Terror aktı: Hədəf birmənalı millət vəkilini qətlə yetirmək olub
“Belə situasiyalarda hansısa tələskən versiyaların ortaya atılması doğru deyil, bu, cəmiyyətdə yanlış rəy formalaşdıra bilər”
Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafaya Bakıda, yaşadığı evinin qarşısında silahlı sui-qəsd təşkil edilib. Millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. Çiyin nayihəsindən və ayağından yaralanan deputata ilk olaraq Kliniki Tibbi Mərkəzdə həkim müdaxiləsi edilib. Sonra deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb. Millət vəkilinə qarşı terror aktı həyata keçirən şəxs hələlik yaxalanmayıb. Hüquq-mühafizə orqanları sui-qəsdçini aşkarlamaq üçün genişmiqyaslı araşdırmalara başlayıblar. Deputatın qardaşı İlqar Mustafayev deyib ki, F.Mustafa evə qayıdarkən tək olub və bu, planlaşdırılmış hücum olub:
"Maşından düşən zaman onu izləyiblər. Qaranlıq olub. Həyətdə dəmir dirək var, onlar orada pusqu qurub, məqsədyönlü şəkildə qardaşımı gözləyiblər. Bu, sifarişli hadisədir. Kamera görüntülərinə silahlı şəxslər düşməyiblər, yalnız Fazilin çevik davranaraq həyətə girib qapını bağlaması anı var. Cəld qardaşım oğlu Toğrula zəng edib. Silahdan bir neçə atəş açılıb, xoşbəxtlikdən yan keçib. Həyətə tərəf qaçarkən iki güllə çiyin və ayaq nahiyəsinə dəyib. Hadisəni törədənlər hüquq-mühafizə orqanları tərəfindən axtarılırlar. İstintaq getdiyi üçün biz qeyri-dəqiq məlumatlar vermək istəmirik”. Fazil Mustafanın evinin və ailə yaxınlarının təhlükəsizliyinin təmin edilib-edilməməsi ilə bağlı suala isə İlqar Mustafayev belə cavab verib: “Təhlükəsizlik məqsədilə ölkənin güc strukturları tərəfindən bütün zəruri tədbirlər görülüb”.
Silahlı hücuma məruz qalmış deputat da hadisə ilə bağlı açıqlamalar verib. Parlament üzvü bildirib ki, maşını qaraja daxil etmək istəyərkən avtomobilin “podpres”i silkələnib və o, çiynində dəhşətli ağrı hiss edib: "Sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım. Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Başqa heç nə xatırlamıram. Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”. Millət vəkilinin həyat yoldaşı Zülfiyyə xanım bildirib ki, qanaxması olduğu üçün Fazil Mustafa dünən yenidən əməliyyat olunub. Yoldaşı Fazil Mustafanın bədənindəki güllənin həkimlər tərəfindən evdə çıxarıldığını deyib: “İkinci əməliyyat qanaxması olduğu üçün həyata keçirildi. Güllə isə hadisədən dərhal sonra, elə evdə həkimlərin müdaxiləsi nəticəsində bədənindən çıxarılmışdı”.
Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın tapşırığına əsasən, Prezidentin köməkçisi Anar Ələkbərov terror aktına məruz qalmış Fazil Mustafanı müalicə olunduğu xəstəxanada ziyarət edib, onun ailə üzvləri ilə görüşüb. Diqqətə çatdırılıb ki, xain terror aktını törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunması istiqamətində təxirəsalınmaz əməliyyat-istintaq tədbirlərinin aparılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən hüquq-mühafizə orqanlarına göstəriş verilib.
Deputat Fazil Mustafanın güllələnməsi ölkə ictimaiyyətində şok effekti yaradıb. Ona sui-qəsd təşkil olunması ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Məlumdur ki, illərdir İrana bağlı dini və siyasi çevrələrlə Fazil Mustafa arasında "soyuq savaş" gedirdi. Düzdür, Azərbaycanda İranın siyasətini çoxları tənqid edir, lakin mollalar Fazil Mustafanı “din düşməni” elan ediblər. Çünki F.Mustafa İranın Azərbaycana ixrac etdiyi xurafata qarşı çıxanlardır və zaman-zaman fikirlərinə görə sosial şəbəkələrdə İranmeyilli şəxslər tərəfindən təhqirlərə, hətta təhdidlərə məruz qalıb. İran və bu ölkədəki mollalara bağlı olan şəbəkə Fazil Mustafanı “Aşura” mərasiminə və Əhli-Beytə qarşı olmaqda ittiham edir. Halbuki deputat bu məsələlərə yox, dini xurafata qarşı çıxır. Mollalar isə onun haqqında belə ictimai rəyi yaratmaqla məsələni dini müstəviyə daşıyırlar. O səbəbdən millət vəkilinə, özü də avtomat silahla hücum edilməsinin təsadüf olmadığı bildirilir. Avtomat silah yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə terror hücumu zamanı istifadə edilmişdi. Bəzi ekspertlərə görə, “Bravo” hipermarketin bankomat yerləşən giriş hissəsinə, həm də Fazil Mustafaya hücumda avtomatdan istifadə hansısa məna kəsb edir. Fazil Mustafaya hücum üçün 28 mart tarixinin seçilməsinin də təsadüf olmadığı iddia edilir. Həmin gün Dövlət Təhlükəsizliyi Xidmətinin yaranmasının 104-cü ildönümüdür. Məhz bu ildönüm zamanı edilən hücum da mesaj xarakteri daşıyır. Daha bir iddia isə İsraildə səfirliyimizin binasının açılması ilə bağlıdır. XİN başçısı Ceyhun Bayramov dünən İsraildə səfərdə olub və İsraildəki səfirliyimizin açılışında iştirak edib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) deputata qarşı silahlı hücumun terror olduğunu rəsmi şəkildə elan edib. Ona görə də sosial şəbəkələrdə hücumun arxasında İranın durduğu iddiası səslənməkdədir. Sui-qəsdin İran tərəfindən öncədən planlandığı və icra edildiyini göstərən konkret izlərin olduğu da deyilir. DTX-nın İran casusları ilə bağlı yayımladığı videoda saxlanılan şəxslər tanınmış dövlət və ictimai xadimlərə qarşı sui-qəsd tapşırığı aldıqlarını etiraf etmişdi. Bu etiraf əslində hadisənin öncədən planlandığını sübut edir. Hadisə sonrası “Hüseniyyun” qruplaşması bəyanat yayıb. Qruplaşma məsuliyyəti üzərinə götürməsə də, qeyd edir ki, “Sionistlər və onların Azərbaycanda olan icraçı qüvvələri bilməlidirlər ki, heç bir müsəlman ölkəsində onların təhlükəsizliyinə zəmanət verilməyib”. Terrordan sonra sosial şəbəkənin Azərbaycan seqmentində İran agenturasının təsiri altında olan şəxslərin hadisədən sevinc duyduqlarını əks etdirən paylaşımlar edilib. Bu tip paylaşım edən insanların profillərinə nəzər saldıqda Xomeyni, Qasım Süleymani ilə paylaşımların edildiyini görmək mümkündür. İranın əksər saytları, televiziya kanalları Fazil Mustafaya qarşı terror hücumunu geniş şəkildə tirajlayır. Diqqətçəkən məqam isə “o qatı şiə düşmənidir” tezisinin qabardılmasıdır. İran bu yolla həm də hadisəni leqallaşdırmağa çalışır.
Maraqlı məqamdan biri də odur ki, martın 28-də İrana bağlı terror qrupları bir neçə ölkədə İsrail vətəndaşları və başqa şəxslərə qarşı terror törətməyə çalışıblar. Fazil Mustafaya qarşı törədilən terrorla eyni vaxtda Yunanıstanın paytaxtı Afinada da İsrail vətəndaşlarına məxsus restoranda terror törətməyi planlaşdıran iki şəxs həbs edilib. MOSSAD saxlanılan şəxslərin İrandan idarə olunan geniş terror şəbəkəsinin üzvü olduqlarını elan edib. Həbs edilən 27 və 29 yaşlı terrorçuların İrandan göstəriş aldıqları üzə çıxıb.
Bu, Azərbaycanda nüfuzlu və tanınmış şəxslərə, dövlət xadimlərinə qarşı törədilmiş ilk terror aktı deyil. Xatırladaq ki, yazıçı Rafiq Tağı da 2011-ci il noyabr ayının 19-da naməlum şəxs tərəfindən bıçaqlanıb və 4 gün sonra müalicə aldığı xəstəxanada vəfat edib. Rafiq Tağı hadisənin həmin ərəfədə yayımlanan “İran və Qloballaşma qaçılmazlığı” məqaləsinə görə törədildiyini deyib. Bir məqaləsinə görə iranlı ayətullah Fazil Lənkərani onun haqqında ölüm fətvası verib. 1996-cı il fevralın 26-da Milli Məclisin deputatı, milliyətcə avar olan Əli Ansuxski Bakının mərkəzində, evinin qarşısında məruz qaldığı terror nəticəsində odlu silahla qətlə yetirilib. Məlumatlara görə, qatillər deputatı ağzından güllələyiblər. Əli Ansuxskinin qətlinin gerçək səbəbləri bu günə qədər müəmmalı qalıb. Azərbaycanın dövlət xadimi Afiyəddin Cəlilov da 1994-cü il sentyabrın 29-da Bakıda yaşadığı binanın blokunda sui-qəsd nəticəsində qətlə yetirilib. Onun qətli ilə bağlı bu günədək müxtəlif versiyalar səsləndirilir.
2018-ci ildə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev Yunis Səfərov tərəfindən odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və bir müddət xəstəxanalarda müalicə alıb. Yunis Səfərovun terror aktını törətməkdə əsas məqsədi Azərbaycanda şəriət qanunları ilə idarə olunan "islam dövləti" qurmaq, bunun üçün bir neçə tanınmış dövlət məmurunu öldürməklə respublikada ajiotaj, xaos, vahimə yaratmaq, nəticə etibarı ilə hakimiyyətin zorla ələ keçirilməsini təşkil etmək olub.
Terror aktı ilə bağlı "Şərq"ə danışan Təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bildirib ki, deputat Fazil Mustafaya qarşı sui-qəsdin məqsədi onu öldürmək olub. Ekspertin sözlərinə görə, bu, birmənalıdır və burada şübhə ola bilməz:
"Xəbərdarlıq xarakterli atəş adətən tapançadan edilir, ayağından atırlar. Amma burada güllələrdən biri deputatın çiyin nahiyəsindən dəyib, digəri isə ayağından. Bu, o deməkdir ki, sui-qəsddə birbaşa insanın özü hədəf alınıb. Həyati əhəmiyyət kəsb edən orqanları - döş qəfəsi, qarın boşluğu, o cümlədən baş nahiyəsi hədəf alınıb. Yəni şübhə yox ki, burada məqsəd hədəfi qətlə yetirmək olub. Nəzərə alaq ki, burada söhbət dövlət rəsmisindən, yəni Milli Məclisin üzvündən gedir. Milli Məclis ölkənin ali qanunverici orqanıdır və sui-qəsdə məruz qalmış şəxs parlamentdə ölkənin qanunlarına imza atan 125 nəfərdən biridir. Deməli, baş vermiş hadisə siyasi terrordur və birbaşa dövləti, cəmiyyəti təhdid etməyə yönəlib".
Ə.Oruclu deyib ki, o, belə situasiyalarda hansısa tələskən versiyaların ortaya atılmasının tərəfdarı deyil: "Bu, cəmiyyətdə yanlış rəy formalaşdıra, ümumiyyətlə, tamamilə yanlış istiqamətə yönəldə bilər. Məlumdur ki, ortada terror faktı var. Siyasi terror törədilib. Bəs bunu kim edə bilər? İstənilən dövlət edə bilər. Hökmən deyil ki, bu, İran və Rusiya olsun. Təbii ki, bu gün Azərbaycanda daha çox qarışıqlıq yaratmaq istəyən bu iki dövlətdir. Bunu başa düşürük. Ancaq üçüncü bir dövlət, ağlımıza gəlməyən bir ölkə də belə bir terroru həyata keçirə bilər. Yəni məsuliyyətin İran və Rusiyanın üzərinə atılacağını hesablayaraq, mətbuat vasitəsilə dəstək verərək bunu reallaşdıra bilərlər. Başqa terrorçu təşkilat, yaxud hansısa fərd tərəfindən də törədilə bilər. O səbəbdən mən konkret hansısa ölkə haqqında rəy bildirərək, əslində terrorun arxasında dayanan və yanlış istiqamət göstərməkdə maraqlı olan təşkilatçının əlinə oynamaq istəmərəm. Təhqiqat göstərəcək ki, terror aktını kimin sifarişi ilə kim törədib? Burada söhbət sıradan vətəndaşdan yox, ali qanunverici orqanın üzvündən gedir. Hər kəsin versiya səsləndirmək haqqı var, amma çalışmalıyıq ki, ictimai rəy yanlış istiqamətə yönəlməsin".
Azərbaycan Xalq Partiyasının sədri, keçmiş baş nazir Pənah Hüseyn də millət vəkili Fazil Mustafanın sui-qəsdə məruz qalmasına münasibət bildirib. Partiya sədri bildirib ki, sui-qəsd hadisəsi ilə bağlı istintaq orqanlarının təhqiqatının nəticəsini gözləmək lazımdır: "Amma bunun bir terror aktı olması, Fazil Mustafanın çıxışları və fəaliyyəti ilə əlaqədar olması məncə şübhə doğurmur. Konkret sifarişçilər və icracılar tapılaraq cəzalandırılmalı, məsuliyyətə cəlb olunmalıdır. Kimlərin törətməsindən və motivasiyadan asılı olmayaraq, bunu cəmiyyətdə gərginlik yaratmaq və bütövlükdə Azərbaycana qarşı yönəlmiş hadisə kimi dəyərləndirirəm. Pisləyirik. Baş verən hadisə cəmiyyətdə xofa, həyəcana, qorxuya, qarşıdurmaya gətirib çıxarmamalıdır və ümid edirəm ki, elə də olmayacaq. Bu terrorun təşkilatçıları və sifarişçiləri məqsədlərinə çata bilməyəcəklər".