Susan deputatlar da İrandan danışacaq

Azər Həsrət: “İctimaiyyət kimin bu məsələyə necə reaksiya verəcəyi ilə maraqlanır”

“Parlamentdə illərlə oturub, səsini çıxarmayan deputatlar heç olmasa, bu məsələdə öz fərdi fikirlərini ortaya qoymalı idilər”


  Milli Məclisin ötən gün keçirilən iclasında deputat Fazil Mustafaya qarşı terror aktı gündəmə gətirilib və bir neçə deputat sui-qəsdi kəskin qınayıb, İranın qərəzli və düşmənçilik siyasətinin əleyhinə fikirlər söyləyiblər. Çıxış edən deputat Fəzail Ağamalı reaksiyaları yetərli görmədiyini deyib. Bildirib ki, buradan İrana, Fransaya, eləcə də Azərbaycana düşmənlik edən hər kəsə qarşı kəskin etirazımızı bildirməliyik: “Fazil Mustafaya edilən sui-qəsd dövlətimizə qarşı idi. Təəccüb edirəm ki, 120 deputat niyə İrana mövqe bildirmir?”. Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə deputatın iradını qəbul etməyib. Qeyd edib ki, millət vəkilləri həm plenar iclaslarda, həm də mediada bu mövzu ilə bağlı öz mövqelərini bildirirlər. 
  Siyasi şərhçi Azər Həsrət "Şərq"ə bildirib ki, Parlament üzvlərinin hər birinin ayrı-ayrılıqda bu məsələyə münasibəti bizim üçün maraqlı olardı. Ekspertin sözlərinə görə, ictimaiyyət kimin bu məsələyə necə reaksiya verəcəyi ilə maraqlanır: "Təəssüflə qeyd etməliyik ki, üzdə olan, hər zaman görməyə alışdığımız bir sıra deputatlardan başqa yerdə qalanların münasibətini görmədik. Düzdür, Milli Məclisin sədri, hörmətli Sahibə Qafarova öz münasibətini bildirdi. Spiker xətəxanada millət vəkili Fazil Mustafaya da baş çəkdi. Parlament sədri məsələyə yüksək səviyyədə diqqət göstərdi. Ölkə başçısı deputatın müalicəsi ilə bağlı tapşırıqlarını verdi. Yəni dövlətin diqqət və qayğısını ən yüksək səviyyədə gördük. Lakin Parlamentdə illərlə oturub, səsini çıxarmayan deputatlar da var. Heç olmasa, bu məsələdə öz fərdi fikirlərini ortaya qoymalı idilər. Siyasi maraqlarımız, mövqelərimiz fərqli ola bilər, amma burada söhbət Azərbaycan dövlətinin təhlükəsizliyindən gedir. Ona görə də deputatların vəzifəsidir ki, bu cür məsələdə mütləq münasibət bildirsinlər. Digər yandan düşünmürəm ki, Parlamentin içində bu və ya digər şəkildə İrana bağlı deputat olsun. Bu, ağlabatan deyil. Xalqımız öz seçimində bu məsələlərə çox diqqətlə yanaşmağı bacarır. Ancaq susqunluq cəmiyyətdə müəyyən suallar yarada bilir. Təbii ki, məsələ qapanmayıb. İndiyə kimi danışmayanlar müxtəlif formada öz düşüncələrini ictimailəşdirə bilərlər".
  A.Həsrət vurğulayıb ki, ölkə içində İrana bağlı şəbəkə var və bu şəbəkə hətta dövlət qurumlarına da sızmağı bacarıb: 

"Təhsil sistemində, məktəblərdə İran rəhbərliyinə mahnı oxuyan uşaqlar var. Əlbəttə, dövlətin müvafiq qurumları ayıq-sayıqdır. Yəqin ki, şübhəli şəxslərlə bağlı tədbirlər görülür. Ümumilikdə düşünürəm ki, İran məsələsində heç kim özünü kənara çəkməməlidir. İran açıq-aşkar Azərbaycanın üzərinə gəlir, bizi sadəcə tənqid etmir, həm də kobud və ədəbsizcəsinə formada təhdid edir. Bu dövlətin vətəndaşı olaraq, deputatımız da, jurnalistimiz də, müəllim də, məmur da bir nəfər kimi ortaya mövqe qoymalıyıq. Kimsə mövqe qoymaqdan çəkinirsə, onlarla bağlı cəmiyyətin şübhəli yanaşması anlaşılan olmalıdır. Haqlı sual ortaya çıxır ki, səni mövqe sərgiləməkdən çəkindirən amil nədir?".