Xocalı görüşü tarixi hadisədir


Erməni vətəndaşlarımız gec-tez Azərbaycan cəmiyyətinə reinteqrasiya olunacaq


  Azərbaycan hökumətinin rəsmiləri və Qarabağın erməni icmasının nümayəndələri arasında baş tutan görüş ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Fikir bildirənlərin əksəriyyəti bu cür təmasların vacib olduğunu deyiblər. Məlumat üçün bildirək ki, görüşdə Laçın dəhlizi və ətraf mühitin monitorinqi ilə bağlı məsələlər müzakirə edilib. Görüş zamanı Azərbaycan Konstitusiyasına və qanunlarına uyğun olaraq Qarabağ bölgəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyasına dair müzakirələr də aparılıb. Digər məlumata görə, millət vəkili Ramin Məmmədov Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs təyin edilib. 
  Ekspertlərin fikrincə, Qarabağın erməni icması ilə son təmaslar, eləcə də bu məsələ üzrə məsul şəxsin təyin edilməsi bölgədə yaşayan ermənilərin reinteqrasiyasına doğru addımların başladığını göstərir. 
  Millət vəkili Ceyhun Məmmədov "Şərq"ə açıqlamasında görüşün çox əhəmiyyətli olduğunu söyləyib. Parlament üzvü bildirib ki, əslində Azərbaycan hökuməti uzun müddətdir bu istiqamətdə addımlar atırdı: "Rəsmi Bakının qətiyyətli və konseptual mövqeyi odur ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ölkəmizdə yaşayan digər xalqların nümayəndələri kimi erməni vətəndaşlarımızın da hüquqları təmin olunur və olunacaq. Belə görüşləri ancaq alqışlamaq lazımdır. Mülki ermənilərlə qurulan təmasları "separatçılarla görüş" kimi təqdim etmək kökündən yanlışdır. Ermənistan tərəfinin məqsədyönlü şəkildə uydurduğu xəbərlərə istinad yolverilməzdir. Bu, xüsusi nümayəndəmiz və dövlət qurumları ilə erməni vətəndaşlarımız arasında növbəti təmaslardan biridir. Belə görüşlər Qarabağda gedən proseslərin tənzimlənməsinə müsbət və ciddi töhfəsini verəcək. Biz növbəti görüşlərin davamlı olacağını və uğurlar əldə edildiyini görəcəyik. Bu, dövlətimizin planlaşdırdığı, müəyyənləşdirdiyi prosesin tərkib hissəsidir". 
  Milli Həmrəylik Partiyasının sədri Əlisahib Hüseynov da qeyd edib ki, Azərbaycan rəsmilərinin Qarabağ iqtisadi regionundakı erməni əhalinin nümayəndələri ilə Xocalıda keçirilən görüşünü tarixi görüş hesab etmək olar. Onun sözlərinə görə, Qarabağın erməni sakinləri bizim vətəndaşlarımızdır: "Rəsmi təmsilçilərimizin onlarla görüşləri son nəticədə Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasına təkan vermək baxımından olduqca əhəmiyyətli və müsbət addım kimi dəyərləndirilməlidir. Biz Qarabağdakı mülki ermənilərlə bağlı siyasi proseslərə nə vaxtsa start verməliydik. Hesab edirik ki, həmin vaxt, həmin məqam artıq yetişib. Ermənilərin indi iki seçimi var: onlar ya Azərbaycan vətəndaşlığını qəbul edərək bizim qanunlarımıza uyğun yaşamalıdırlar, ya da ki əks təqdirdə ərazilərimizi tərk etməlidirlər. Rəsmi Bakının vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazilərində qeyri-qanuni şəkildə yaşamağına izn vermək fikri yoxdur və bu da ən düzgün mövqedir. Biz separatçılığa “yox” deyən, Azərbaycan vətəndaşı kimi yaşamaq istəyən mülki ermənilərə sahib çıxmağa hazırıq. 
  Dövlət başçımız İlham Əliyev də dəfələrlə bəyan edib ki, Qarabağda yaşayan erməni sakinlər Azərbaycan Respublikasının vətəndaşlarıdır və onlar Azərbaycan vətəndaşlığını qəbul edərək digər vətəndaşlarımız kimi dövlətimizin imkanlarından yararlana bilərlər. Bunun üçün əlverişli şərait yetişməkdədir. Qarabağın erməni sakinləri ilə təmasların, dialoqun başlaması onların həyatında böyük dönüş yaradacaq. Separatçıların, revanşistlərin mülki ermənilərin taleyi ilə manipulyasiya etmələrinə və onlardan alət kimi, hədəf kimi istifadə etmələrinə son qoyacaq. Bu mənada belə görüşlərin keçirilməsi ilk növbədə Qarabağdakı mülki ermənilərin özləri üçün faydalıdır". 
  Ə.Hüseynov başqa məqama da diqqət çəkib: "Burada digər bir məqam da olduqca önəmlidir. Rəsmi Bakı Qarabağ erməniləri ilə münasibətlərin məcraya qoyulması üçün məhz parlament xəttinin seçilməsinə üstünlük verib. Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üçün Milli Məclisin deputatı Ramin Məmmədovu məsul şəxs qismində sözügedən görüşün baş tutmasından ötrü Xocalıya ezam edib. Təəssüf ki, məsələlərə bayağı və səthi münasibət bildirməyə vərdiş etmiş bəzi sosial şəbəkə istifadəçiləri Ramin Məmmədovun təcrübəsiz olduğunu bildirirlər. Ancaq həmin diletantlar R.Məmmədovun kifayət qədər kompetent bir şəxs olmasından bixəbərdirlər. Beynəlxalq münasibətlər üzrə mütəxəssis olan, bir neçə xarici dil bilən və xaricdəki diasporlarımızla əlaqələrimizin genişləndirilməsi sahəsində böyük təcrübə qazanan R.Məmmədov bu danışıqları müvəffəqiyyətlə başa çatdırmaq üçün kifayət qədər geniş təcrübə və potensiala malikdir. Üstəgəl, Ağdərə şəhərində doğulan R.Məmmədov necə deyərlər, ərazini də, erməniləri də yaxşı tanıyır, ermənilərin xislətinə daha yaxından bələddir. Ona görə də Ramin Məmmədovun Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilməsi zənnimizcə, uğurlu seçimdir. İnanırıq ki, o, bu işin öhdəsindən layiqincə gələcək. Bölgədə sülhə və ərazilərimizdə əminamanlığa doğru kövrək də olsa bir addım atılırsa, bunu yalnız təqdir etmək lazımdır. Bu qəbildən olan təmasların, sülh naminə danışıqların başlanmasının əleyhinə yox, lehinə mövqe seçməliyik".