Siyavuş Əlizadə: “Kolleksiyalarımın içində ən qədim pul əskinazı alban dövlətinə məxsusdur”

Bədir Məmmədzadə adlı meyxanaçı olub. “Bəri bax” onun qafiyəsi olub. Sonradan Üzeyir Hacıbəyov bu qafiyəni tamamlayaraq mahnı şəklində hazırlayıb






- Neçə ildi bu işlə məşğulsunuz?

- Artıq 16 ildir kolleksiya yığıram. İlk kolleksiyam isə əskinazlar olub. Yəni pulları yığmağa başlamışam. Maraq da ordan yaranıb.

- Kolleksiyanda olan ən qədim pul əskinazı neçənci əsrə aiddir?

- Çox qədim əskinazlarım var. Onların içində ən qədim pul əskinazı alban dövlətinə məxsus əskinazdı. Gümüşdən olan sikkələrdi. Kağızlardan olan pul əskinazları arasında isə təxminən 9 əsrə aid pullar var ki, qiymətli sayılırlar.

- Kolleksiyaların sırasında hazırda neçə növ kolleksiya var?

- 15 növ kolleksiyam var. Onların arasında markalar, pul əskinazları, orden medallar, tətbiqi sənət növlərinə aid nümunələr, eyni zamanda rəsm əsərləri (qrafika və rəngkarlıq), qədim fallar və digər qədim əşyaları mənim kolleksiyamda görmək mümkündü.

- Bəs bu gün qədim əşyalara maraq nə qədərdi?

- Hər zaman qədim əşyalara maraq olub. Burada önəmli məqam onların təqdimatı ilə bağlıdı. İnsanlara o qədim əşyaları hansı şəkildə təqdim edirsən? Bu önəmlidir. Təqdimatdan çox şey asılıdır. İnsanlar var ki, evində qədim əşya var. Onun üçün bu o qədər önəmli deyil, insan da var ki, bir qədim əşyası var, əntiq əşyadı, onu az qala bütün dünyaya göstərməyə çalışır ki, mən belə bir qiymətli qədim əşyaya sahibəm. Amma maraq var. Eksponatlara olan maraq son illər çoxalıb. Mənim özümdə kifayət qədər qədim eksponatlar var ki, bu əşyalar unikallığı ilə seçilir və mən də onları insanlara təqdim edərkən bunu yüksək səviyyədə təqdim etməyə çalışıram.

- Qədim əşyaların qorunub saxlanması da o qədər asan deyil.

- Təbii ki, eksponatlar özlərinə qarşı diqqət tələb edirlər. Fikrimcə, eksponatların qorunması onları yığıb toplamaqdan daha çətindi. Hər birinə fərdi yanaşmaq, hər birinə vaxt ayırmaq, səbr nümayiş etdirmək lazımdı. Enyi zamanda mənəvi tərəfi ilə yanaşı, eksponatlar, qədim əşyaların qorunması maddiyat da tələb edir. Onların təmizlənməsi, qulluğu üçün müəyyən vəsait xərclənir. Həm də eksponatların qorunmasında məkan məsələsi də önəmli faktordu. Mənə hədiyyə də verilir. Amma bunları olduğu kimi qoruyub saxlamaq əsas məsələlərdən biridi.

- Eksponatların qorunmasında məkan faktorunun önəmindən danışdın. Bildiyim qədər muzey açmaq niyyətin var...

- Bəli. Muzey açmaq ən böyük arzumdu. Artıq yer almışam. O torpaq sahəsində muzey tikmək müəyyən vəsait tələb edir. Əsas yerdi, yerim var, bir də eksponatın zəngin olması vacibdi. Mənim muzey üçün kifayət qədər eksponatım var. İndi məkanın hazır olması və orada eksponatlar üçün müəyyən şüşə qurğuların və digər məqamların həll olunması lazımdı. Muzeydə eksponatları qorumaq, onları geniş şəkildə təqdim etmək daha rahat olar. İnşallah ki, muzey açmaq arzum qısa zamanda reallaşacaq.

- Sənət aləmi, müğənnilərimizlə bağlı da kolleksiyaların var?

- Bəli, qədim mahnılarla bağlı maraqlı sənədlərim, musiqi vallarım var ki, bunlar inanın ki, demək olar, bu gün heç kimdə yoxdur. "Bəri bax” mahnısı ilə bağlı məndə maraqlı sənədlər var ki, bu sənədlərdə mahnının müəllifi haqqında bilgi var. Bədir Məmmədzadə adlı meyxanaçı olub. "Bəri bax” onun qafiyəsi olub. Sonradan Üzeyir Hacıbəyov bu qafiyəni tamamlayaraq mahnı şəklində hazırlayıb. Mahnının yaranma tarixi təxminən ötən əsrin 43-cü ilinə təsadüf edir. Hətta qədim rəqslərimizlə bağlı da arxiv materiallarım var.

Tahirə