Dövlət qurumlarında yeni ixtisarlar gözlənilir




Neftin qiymətinin aşağı düşməsi Azərbaycan hökumətini müxtəlif anti-böhran xarakterli gedişlər etmək məcburiyyətində qoyub. Bunun nəticəsi olaraq, oxşar qurumların, paralel fəaliyyət göstərən müəssisələrin və hətta nazirliklərin belə, birləşdirilməsi məsələsi yenidən müzakirə obyektinə çevrilib.

Birləşdirilmələr prosesini ekspertlər iqtisadi islahatlar adlandırırlar ki, bu da dövlət büdcə üçün sərfəli, ancaq əhali üçün isə bir o qədər də uyğun olmayan addım hesab olunur.

Belə ki, birləşdirmələr baş tutarsa, bəzi qurum və ya müəssisələr bağlanacaq ki, nəticə olaraq işsizlərin sayı artacaq.

Bu məsələ ilə bağlı musavat.com-a millət vəkili Fazil Mustafa danışıb. F.Mustafa bildirib ki, bəhs edilən mövzu müxtəlif dövrlərdə, fərqli formada müzakirə obyektinə çevrilib: "İndiyə qədər bir neçə dəfə səsləndirilib ki, bir-birinə oxşar müəssisələrin, nazirliklərin, idarə və komitələrin birləşdirilməsi məsləhətlidir. Bunun isə hansı konteksdə edilməsi çox önəmlidir. İqtisadi islahatlar xarakterli bir fəaliyyətin tərkib hissəsi olaraq, qurumları birləşdirilməsi və ya ləğvinə normal yanaşılmalı idi. Ancaq indiki şərtlərdə belə bir zərurət, çox da hiss olunmur. Daha çox şəxsi mənada, kiminsə rəhbərlik etdiyi idarə və ya müəssisənin bağlanılmasına üstünlük verilməsi, eyni məsələyə başqa məzmunda şərh verməyə imkan yaradır. Bu baxımdan, yalnız islahat xarakterli müəyyən addımların atılacağını proqnozlaşdırmaq olarsa, o zaman bunu müsbət dəyərləndirmək olar”.
F.Mustafa bildirib ki, birləşdirmələr həm də böhranla əlaqədardır: "Burada həm də böhranın təsiri var. Dövlət büdcəsində pul çox olduğu zaman əksər müəssisə və ya qurumlar maddi vəsaitlə təmin oluna bilirdi. Pul azaldıqda isə bunu etmək mümkün olmur. Nəticədə birləşdirilmə və ya ləğvetmə işləri aparılır”.
Millət vəkilinin sözlərinə görə, qurumlar birləşdirildiyi təqdirdə, əhalinin sosial durumunda da dəyişiklik olacaq: "Birləşdirmələr nəticəsində müəyyən ixtisarlar da mümkündür. Və bu da ölkədə işsizliyin artmasına səbəb olacaq. Qarşıda bizi belə bir çətinliklər gözləyir”.