Qarabağ separatçıları PKK torrorçularına sığınacaq verir

Azərbaycanın bölgəyə nəzarəti məhduddur, bu halın qarşısını ala bilmir



Mənfur düşmənilərimiz işğal etdikləri Azərbaycan torpaqlarını "terrorist yuvası”na çeviriblər. Suriyada hərbi-siyasi vəziyyətin gərginləşməsi səbəbindən ölkəni tərk edən, eləcə də dünyanın başqa ölkələrindən gələn ermənilərin Dağlıq Qarabağ bölgəsində məskunlaşdırılması azmış kimi Ermənistan indi də Türkiyə-PKK arasındakı münasibətlərin gərginləşməsindən istifadə edərək, Azərbaycan torpaqlarını cinayətkarlarla doldurur.

Qeyd edək ki, son zamanlar PKK terror təşkilatı Türkiyə dövlətinə qarşı terrorçu fəaliyyətini təzədən bərpa edib. Bu səbəbdən də qanunsuz silahlı qruplaşmanın qardaş ölkə ərazisində sıxışdırılan əli qanlı silahlılarının Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsinə adlamaq və ora sığınmaq istəməsi haqda xəbərlər yayılıb. Bəs, rəsmi Bakı Türkiyədən qovulan PKK-çıların Azərbaycanın işğal zonasında məskunlaşdırılmasının qarşısını necə almalı?

Xocalıdan olan millət vəkili Elman Məmmədov isə ilk olaraq deyib ki, PKK terrorçularının ermənilərin işğalı altında qalan Dağlıq Qarabağ bölgəsində məskunlaşmaq istəyi yeni əməli deyil. Bu proses uzun müddətdir davam edir: "Çox təəssüf ki, Azərbaycanın işğal olunan əraziləri Türkiyəyə qarşı döyüşən PKK-çılarla yanaşı, dünyanın bir çox ölkələrindən, o cümlədən də Yaxın Şərqdən, Suriyadan köçən ermənilərin məskəninə çevrilib. Biz bilirik ki, Türkiyəyə qarşı birgə döyüşmək üçün PKK ilə ermənilərin ASALA terror təşkilatı arasında tarixi uzun illərə söykənən bir razılıq var. Onlar Türkiyəni özlərinə birgə düşmən elan edərək ona qarşı birgə mübarizə aparırlar. Təsadüfi deyil ki, Türkiyədə törədilən terrorların, şəhid edilən mehmetçiklərin, jandarmaların qanları təkcə PKK-nın yox, ermənilərin də üzərindədir. PKK tərkibində döyüşən millətlər arasında ermənilər çoxluq təşkil edir. Sadəcə onlar öz adlarını, soyadlarını dəyişməklə Türkiyəyə qarşı döyüşürlər. Bu səbəbdən də bu gün Türkiyədən qovulan cinayətkarlar məhz Ermənistana və Azərbaycanın erməni işğalı altında qalan ərazilərinə köçürlər”.

Bu köçün qarşısını almaq üçün Azərbaycanın atacağı addımlara gəldikdə isə millət vəkili deyib ki, həmin torpaqlar bizim olsa da, nə yazıq ki, indiki situasiyada bölgəyə nəzarət ermənilərin və beynəlxalq təşkilatların əlindədir: "Türkiyədən, Suriyadan və digər ölkələrdən qaçan insanların, qovulan terrorçuların, muzdlu döyüşçülərin Dağlıq Qarabağ və digər işğal zonalarında məskunlaşdırılmasının qarşısını almaq üçün Azərbaycan nə bacarırsa, onu da edir. Azərbaycan ATƏT-in Minsk Qrupu, Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlara müraciət vasitəsilə bu qeyri-qanuni məskunlaşmanın qabağını almaq üçün uzun illərdir mübarizə aparır. Dövlət rəsmiləri hər dəfə bu məsələni beynəlxalq arenada qaldırır və onlar qarşısında tələblər qoyur. Amma görünür, dünyanın bütün təşkilatlarının gözü yumulub, qulağı da tutulub. Onlar terrorçuların qeyri-qanuni şəkildə Azərbaycanın işğal zonalarında məskunlaşdırılmasının qarşısını almaq üçün heç bir tədbir görməyiblər. Bizim isə həmin ərazilərə nəzarət imkanlarımız məhduddur. Ermənilərin işğalı altında qalan həmin ərazilərimizə nəzarət mənfur düşmənlərimizin və beynəlxalq təşkilatların səlahiyyətindədir. Dağlıq Qarabağ və ətraf rayonlara nəzarət etmək və orada qeyri-qanuni məskunlaşmanı önləmək ATƏT-in Minsk Qrupunun, Faktaraşdırıcı missiyanın, BMT-nin birbaşa nizamnamə borucudur. Onlar Azərbaycan hökumətinin müraciətinə cavab olaraq qeyri-qanuni məskunlaşma ilə bağlı işğal zonalarında monitorinqlər keçirməli və əldə olunan faktlarla bağlı tədbir görməlidirlər. Sözügedən təşkilatlar istəsələr, günü bu gün PKK və erməni terrorçularının Dağlıq Qarabağda qanunsuz yerləşdirilməsinin qarşısını ala bilərlər. Amma dünyanın ikili, üçlü standartları onlara bu addımı atmağa imkan vermir. Bizim də əlimizdən onlara müraciətdən başqa heç nə gəlmir...”.

Şəymən