“Hər dəfə seçkiyə qatılanda seçiləcəyimi düşünürəm”

Araz Əlizadə: “Hansısa təşkilat “seçkini boykot edirəm” deyib, prosesə qatılmırsa, deməli, onun ayrı məqsədləri var”




Azərbaycanda bu ilin payızında baş tutacaq növbəti parlament seçkilərinə sayılı günlər qalıb. Demək olar ki, hakim Yeni Azərbaycan Partiyası (YAP) öz seçki siyahısını açıqladıqdan sonra, ölkənin siyasi həyatında böyük canlanma var. Digər siyasi təşkilatlar da biri-birinin ardınca seçkiyə qatılacaqlarına dair bəyanatlar verir.

Belə ki, ötən günlərdə Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deputatlığa namizədliyini irəli sürüb. Məlumata görə, təşkilat sədri 35 saylı Xətai üçüncü seçki dairəsindən deputatlığa namizəd olacaq. A.Əlizadə onu əlavə edib ki, ASDP-dən ondan başqa daha 3 nəfərin də namizədliyinin irəli sürülməsi qərarlaşdırılıb. Bunu nəzərə alıb, ASDP-nin seçkilərə hazırlığı və gözləntiləri barədə A.Əlizadənin fikirlərini öyrəndik. O, "Şərq”ə müsahibəsində bildirdi ki, hazırda imzatoplama işləri ilə məşğuldurlar: "Əlbəttə, hər seçkiyə gedəndə seçiləcəyimi düşünürəm. Siyasi partiya ona görə yaranıb ki, önəmli proseslərdə iştirak etsin. Hansısa təşkilat "seçkini boykot edirəm” deyib, prosesə qatılmırsa, deməli, onun ayrı məqsədləri var. Bizim yolumuz seçki yoludur. Ona görə bütün seçkilərdə iştirak edirik. Çalışacağıq ki, nəticə əldə edək. Uğur qazandıq-qazanmadıq, seçkiyə qatılacağıq. Əsas odur ki, xalq arasına çıxıb, sakinlərlə görüşlər keçirəcəyik”.

- Yanılmıramsa, ötən parlament seçkilərinin birində siz də seçkini boykot etmişdiniz. Səbəb nə idi?

- Düzdü, bir dəfə yanlışa yol verib boykota getdik. 24 partiya boykot qərarı verdi. Sonra isə hamısı qərarından döndü. Bir biz sözümüzə sadiq qaldıq. Biz də sonradan anladıq ki, seçkiyə qatılmamaqla çox şey itirdik. Ona görə də qərara aldıq ki, bundan sonra bütün seçkilərdə iştirak edəcəyik və marafona təkbaşına gedəcəyik.

- Hazırda boykot qərarı verən siyasi qurumların addımını necə dəyərləndirirsiniz?

- Seçki boykot edən partiyalar qeyri-konstitusional yolla mübarizə aparırlar. Əslində, hakimiyyət uğrunda mübarizənin yeganə konstitusional yolu seçkilərdir.

- Son zamanlar iddialar dolaşır ki, parlamentdə gənc təmsilçilərin sayı daha çox olmalıdır. Bu doğru yanaşmadırmı?

- Belə çıxır siz mənə təklif edirsiniz ki, seçkilərə getməyim, yaşım artıq çoxdur.

- Xeyr. Elə düşünmürəm. Sadəcə bir çoxlarınnı fikri belədir, ona görə söylədim. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda qarşıdan gələn parlament seçkilərini müşahidə etməyəcəyini açıqlayıb. Sizcə, bunun əsas səbəbi nədir?

- Həmin büro böyük ölkələrin əlində dəyənəkdi. Onlara tabe olmayan ölkələrin başına vururlar. Lakin ən çox insan haqları pozulan ölkələr Avropa ölkələri və ABŞ-dır.

Ayyət Əhməd