Nazirin açıqlamasında başqa niyyətlər var

“Viber”, “WhatsApp”, “Skype” və başqa şəbəkələrin sertifikatlaşdırılması təklifi doğru deyil




Son günlər Azərbaycanda internet messencerlər ("Viber”, "WhatsApp”, "Skype” və başqaları) və sosial şəbəkələrin fəaliyyətinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sertifikatlaşdırılması məsələsi gündəmə gəlib. Məsələ ilə bağlı mətbuatı məlumatlandıran Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun sözlərinə görə, artıq şirkətlərlə danışıqlar başlayıb və onların əksəriyyəti ölkənin tənzimləyici orqanının bu addımını müsbət qarşılayıb.

Bu təcrübənin bir sıra Avropa ölkələrində tətbiq edildiyini vurğulayan nazir qeyd edib ki, hər ölkə öz qanunlarına uyğun olaraq "Viber”, "WhatsApp”,”Skype” şirkətləri və sosial şəbəkələrin fəaliyyətini sertifikatlaşdırır: "Sözsüz, bu bir qədər ağır işdir. Çünki bunu bəzən hansısa məhdudiyyətlərlə qarışıq salırlar. Lakin bizdə heç bir məhdudiyyət yoxdur və olmayacaq. Bu şəbəkələr Azərbaycan, onun əhalisi haqda böyük informasiyaya malikdir. Odur ki, nazirlik də tənzimləyici orqan kimi Azərbaycan vətəndaşlarının onlayn hüquqlarını qorumalıdır”.

Nazir onu da əlavə edib ki, artıq "Viber”, "WhatsApp”, "Skype” şirkətləri və sosial şəbəkələrlə aparılan danışıqlar müsbət nəticə verib. Sözügedən şirkətlər artıq Azərbaycanın qanunlarını öyrənməyə başlayıb.

Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sözügedən addımına nə dərəcədə ehtiyac olub-olmadığına gəldikdə isə media hüququ üzrə ekspert Ələsgər Məmmədli konkret olaraq deyib ki, Azərbaycanda internet messencerlər və sosial şəbəkələrin fəaliyyətinin sertifikatlaşdırılmasına heç bir ehtiyac yoxdur: "Biz öz adımıza hesab açarkən fərdi məlumatlarımızın ancaq ictimai hissəsini veririk. Həmin məlumatların qorunmasının isə heç bir zəruriliyi yoxdur. Sosial şəbəkələr və internet messencerlər qeydiyyat zamanı şəxsi bilgilər istəmirlər. Bu günə qədər ölkəmizdə mövcud olan saxta profillər də buna sübutdur. Hər "facebook” və ya "tvitter” istifadəçisi, həqiqətən adına profil açılan şəxs, onun mühafizə etdiyi informasiya onun fərdi informasiyasıdır demək doğru yanaşma deyil. Əgər ortada qorunması zəruri olan informasiyalar yoxdursa, internet messencerlər və sosial şəbəkələrin fəaliyyətini sertifikatlaşdırması nəyə lazımdır?”

Ekspertin sözlərinə görə, internet messencerlər və sosial şəbəkələrin fəaliyyətinin sertifikatlaşdırılması dedikdə onlar hansı ölkədə domen alıbsa, həmin ölkənin də qanunvericiliyinə uyğun şəkildə sertifikatlaşdırılıb, fəaliyyət göstərirlər: "Necə ki, Azərbaycan Amerikada fəaliyyət göstərən bir otelə lisenziya verə bilməz, biz ancaq öz sənədimizi təqdim etməklə oradakı otellərdə dincələ bilərik. O cümlədən də biz Amerikadakı bir şəbəkəni sertifikatlaşdıra bilmərik. Çünki həmin şəbəkələrin istifadə yeri Azərbaycan yox, fəaliyyətə başladıqları ölkələrdir. Azərbaycan sadəcə həmin şəbəkələrə qoşula bilər. Yəni ki, Amerika və ya Rusiyaya aid olan hansısa bir sosial şəbəkənin Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən sertifikatlaşdırılması nə hüquqi baxımdan mümkün, nə də ciddi bir zərurətdir”.

Ə.Məmmədlinin sözlərinə görə, burada nazirliyin əsas qayğısı internet messencerlər və sosial şəbəkələrdən iqtisadi baxımdan vətəndaşların ucuz və ya pulsuz istifadə etməsidir ki, bundan dolayı Azərbaycanda mövcud provayder və operatorların ciddi gəlir itkisi var: "Nazirlik də bu sertifikatlaşdırma məsələsi ilə sözügedən itkiləri kompensasiya etmək fikrindədir. Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Viber”, "WhatsApp”, "Skype” və başqa şəbəkələri Azərbaycandakı fəaliyyətlərini sertifikatlaşdırmağa dəvət edir. Onlar da bundan imtina etdiyi təqdirdə Azərbaycan vətəndaşlarının həmin şəbəkələrə çıxışını əngəlləmək və beləliklə də vətəndaşları bahalı mobil operatorlar və Aztelecomun xidmətindən istifadəyə yönəltməkdir”.

Şəymən