Sərt açıqlama:“...Azərbaycanda hərbi jurnalist yoxdur demək ayıbdır”

Jurnalist Günel Mönsümova ölkəmizdə hərbi jurnalistlərin yetişdirilmədiyindən şikayətlənib. O bu barədə özünün "Facebook" hesabında qeyd edib: 

“Dəfələrlə demişəm, yenə deyirəm, Azərbaycanda hərbi jurnalistlər yetşdirilməlidir!Niyə görə dünya Laçına giriş kadrlarını əsgərimizin və ya hansısa sivilin telefonla, qeyri-professional çəkilişindən izləməlidir?! Bəli, hərbi sirr olaraq hər hansı jurnalisti o ərazilərə həmin anda göndərməyi doğru hesab etmirlər. Anladıq. Doğru qərardır. O zaman hərbi jurnalist yetişdirilsin. Onlara nələri çəkmək olar, nələri yox, müharibənin gedişində hansı məlumatları demək olar, hansıları olmaz öyrətsinlər. Biz Birinci Qarabağ müharibəsində Çingizin çəkdiyi kadrlarla böyüdük. O görüntülər arxivlərdə qaldı, dünyaya səs saldı. Qalib ölkə olaraq qələbə qazandığımız savaşdan, savaşın gedişatından bir dənə də olsun peşəkar kadr yoxdur ”. 

Məsələyə münasibət bildirən hərbi jurnalist Səxavət Məmmədov “Sherg.az”a açıqlamasında həmkarının fikirləri ilə razılaşmayıb: 

 “ Azərbaycanda hərbi jurnalistlər var . Bunu obyektiv şəkildə təhlil etsələr, görərlər. Mən müharibə dönəmində də yazırdım ki, savaşı zamanı Azərbaycan jurnalistlərini sıxırlar. Azərbaycanlı hərbi jurnalistlərin əraziyə buraxılmaması, çəkiliş etməyinə icazə verilməməsinə dair problemlər var. O dönəm hərbi jurnalistlərin işləməsinə imkan verilmədi. Sadəcə azərbaycanlı jurnalistlər həmin ərazilərə buraxılmırdı. Başlıca problem budur. Türkiyədən gəlmiş jurnalistlərin həmin ərazilərə keçməsinə icazə verilirdi. Hətta Tərtər istiqamətində pambıq zavodu vurulanda azərbaycanlı jurnalistlərin hamısını geriyə çəkdilər. Bir hissəsini Mingəçevirə, digər hissəsini Gəncəyə yerləşdirdilər. Əminliklə deyə bilərəm ki, həmin dönəmdə o ərazidə qalan yeganə jurnalist mən idim. Vəziyyət belə idi. Bir gün əraziyə çıxarılarkən postda saxladılar. Ad soyadımı deyib, siyahıya baxdım. Siyahıda bircə nəfər də olsun Azərbaycan mediasının, jurnalistinin adı yox idi. Ancaq xaricilər idi. Bunları bilib, dilə gətirmədən ölkəmizdə hərbi jurnalist yoxdur demək ayıbdır”. 

S.Məmmədov G.Mönsümovanın “Savaşın gedişatından bir dənə də olsun peşəkar kadr yoxdur ”- fikrinə diqqət çəkib: 

“Kim deyə bilər ki, İkinci Qarabağ savaşından keyfiyyətli kadrlar yoxdur? Məndə kifayət qədər kadrlar var. Mən niyə görə həmin kadrları ortaya çıxarmalıyam? 

Məgər kimsə gəlib məndən soruşub ki, səndə hansı kadrlar var? Mən yazılı mediya nümayəndəsi olaraq sırf müharibədə baş verənlərdən bəhs edən kitab üzərində işləyirəm. Orda savaşda lentə aldığım fotoşəkillər də olacaq. 

Mümkün olsa videoları da disk formatına salıb ora yerləşdirəcəm. Doğrudur ki, Azərbaycan 44 günlük savaşda peşəkar hərbi jurnalist kadrlar ortaya qoymadı.

 Bunun da səbəbi sırf onların həmin əraziyə buraxılmaması ilə bağlıdır. Problemin kökü burdadır. Səbəb qalıb kənarda, biz nəticəyə baxırıq. Azərbaycanda yetərincə hərbi jurnalist kadrlar formalaşıb. Peşəkar çəkilmiş kadrlar da mövcuddur. 

Mən də var, vermirəm. Bu mənim əziyyətimdir. Hər bir insanın əziyyətinin qarışığı olmalıdır. Mənə kimsə qonorar vermirsə, həmin ərazilərdə yaralanan zaman özüm -özümə kömək etmişəmsə, niyə o kadrla verim ki? Niyə onları sosial şəbəkələrdə paylaşım kimsə də mənə halal olsun desin ki? Bunun mənə nə xeyri? !”. 

Həmsöhbətimizin sözlərinə görə, “Azəbaycanda hərbi jurnalist kadrlar yoxdur” fikri düzgün deyil:

 “Bəs necə olur ki, azərbaycanlı hərbi jurnalistlər Suriya, İraq və Türkiyədə keçirilən hərbi əməliyyatlar zamanı orda işləyə bilirlər? Necə olur ki, Türkiyə və digər ölkələr bizi hərbi jurnalist kimi qəbul edir, bizimkilər yox? ! Bizim insanlar sadəcə olaraq səbəblə yox, nəticə ilə məşğul olurlar. Ona görə də yaxın zamanlarda problemin həllində heç bir nəticə əldə olunmayacaq”.