Rusiyanın xarici işlər naziri Sergey Lavrov Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (CICA) Bakıda keçirilən sammitində iştirak etdikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, "3+3 formatında (Azərbaycan, Gürcüstan, Ermənistan, Rusiya, Türkiyə və İran) növbəti görüş Azərbaycanda keçirilə bilər.
Mövzunun əhəmiyyətini və mümkün təsirlərini Türkiyənin Azərbaycandakı keçmiş Hərbi Attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a şərh edib:

"Lavrovun açıqlaması Bakının “3+3” formatına ev sahibliyi etmək təklifinə Moskvanın açıq dəstəyi kimi qiymətləndirilə bilər. O, görüşlərin əvvəl Azərbaycanda, daha sonra isə Ermənistanda keçirilməsini “düzgün” hesab etdiyini bildirib. Bununla belə, ev sahibliyi məsələsi hələ rəsmən təsdiqlənməyib. Lavrov yekun qərarın qəbul edilməsi üçün Bakı ilə İrəvan arasında razılaşmanın gözlənildiyini də vurğulayıb. Azərbaycan baxımından, Bakı Cənubi Qafqaz məsələlərinin region ölkələri və qonşu güclərin iştirakı ilə müzakirə olunduğu diplomatik platformalardan birinə ev sahibliyi etməklə öz mövqeyini gücləndirə bilər. Azərbaycan daha əvvəl də növbəti görüşə ev sahibliyi etməyə hazır olduğunu bildirmişdi. Rusiya isə regional proseslərdə iştirakını və Cənubi Qafqazdakı diplomatik təsir imkanlarını qorumağa çalışır. Bu dəstək Rusiyanın təşəbbüsü kimi deyil, Azərbaycan və Türkiyənin irəli sürdüyü platformaya verilən dəstək kimi təqdim olunur".
General Türkiyə baxımından da fikirlərini bölüşüb:
"Ankara ilə Bakının təşəbbüsü ilə yaradılan formatın yenidən fəallaşması Türkiyənin Cənubi Qafqaz diplomatiyasındakı rolunu artıra bilər. CICA sammiti çərçivəsində Hakan Fidanla Lavrovun Bakıda görüşməsi də regiondakı diplomatik təmasların bir hissəsi kimi qiymətləndirilə bilər. Görüşlərin əvvəl Bakıda, daha sonra isə İrəvanda keçirilməsi ehtimalı Ermənistanın prosesdə iştirakını asanlaşdıra bilər. Bununla belə, “3+3” formatı Azərbaycanla Ermənistan arasında birbaşa sülh danışıqlarını əvəz etmir. Formatın əhatəliliyi isə Gürcüstanın iştirakından asılıdır. Gürcüstanın əvvəlki görüşlərdə iştirak etməməsi “3+3” formatının nəzərdə tutduğu altı ölkənin hamısının vahid platformada təmsil olunması məqsədinə mane olur. İndiyədək görüşlər Moskva, Tehran və İstanbulda keçirilib. Azərbaycanın növbəti görüşə ev sahibliyi etmək təklifi isə hələ də gündəmdədir".
Mütəxəssis vurğulayıb ki, Lavrovun açıqlaması təsdiqlənmiş sammit qərarından daha çox, Bakının ev sahibliyi təklifinə verilən siyasi dəstək və Ermənistanın prosesə qoşulmasını təşviq edən diplomatik mesajdır:
"Görüş baş tutarsa, onun effektivliyi Gürcüstanın iştirakından, gündəliyin ortaq regional maraqlar əsasında formalaşdırılmasından və Azərbaycan-Ermənistan sülh prosesinə hansı səviyyədə töhfə verməsindən asılı olacaq".