Arvad döyən ərlərin işləri zor olacaq

Türkiyədə ağıllı başlar fikirləşib çıxış yolu tapıb



Türkiyənin Antalya şəhərində ər arvadını döyəcəyi təqdirdə əmək haqqı almaq hüququnu itirəcək. Bu barədə Antalyanın Muratpaşa bələdiyyəsinin üzvləri qərar verib. Bələdiyyə üzvləri qərara alıb ki, əgər arvad evdə həyat yoldaşı tərəfindən zorakılığa məruz qalarsa, əmək haqqının böyük hissəsi qadına ödəniləcək. Bununla bələdiyyə üzvləri son illər ailədaxili zorakılıqların sürətlə artmasına etiraz edir və cəmiyyətə müsbət mesaj verdiklərini düşünürlər.

Görəsən, türk kişisi pul itirməməyi arvad döyməkdən üstün hesab edəcəkmi? Yoxsa, arvad döymək "həzzini” pula qurban verməyəcək?

Məsələyə münasibət bildirən "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Şərq”ə açıqlamasında qeyd etdi ki, Türkiyədə bələdiyyənin belə bir qərar verməsinin əsasında bir neçə məsələ dayanır:

- Birincisi, məlumdur ki, qadınlar ailədə adətən iqtisadi zorakılıqla daha çox üzləşirlər. Və bir çox hallarda ailədaxili münaqişələr də məhz iqtisadi zorakılığa söykənir. Ər əmək haqqından ailəyə - konkret qadına sərf etmir, evi təmin etmir, qadının zəruri maddi ehtiyaclarını ödəmir və s. Heç bir yerdə çalışmayan, işləməyən, iqtisadi cəhətdən faktiki ərindən asılı vəziyyətdə olan qadın da belə vəziyyətdə ailədə qalıb-qalmamaq qərarı verə bilmir. Çünki ailədən ayrıldıqdan sonra nəylə dolanacağını bilmir. Belə vəziyyətdə çox zaman qadınlar ər tərəfindən döyülməyi də, hər cür zorakılığı da qəbul edir və evi tərk etmirlər. Edə bilmirlər. Türkiyədəki həmin o bələdiyyənin kişinin əmək haqqının qadına veriləcəyi qərarı məhz buna hesablanıb ki, qadın iqtisadi asılılıqdan yaxa qurtarsın və sərbəst qərar vermək imkanı əldə etsin. Bələdiyyənin bu qərarı qadınların qərar verməsini asanlaşdırır. İkincisi, biz görürük ki, Azərbaycanda da illərlə aliment almayan qadınlar, tənha analar var. Hətta məhkəmə qərarı olmasına baxmayaraq onlar aliment ala bilmir, çünki bunun üçün lazımi mexanizm hələ işlənməyib. Kişi heç bir yerdə işləmədiyini bildirir, ya da işlədiyini gizlədir və belə olduğu halda da aliment ödəməkdən yayınır. Amma bələdiyyənin həmin qərarı hətta aliment almayan qadınların da maddi vəziyyətinin nisbətən yüngülləşməsinə səbəb olacaq. Üçüncüsü, dövrümüzdə artıq təsdiqlənib ki,

iqtisadi cəzalandırmalar şüuru daha tez dəyişir, nəinki maarifləndirmə, mənəvi təzyiq, ailə başçıları ilə tərbiyəvi söhbətlər və sairə. İnsan iqtisadi cəhətdən itkiyə məruz qaldığı zaman daha real addımlar atır və daha düzgün qərarlar verir. Kimsə yanlış bir hərəkətə görə əmək haqqından müəyyən faiz itirirsə, bir daha o hərəkəti təkrarlamağa səy göstərmir. Hazırda iqtisadi durum elədir ki, heç kim pul itirmək istəmir. Bu baxımdan mümkündür ki, arvad döyən ərlər də, əmək haqları arvada nəsib olmasın, pullarını itirməsinlər deyə, arvadları döyməkdən əl çəksinlər.

M.Zeynalova bələdiyyənin belə bir qərar qəbul etməsində ağıllı başların böyük rol oynadığını bildirdi:

- Belə bir cəza metodunu fikirləşib tapan kimdirsə, ağıllı adamdır. Türkiyədə bələdiyyə sığınacaqları, danışma mərkəzləri fəaliyyət göstərir. Belə mərkəzlərdə mövcud durumun monitorinqi aparılır, vəziyyət təhlil edilir. Görünür, bu mərkəzlər tərəfindən ailələrdəki psixoloji və iqtisadi durum dərindən təhlil edilib, türk cəmiyyətinin, türk ailəsinin hazırkı halı öyrənilib və sonda belə bir qərara gəlinib. Vəziyyət təhlil edilmədən bu cür qərarlar verilməz. Mərkəzlərdə aparılan təhlillərin nəticəsi olaraq əmək haqqının kəsilməsinin fəsadları da ola bilər. Məsələn, kişi əmək haqqının qadına görə kəsildiyini bilib daha aqressiv də ola bilər. Zənnimcə, bələdiyyə danışma mərkəzlərinin təhlillərindən əldə edilmiş nəticələrə əsaslanaraq əmək haqqının kəsilməsi cəzasının tətbiqinə qərar verilib. Bələdiyyə bu addımın müsbət nəticə verəcəyinə inanır.

M.Zeynalova bu qərarın bələdiyyə üzvü olan kişilər tərəfindən qəbul olunmasını da cəmiyyət üçün müsbət mesaj hesab edir:

- Bu qərar həm də onu göstərir ki, kişilərin heç də hamısı zorakılıqdan yana deyil. Sadəcə, qadına şiddəti, zorakılığı törədən amillərin aradan qaldırılmasına çalışılmalıdır.

Məlahət Rzayeva