Qarşıdurma yaradırlar

Avropada islam dininə qarşı həmişə hücum olub
Hadisənin diqqətçəkən tərəfi odur ki, "Qurani-Kərim"i yandıran radikal siyasətçini polislər, kəşfiyyat orqanının əməkdaşları mühafizə edirlər
   İsveçin müxtəlif şəhərlərində Pasxa bayramları zamanı polisin mühafizəsi altında "Qurani-Kərim"i yandıraraq müsəlmanları təhrik edən radikal sağçı “Stram Kurs” partiyasının lideri Rasmus Paludan təxribatlarını Danimarkaya daşıyıb. O, Tarnbi şəhərində polisin mühafizəsi altında "Qurani-Kərim"i yandıraraq sosial şəbəkədə yayımlayıb. 
Aksiyanı lentlə əhatələnmiş ərazidə həyata keçirən siyasətçini 30-a yaxın polis, Danimarka Kəşfiyyat İdarəsinin 7 mülki geyimli əməkdaşı mühafizə ediblər. Məlumat üçün bildirək ki, Danimarka və İsveç vətəndaşlığı olan radikal sağçı Rasmus Paludan 2017-ci ildən bəri Danimarkanın müxtəlif şəhərlərində Quran yandırmaqla məşğuldur. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə də İsveç və Danimarkada Quranın yandırılmasını pisləyib. 
Şeyxülislam dünyanın müxtəlif nöqtələrində dini məkan və rəmzlərin təhqir olunması hallarının, o cümlədən Ramazan ayında "Qurani-Kərim"in yandırılmasını qətiyyətlə pisləyib. 
A.Paşazadə dini heysiyyətdən siyasi məqsədlər üçün sui-istifadə edilməsinin yolverilməzliyini və bütün dinlərin liderləri tərəfindən birmənalı şəkildə qınanılmalı olduğunu bildirib.
Ağ Partiyanın sədr müavini Əhəd Məmmədli “Şərq”ə bildirib ki, bu arzuolunmaz hadisələr Avropa insan hüquqlarının, mənəvi dəyərlərə və islam dininə baxışın hansı səviyyədə olduğunu ortaya qoyur. Partiya funksioneri bəyan edib ki, indiyə qədər heç bir müsəlman ölkəsində, hətta ən radikal islam dövlətlərində belə bənzər hadisələr, digər dinlərə məxsus dəyərlərin təhqir olunması halları baş verməyib:
 “Xristianların Pasxa bayramında hansısa islam ölkəsində “İncil”in, yaxud “Tövrat”ın yandırıldığını görmüsünüzmü? Görə bilməzsiniz, çünki heç vaxt olmayıb. Fikir verirsizsə, belə olaylar ancaq xristian ölkələrdə, ələlxüsus Avropada yaşanır. Qərb ölkələrində bəzi siyasətçilər, radikal şəxslər islam dininə məxsus müqəddəs dəyərləri qərəzli şəkildə təhqir edirlər. 
Dəfələrlə "Qurani-Kərim"i yandırıblar, müsəlmanları təhrik ediblər, qarşıdurmaya səbəb olublar. Hadisənin diqqətçəkən tərəfi odur ki, "Qurani-Kərim"i yandıran radikal siyasətçini polislər, kəşfiyyat orqanının əməkdaşları mühafizə edirlər. Buna nə ad vermək olar?! Ən geridə qalmış müsəlman ölkəsində bənzər təxribat görmək mümkünsüzdür. 
Amma inkişaf etmiş İsveç, Danimarkada islam dini və müsəlmanlar polislərin qoruması altında təhqir olunurlar. Bu hadisə kimlərin sivil, kimlərin barbar olduğunu bir daha göstərir”.