Elektron xidmətlər şübhə toxumu səpir

Azərbaycanda boşanmaların əsas səbəblərindən biri xəyanətdir




Azərbaycanda ailə institutu tənəzzülə uğrayıb, boşanmalar az qala adi hal olub. Daim fəxrlə təqdim etdiyimiz Azərbaycan ailəsi bu gün ən aşağı göstəricilərlə, çətin durumuyla həyatda mücadilə edir.
Hər gün kiminsə ayrıldığını və ya boşandığını eşidirsən. İnsanlar birgə yaşamağı bacarmayanda, artıq əvvəlki kimi dözümlülük nümayiş etdirmir, birdəfəlik ayrılırlar. Halbuki, həmin ailələrin əksəriyyəti böyük sevgi üstündə qurulub. Onlar yaxşı və pis gündə daim biri-birlərinin yanında olacaqlarına and içiblər. Amma nədənsə, gəncikən deyilən sözlər, içilən andlar hamısı unudulur.
Bir anın içində bir vaxtlar xoşbəxtliyi ilə iftixar edən ailələr dağılır. Bütün bunların da bir səbəbi var: 
"Biri-birimizi başa düşə bilmədik”.

Qeyd edək ki, Azərbaycan ailələrinin sözün əsl mənasında kabusuna çevrilən boşanmalarla bağlı açıqlanan rəqəmlərdən heyrətlənməmək olmur... Dövlət Statistika Komitəsi 2015-ci ilin ilk yarısına dair nikahlarla bağlı statistikasına görə, 6 ay ərzində 6 mindən çox ailə dağılıb. Komitənin məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov bildirib ki, 2015-ci ilin birinci yarısında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkədə 38,6 min nikah və 6,4 min boşanma halları qeydə alınıb.

Onu da deyək ki, bir sıra hallarda boşanmaların kökündə dayanan əsas səbəb kimi isə ağır maddi həyat şəraiti göstərilsə də, ekspertlər kənar müdaxilələrin, güzəştə getməməyin də boşanma ilə nəticələndiyini vurğulayıb. Bəs, bir vaxtlar boşanmaları mental dəyərlərə sığışdırmayan əhalimiz nədən kütləvi şəkildə bu yolu seçir? Bu dönüşü olmayan yoldan onları necə döndürmək olar?

Hüquqşünas Müzəffər Baxış isə boşanmaların artmasına səbəb kimi ictimai münasibətlərin inkişaf etdiyini, ailə qurmağın adiləşdiyini göstərib: 

"Əvvəllər Azərbaycanda ailə çox önəmli bir institut idi. Konstitusiyanın 17-ci maddəsinə görə, ailə dövlətin xüsusi himayəsindədir və ailə cəmiyyətin əsas özəyidir. Azərbaycan ailələri çox mükəmməl olublar. Amma ictimai münasibətlərin inkişafı ilə əlaqədar olaraq təsadüfi nikahlar bağlanır. Azərbaycanda boşanmaların əsas səbəblərindən biri xəyanətdir. İnsanlar arasında xüsusi elektron əlaqələrin genişlənməsi elektron xidmətlərlə bağlı şübhələrin artmasına gətirib çıxarır. Əksər insanlar bunu qəbul etmirlər və belə halları aşkar edəndə hökmən boşanmaya gətirib çıxarır”.

Ekspertin sözlərinə görə, digər bir səbəb də sosial problemlərdir. Hüquqşünas hesab edir ki, ailə başçısı ailənin digər üzvünün təminatını lazımi qaydada həyata keçirmədikdə, xanımlar dözümsüzlük göstərirlər. Kişi normal vəsait evə gətirməyəndə xanımlar asan yollar axtarırlar ki, daha təmtəraqlı həyat sürsünlər. Digər xırda səbəblər də var: "Bir səbəb kimi xasiyyətlərin uyğun gəlmədiyini göstərirlər. Ancaq bunlar bəhanələrdir. Digər bir səbəb sonsuzluqdur. Son zamanlar sonsuzluğun sayının artması və bunun aradan qaldırılmasının qeyri-mümkünlüyü ailənin dağılmasına səbəb olur. Buna görə də Azərbaycan cəmiyyətində bağlanan nikahların 10-11 faizi rəsmi qaydada pozulur. Yəqin ki, qeyri-rəsmi qaydada 20 faizə yaxın nikahlar pozulur”.

Mən onu belə tanımırdım

Psixoloq Elnur Rüstəmov problemin səbəbləri və psixoloji aspektləri haqqında danışıb: "Ailələrin adaptasiya prosesini keçə bilmədikləri üçün boşanmağa qərar verdiklərini bildirən psixoloq digər səbəblərdən də söz açıb. Onun sözlərinə görə, əsas səbəblərdən biri tərəflərin biri-birini yetəri qədər tanımaması və ya tanıtmaq istəməməsi ilə bağlıdır: "Tanışlıq ərəfəsində cütlüklər özlərinin daha çox müsbət tərəflərini göstərməyə çalışırlar. Biri-biri ilə tam səmimi ola bilmirlər və nəticədə ailə qurduqdan sonra problemlər yaranır. Sonra da deyirlər ki, mən onu belə tanımırdım, mən onun bu xüsusiyyətlərini bilmirdim, mən bilmirdim onun ailəsində bu kimi problemlər var və s. Halbuki, bunları zamanında çox rahat həll etmək olardı”.

Psixoloq boşanma hallarına ailələrin müdaxilələrinin də böyük təsir göstərdiyini qeyd edib: "Klassik bir problem olsa da, qayınana-gəlin münasibəti burada çox önəmlidir. İstər qız, istər oğlan tərəfin ailələrindən olan müdaxilələr də boşanmalara gətirib çıxarır. Bəzən səbəbsiz qısqanclıqlar da buna səbəb olur”.

Boşanma hallarının azalması və qarşısının alınması məsələsinə gəldikdə isə E.Rüstəmov psixoloqa müraciət etməyi məsləhət görür. Onun fikrincə, bu məsələyə peşəkarların cəlb olunması çox yaxşı nəticələr verə bilər. Çünki bəzən boşanan tərəflər zaman keçdikcə təəssüf hissi keçirir və qərar verərkən tələsdiyini düşünür. Lakin iş-işdən keçmiş olur. E.Rüstəmovun sözlərinə görə, ailə qurmamışdan öncə cütlük psixoloji müayinədən keçsə, daha yaxşı olar: "Tərəflər öncədən biri-birlərini yaxşı tanısalar, ailə qurduqdan sonra da bu cür hallarla rastlaşdıqda dözümlü davranacaqlar”.

Şəymən