“700 bal toplayanları repetitorların qələbəsi kimi qiymətləndirmək doğru deyil”

Etibar Əliyev: “Biz heç zaman istedadı arxa plana keçirməməliyik, Azərbaycanda hər zaman istedadlı məzunlar olub”
Onların hər biri çalışqan və ən əsası qabiliyyətli uşaqlardılar. Öz üzərlərində çalışaraq və testin fəlsəfəsinə vararaq imtahanda özlərini doğruldurlar


Ali məktəblərə qəbul prosesi tamamilə başa çatıb. Universitetə qəbul olan abituriyentlərin qeydiyyatdan keçmə müddəti də dünən bitib. Odur ki, 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul prosesinin qiymətləndirilməsi, imtahan nəticələrinin səviyyəsi digər sual doğuran məsələlərlə bağlı fikirlərini öyrənmək üçün "21-ci əsr” Təhsil Mərkəzinin sədri, təhsil üzrə ekspert Etibar Əliyevlə əlaqə saxladıq. Ekspert "Şərq”ə müsahibəsində ötən illərdə olduğu kimi, bu il də qəbul imtahanlarının kifayət qədər şəffaf və obyektiv keçirildiyini deyib:

- Əslində uzun illərdir TQDK qəbul imtahanlarının ədalətli və düzgün keçirilməsi prinsipinə əməl edir. Hələ ki, bu istiqamətdə ciddi narahatlıq doğuran faktlar aşkarlanmayıb. Bütün hallarda isə TQDK öz işini başa çatdırıb. Bundan sonrakı məsuliyyət ali məktəblərin üzərinə düşür. Hesab edirəm ki, universitetlər özlərinin maddi-texniki bazalarına, professor-müəllim heyətinə fikir verməli və tələbələri oxutmağa çalışmalıdırlar. Qəbul imtahanı zamanı yüksək bal toplayan tələbə ali məktəbdə oxumayanda bir qrup şəxslər bunun günahını TQDK-nın düzgün qiymətləndirmə aparmamasında görür. Halbuki, bu, birbaşa ali təhsil ocağındakı mühitlə əlaqəlidir.Çox adam yüksək balla ali məktəbə daxil olan tələbənin istedadlı mütəxəssis kimi hazırlanması məsələsinə diqqət yetirmir. Halbuki, universitet TQDK imtahanında yüksək bal toplayan abituriyentlərin yüksək qiymətlərlə oxumasına çalışmalıdırlar.

- Qəbul imtahanları ilə bağlı insanlarda maraq doğuran əsas məqam hansılardır?

- TQDK-nın imtahanları şəffaf və obyektiv keçirməsinə heç bir şübhə olmadığından cəmiyyətdə maraq doğuran əsas məsələ qəbul imtahanları zamanı abituriyentlərin topladığı balların maksimum yuxarı və minimum aşağı həddidir. Bilirsiniz ki, builki imtahanlarda maksimum, yəni, 700 bal toplayan abituriyentlərin sayı ötən il keçirilən qəbul imtahanının nəticəsindən iki dəfə çoxdur. İlkin təhlillərə görə, ixtisas qrupları üzrə minimum nəticə göstərərək aşağı bal yığan abituriyentlərin də bilik səviyyəsində müəyyən qədər irəliləyiş hiss olunub. Təbii ki, test tapşırıqlarının formalaşdırılması və getdikcə təkmilləşdirilməsi orta məktəb təhsilindən asılıdır. Məktəbdə təhsilin keyfiyyəti yüksəldikcə, testlərin mürəkkəblik dərəcəsi də yüksəlməlidir. Amma orta məktəblərdəki bu dəyişiklikləri hələ ki, sıçrayışlı inkişaf hesab etmək olmaz. Bu artım özünü cüzi rəqəmlərlə büruzə verir. Lakin gələcəkdə təhsilin keyfiyyəti yüksəldikcə, TQDK-nın da qəbul imtahanlarını və test tapşırıqlarını daha da təkmilləşdirəcəyinə şübhə etmirəm. Hansı ki, son dövrlər keçirilən imtahanlarda açıq tipli sualların tətbiqi bu təkmilləşmənin bir nümunəsidir. Gələcəkdə isə abituriyentlərə esselərin yazdırılmasının nəzərdə tutulmasını məqsədəuyğun hesab edirəm.

- Bu il 15 abituriyentin maksimum nəticə göstərməsi cəmiyyətdə imtahan suallarının ötən illərə nisbətən daha asan salınması kimi iddiaların yayılmasına səbəb oldu. Siz necə düşünürsüz, suallar asan olub, ya abituriyentlərin bilik səviyyəsi yüksək olub?

- Mən ixtisas qrupları üzrə ekspertlərlə müəyyən qədər məsləhətləşmişəm. İmtahan suallarının asanlaşdırılmasını fənlər üzrə ekspertlərin heç biri etiraf etmədi. Test suallarında ciddi bir asanlaşdırma olmayıb. Əslində yayılan məlumatların sadəcə şayiə olduğunu düşünürəm. İmtahan suallarını asanlaşdırmaqda TQDK-nın nə məqsədi ola bilər? Zənnimcə, Dövlət Komissiyası qəbul imtahanlarının arxasında bu cür məqsədlər güdmür. Əgər builki imtahanda yüksək nəticə göstərən abituriyentlərin sayı ötənilki imtahanlardan çoxdursa, bu sualların asanlaşdırılması ilə düz-mütənasib olmamalıdır. Bu iddiada olanların məntiqi yanaşması absurddur. Bu il keçirilən qəbul imtahanlarında 15 abituriyentin 700 bal yığması çox güman ki, orta məktəb məzunlarının ali məktəblərə test üsulu ilə imtahan vermə təcrübəsinin çoxluğu ilə bağlıdır. Görünür, ildən-ilə uşaqlar test imtahanlarının fəlsəfəsinə daha mükəmməl şəkildə bələd olur və öz üzərlərində həddindən artıq çox işləyirlər. Digər tərəfdən də ilbəil fərdi istedadların ortaya çıxması kimisə təəccübləndirməməlidir. Azərbaycanda hər zaman istedadlı məzunlar olub. Onu da deyim ki, qəbul imtahanında abituriyentlərin 600-dən yuxarı və maksimum nəticə göstərməsinin məktəblərin və ya repetitorların qələbəsi kimi qiymətləndirilməsini doğru hesab etmirəm. Bəzən "Gördün, filankəs filan məktəbdə oxuyurdu, yaxud da filan müəllimin yanına gedirdi deyə 700 bal topladı” kimi fikirlərin şahidi oluruq. Halbuki, biz heç zaman istedadı arxa plana keçirməməliyik. Onların hər biri çalışqan və ən əsası qabiliyyətli uşaqlardılar. Öz üzərlərində çalışaraq və testin fəlsəfəsinə vararaq imtahanda özlərini doğruldurlar. Bu nə imtahan suallarının asanlaşdırılması, nə də onun oxuduğu məktəbin prestiji ilə bağlıdır.

- Ötən ildən fərqli olaraq, TQDK bu il ixtisas qrupları üzrə keçid balını 200-dən aşağı salmadı. Bu qərar hansı zərurətdən irəli gəldi?

- Düşünmürəm ki, bu qərarı yalnız TQDK verib. Çox güman ki, bu məsələ Təhsil Nazirliyi və Azərbaycan Respublikası yanında Təhsil Şurası ilə birgə məsləhətləşmə nəticəsində əldə olunan qərarın icrasıdır. Düzdür, bu il müvafiq qruplar üzrə keçidin 200 bal müəyyənləşdirilməsi nəticəsində bir çox dövlət və özəl ali məktəblərində qəbul yerləri dolmadı, ancaq istənilən halda bu qərarı pozitiv bir addım kimi dəyərləndirirəm. Çünki keçid balının 150-yə endirilməsi həddindən artıq savadsız kütlənin təhsilə cəlb olunması deməkdir. Bu cür uşaqların yeri ali məktəb ocaqları yox, texniki peşə məktəbləri və kolleclərdir. Təcrübə göstərir ki, 150 balla universitetə qəbul olanlar da sərbəst şəkildə universiteti bitirə bilirlər. Oxumadıqları halda belə onların ali məktəbdən xaric olunması mexanizmləri yoxdur. Bu və ya digər vasitələrlə 150 ballı tələbələr universiteti yüksək qiymətlərlə bitirə bilirlər. Hesab edirəm ki, keçid balını 250-yə yüksəltmək daha məqsədəuyğun olar ki, orta məktəbin yuxarı sinif şagirdləri özlərində məsuliyyət hiss etsinlər və bir az tərpənsinlər. Ötən illərdə birinci ixtisas qrupunda keçid balı 150 idi deyə bütün abituriyentlər həmin qrupa axışmışdı.

- Yəni onlar üçün əsas olan 150 balı toplamaq idi...

- Tamamilə doğrudur. İndiki abituriyentlərin məqsədi savadlı kadr kimi formalaşmaq yox, tələbə olmaqdır. 150 balla bu mümkün olduqda isə özlərinə əziyyət verib dərs oxumurlar. Hansı ki, bu yanaşma bizim dövlətin təhsil siyasəti üçün prioritet kimi qəbul olunmur.

Şəymən