1 il vaxt qazanıldı
Paris görüşünün nəticələri daha çox Ermənistana sərf etdi
Qarabağ probleminin nizamlanması istiqamətində böyük ümidlər bəslənilən Fransa, Azərbaycan və Ermənistan prezidentlərinin Paris görüşü, çoxlarının da təxmin etdiyi kimi nəticəsiz başa çatıb. Görüş sonrası bəzi politoloqlar nəticələrlə bağlı nisbətən pozitiv açıqlamalar versələr də, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Paris görüşündə hər hansı böyük irəliləyişə nail olmadığımızı bəyan edib.
E.Məmmədyarov bildirib ki, Qarabağ münaqişəsi bir günə həll olunacaq məsələ deyil. Nazirin fikrincə, hər şey Ermənistan tərəfinin müsbət yanaşmasından asılıdır: "Ermənistan deyir, snayperlər cəbhə bölgəsindən çıxarılsın, biz deyirik, icmalar arasında əlaqələr qurulsun. Ən önəmlisi isə qoşunların işğal olunmuş ərazilərdən çıxarılmasıdır. Əgər bu olsa, insidentlər də baş verməz”. Paris görüşünün nəticəsindən danışan politoloq Zəfər Quliyev bildirib ki, pozitiv irəliləyişə meyilli olmayan situasiyada real nəticələr gözləmək əbəsdir. Siyasi ekspertin sözlərinə görə, mövcud durumun əlverişsiz xarakteri bir sıra amillərlə bağlıdır: "Rusiya ilə Qərb ölkələri arasında dominantlıq uğrunda geosiyasi mübarizə kəskin şəkildə pisləşib. Qarşı-qarşıya duran bu ölkələr Qarabağ nizamlanmasına dair Minsk Qrupunun həmsədrləridir. Yəni ziddiyyətli situasiyanın özü həmin dövlətlərin münaqişəni öz maraqları naminə manipulyasiya etməsinə şərait yaradır. Belə olan halda bu güclərin geosiyasi konsensus əldə edəcəyinə ümid etmək mümkünsüzdür. Eyni zamanda hazırda həlledici məsələlər üzrə münaqişə tərəflərinin mövqelərində real yaxınlaşma yoxdur. Əgər İrəvanın Moskvadan vassal asılılığını nəzərə alsaq, onda etiraf etmək lazımdır ki, status-kvonun saxlanmasında Ermənistanın inadı elə Rusiyanın mövqeyi ilə bağlıdır”.
Z.Quliyev deyib ki, postsovet məkanında oxşar və mürəkkəb münaqişələrin mövcudluğu, Ukraynanın cənub-şərqindəki situasiya vahid geosiyasi platformanın formalaşdırılmasını çətinləşdirir: "Qarabağ nizamlanmasında real sıçrayış digər oxşar konfliktlərin çözümündə də mühüm rol oynaya bilər. Ancaq məsələ bundadır ki, həmin problemlərin həlli ya Rusiyanı, ya da Qərbi qane etmir”.
Politoloqun sözlərinə görə, uydurma erməni soyqırımının 100 illik yubileyi məsələsi daim "genosid” kartından öz siyasi maraqları naminə faydalanan həmsədr ölkələrə əlavə bəhanə verir. Bununla müəyyən "pauza” götürən həmsədr dövlətlər Qarabağ problemini arxa tərəfə itələyirlər: "Görüşün təşəbbüsçüsü olan Olland gələn il aprelin 24-də İrəvanda "soyqırım”da iştirakla bağlı artıq öz istəyini bildirib. Şübhə yox ki, Minsk Qrupunun Ermənistana meyilli digər həmsədr dövlətləri, ABŞ və Rusiya da hansısa yüksək təmsilçilik statusunda həmin "yubiley” tədbirlərinə qatılacaq. Yəni həmsədr ölkələr bu dövrdə Qarabağ hayında olmayacaq. Niyə məhz Ermənistan Paris görüşünün yekunlarından az qala sevinc içindədir? Çünki İrəvan sülh prosesində arzuladığı genosid "pauza”sına nail olub, atəşkəsin gözlənilməsi haqda anlaşıb və status-kvonu daha bir il uzadıb. Amma nədənsə, Paris görüşünün yekunlarını şərh edən ekspertlərin diqqətini bu məqam cəlb etməyib. Əslində Paris görüşündən hansısa pozitiv və uzaqgörən nəticələr çıxaran ekspertlərin mövqeyi təəccübləndirdir. Hesab edirəm ki, belə optimist versiyalar Paris görüşünün iştirakçılarının görüşün pozitiv xarakter daşıdığı barədə kasad açıqlamalarına əsaslanır. Yaxud da bu, sadəcə, siyasi falçılıqdır”.
Z.Quliyev ehtimal edir ki, qapalı Paris danışıqları çərçivəsində Azərbaycanın maraqlarına cavab verən məsələlərə də toxunulub: "Naxçıvana dəhlizin açılmasının zəruriliyi barədə təklif irəli sürməsi, habelə razılaşdırılmış "böyük sülh sazişi”nin hazırlanması, işğal altındakı ərazilərin mərhələli şəkildə azad edilməsi barədə informasiyalar diqqətə layiqdir. Əslində nizamlama prosesində ehtimal edilən "pauza” müəyyən mənada Azərbaycana da sərfəlidir. Bununla rəsmi Bakı həm Rusiyanın Avrasiya İttifaqına, həm də Qərbin avrointeqrasiya tələblərinə cavabını təxminən bir illiyinə yubadır”.
Millət vəkili Elman Məmmədov da söyləyib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərin nəticəsiz fəaliyyəti dəfələrlə sübut olunub. Deputatın sözlərinə görə, həmsədrlərin nail olduqları nəticələr Azərbaycanın xeyrinə yox, əksinə, ziyanınadır: "Elə münaqişənin ədalətli həllinə maneə yaradan həmin dövlətlərin özüdür. Sanki onlara pərdəarxası gizli olaraq tapşırıq verilib ki, siz münaqişənin həlli ilə yox, həllinin əngəllənməsi ilə məşğul olmalısınız. Onlar da bu missiyanı məharətlə yerinə yetirirlər. Bununla da Dağlıq Qarabağ probleminin həlli günü-gündən uzanır. Bu ləngimələr nəticəsində Azərbaycana maddi və mənəvi ziyanlar vurulur”.
Millət vəkili vurğulayıb ki, Dağlıq Qarabağ probleminin həlli sadəcə 3 dövlətdən asılı olmamalıdır: "Bu dövlətlər tarix boyu erməniləri və erməni işğalını dəstəkləyiblər. Erməniləri dünyanın müxtəlif yerlərindən Azərbaycanın tarixi torpaqlarında yerləşdiriblər. Ona görə, bu dövlətlər ədalətli yol seçə bilməz. Bizim müqəddəratımız bunlardan asılı deyil”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı da bəyan edib ki, Azərbaycan 20 il müddətində beynəlxalq təşkilatlar qarşısında bütün öhdəlikləri yerinə yetirib. Baxmayaraq ki, torpaqlarımız işğal altındadır və aqressiv tərəf biz olmalıyıq: "Sırf bu səbəbdən Azərbaycan xalqı tam şəkildə hərbi yolla məsələni həll etmək hüququ qazanır. Danışıqlar prosesinin davam etdirilməsi heç bir nəticə vermir. Görüşlər də bunu isbat edir. Deməli, danışıqlar aparmağın, sülh yolu ilə məsələnin nizama salınmasına ümid etməyin heç bir mənası yoxdur”.
QAT rəhbəri bildirib ki, Ermənistanda istər Sovet dövründə, istərsə də müstəqillik dövründə heç bir müstəqil qərar qəbul olunmayıb: "Ermənistandakı hakimiyyəti Rusiya ora təyin edib. Dağlıq Qarabağa yerləşdirilən separatçılar da rus xüsusi xidmət orqanlarının agentləridir. Bu, artıq sübut olunub. Bölgəyə Rusiya nəzarət edir və müəyyən proseslərdə Azərbaycan tərəfinə qıcıq vermək üçün, hansısa addımlardan geri çəkindirmək üçün bəzi məsələləri ortaya atır. Hesab edirəm ki, Azərbaycan Rusiyanın qarşısında Qəbələ RLS ilə bağlı sərt mövqeyini necə ortaya qoydusa, Dağlıq Qarabağ məsələsində də mövqeyini açıqlamalıdır”.
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Paris görüşündən pozitiv nəticə gözləməyin əbəs olduğunu əvvəlcədən dediyini vurğulayıb: "Bunun konkret səbəblərindən biri və önəmlisi budur ki, münaqişənin tənzimlənməsi prosesində iştirak edən həmsədr ölkələr iki tərəfə bölünüb, qarşı-qarşıya durublar. Mən Qərblə Rusiyanı nəzərdə tuturam. Bir tərəfdə ABŞ, Fransa, digər tərəfdə isə Rusiya var. Belə bir qarşıdurma olduğu şəraitdə konfliktin aradan qaldırılması, yaxud onun düzənlənməsi istiqamətində irəliləyiş ola bilməz”.
Politoloq Erkin Qədirli də güc tətbiq etməklə yaranmış vəziyyətin danışıqlarla dəyişdirilməsinin mümkün olmadığını deyib. Onun sözlərinə görə, işğalçı Ermənistan tutduğunu əlində saxlamaq istəyir. Ona görə də özünü "sülhsevər” kimi göstərir: "Mənim fikrimcə, işğal davam etdiyi müddətcə Azərbaycanın sülh mövqeyindən çıxış etməsi zəiflik əlaməti kimi qəbul olunacaq. Beynəlxalq vasitəçilər adlanan tərəflər mövcud status-kvonun saxlanmasında ona görə maraqlıdır ki, onlar öz aralarında razılığa gələ bilmirlər. Status-kvonun dəyişdirilməsi üçün hamı Azərbaycana təzyiq göstərir ki, Azərbaycan Ermənistana hücum etməsin. Hücum etməyə haqqı olduğu halda, Azərbaycanı haqsız işğalla barışmağa, yaxud işğala dözməyə məcbur edirlər. Azərbaycan hücum etmək qətiyyətini və hazırlığını aydın göstərməyincə, heç kəs Ermənistana işğal etdiyi torpaqlardan çəkilməsi üçün təzyiq etməyəcək. İşğal ona görə davam edir ki, onun saxlanması münaqişənin yekun həllindən daha ucuz başa gəlir. Azərbaycan işğal xərclərini Ermənistan üçün dözülməz dərəcədə bahalaşdırmalıdır”.
İsmayıl