbaycanla ultimatum dili ilə danışmaq mümkünsüzdür. Bu, kifayət qədər qətiyyətli və prinsipial mövqedir. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi öz müsbət nəticəsini verəcək. Ölkə başçısının fikirlərində işğal dövründəki Fransa ilə, 44 günlük müharibədən sonrakı Fransanın Azərbaycana münasibətdə yürütdüyü ikiüzlü, riyakar siyasətinin ifşa olunmasını da müşahidə etdik. Dövlət başçısı istər Fransanın, istərsə də Avropa Parlamentinin ölkəmizə qarşı ədalətsiz münasibətinin heç də təsadüfi olmadığını vurğuladı. Bu gün Ermənistana havadarlıq edən Fransanın və digər ölkələrin açıq-aşkar “ikili standart”lar siyasəti yürütməsi heç kimə sirr deyil. Böyük dövlətlərin riyakarlığı və beynəlxalq hüquqa qarşı saymazyanalığı artıq o həddə gəlib çatıb ki, onlar bunu hətta gizlətməyə də cəhd göstərmirlər. Lakin bütün bu anti-Azərbaycan qüvvələr artıq bizim gücümüzə və iradəmizə bələddirlər. Onlar istər 44 günlük İkinci Qarabağ müharibəsində, istərsə də müharibədən sonrakı iki il yarım müddətində bizim əyilməz iradəmizi gördü. Azərbaycan öz haqqını həm sahədə, həm də masada qorumağı bacarır. Bəli, doğrudan da heç kim bizim iradəmizə təsir edə bilməz. Biz bunu zamanla bir daha isbat edəcəyik".