"Xocalı görüşündən sonra dərhal hədəf bəlli oldu" - ŞƏRH


"Xocalı görüşündən sonra Xankəndindəki separatçılar “Azərbaycan kənd təsərrüfatı ilə məşğul olan kənd sakinlərini atəşə tutub” iddiasını irəli sürdü. Rusiya tərəfi də bu iddianı “təsdiqlədi”. 

"Sherg.az"ın xəbərinə görə, bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. 

Ekspert bildirib ki, Azərbaycana qarşı yenə “atəş açmaq” ittihamını irəli sürüblər: 

"Bu iddiaların hədəfi bəllidir. Separatçılar və Rusiya Qarabağda erməni əhalisinin Azərbaycana inteqrasiyasının mümkünsüzlüyünü həm ermənilərə, həm də beynəlxalq ictimaiyyətə göstərməyə çalışırlar. Belə bir “ehtiyaclarının” yaranması o deməkdir ki, Bakı danışıqlarda inteqrasiya məsələsini israr edir. Hərçənd, görüşün keçirilməsi və ardınca “atəş” iddialarının mümkün Brüssel görüşündən öncə qeydə alınması təsadüfi deyil. Bakı manevr edir. Separatçıların bölgədə mövcudluğu davam etdiyi vaxt təmaslar riskli olsa da, Qərbin “təmasların indi başlanması” istəyinə uyğun görüş keçirdi və “inteqrasiya prosesini” önə çıxarmaqla separatçıları dilemma qarşısında qoydu. Təmasları qəbul etmək “inteqrasiya prosesini” qəbul etmək deməkdir. Bundan imtina etmək erməni əhalisinin “təmsilçisi” olmadıqları deməkdir".

Ekspertə görə, Bakı Brüsseldə bu məsələni önə sürəcək: 

"Bununla “təmasların indi başlanması”nı istəyən Qərb göstərəcək ki, Qarabağda erməni əhalisi ilə separatçı rejim eyni deyil, separatçıların mövcudluğu təmasların qarşısını alan amildir. Və bu, Azərbaycanın mümkün praktiki addımlarını Qərbdə də siyasi legitimlik qazandıra bilər. Çətin vəziyyətdə qalan separatçılar çıxış yolunu “Azərbaycan atəş açıb” iddialarını tirajlamaqda görürlər. Böyük ehtimalla həm erməni əhalisində Azərbaycanın “düşmən obrazını” gücləndirmək, həm də beynəlxalq ictimaiyyətdə “tərəf” olduqlarını nümayiş etdirmək məqsədilə Qarabağda qarşıdurmanı kəskinləşdirəcək ciddi təxribatlara da əl atacaqlar".