Moskva vəziyyəti nəzarətə alır

Azərbaycan, Türkiyə, Rusiya prezidentlərinin görüşündə Qarabağla bağlı ciddi razılaşma ola bilər
“Putinlə budəfəki görüşdə məsələnin bütün nüansları müzakirə olunacaq və görüş 7 rayonun qaytarılmasının kuliminasiya nöqtəsini təşkil edəcək”


Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 23-də Moskvaya səfər edəcək. Rusiya mətbuatının yaydığı məlumata görə, Prezident Qurban bayramına bir gün qalmış Moskvada, Sülh prospektindəki yeni Cümə məscidinin açılış mərasiminə qatılacaq. Mərasimdə Rusiya Prezidenti Vladimir Putin, həmçinin, Azərbaycan, Türkiyə, İran, Yaxın Şərq və Orta Asiya ölkələrinin dövlət başçıları da iştirak edəcəklər.

Bəzi ekspertlərə görə, Putin müsəlman dünyasının ən önəmli dövlətlərinin başçılarını Moskvaya dəvət eləməklə Rusiyanın təklənmədiyini göstərməyə və Qərbə güc nümayiş etdirməyə çalışır. Ancaq əksəriyyət hesab edir ki, görüşlər ən çox üç ölkənin - Azərbaycan, Türkiyə və Rusiya prezidentlərinin bir araya gəlməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki şimal qonşumuzun məhz bu iki türk dövləti ilə əlaqələri hazırda ən çox aktuallıq kəsb edən həssas məsələdir. Xüsusən, Putin və İlham Əliyev görüşündə son günlər ciddi müzakirə olunan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı konkret nəticələr əldə olunacağı da iddia olunur. Şübhə yox ki, hansısa pozitiv irəliləyiş münaqişənin həll perspektivinə müsbət təsir göstərə bilər.

Azərbaycan, Türkiyə və Rusiya Prezidentlərinin baş tutması ehtimal edilən üçlü və ikili görüşlərindən danışan sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, tərəflər arasında ciddi razılaşma əldə oluna bilər: "Dağlıq Qarabağ probleminin həllinə, xüsusi ilə ətraf 7 rayonun qaytarılmasına dair danışıqlar demək olar ki, sona çatmaqdadır. Bir çox nüanslar formalaşdırılıb. Sadəcə, Qarabağa sülhməramlı qüvvələr adı altında rus qoşunlarının yeridilməsi məsələsində Azərbaycan tərəfi etiraz mövqeyindədir. Putinlə budəfəki görüşdə məsələnin bütün nüansları müzakirə olunacaq və görüş 7 rayonun qaytarılmasının kuliminasiya nöqtəsini təşkil edəcək. Bilirsiz ki, indiyə qədər bir neçə dəfə xarici işlər nazirləri görüşüblər. Hazırda ekspert səviyyəsində danışıqlar prosesi davam edir. Doğrudur, Ermənistan tərəfi hələ də özünü sındırılmamış kimi aparmağa çalışır. Amma təbii ki, Rusiyanın bu məsələdə tutduğu rol həlledici olacaq. İndi Rusiya Qərb qarşısında və öz ictimaiyyəti önündə rezonanslar etmək istəyir. Bu rezonanslar içində Azərbaycanı öz tərəfinə çəkmək, rəsmi Bakını Avrasiya İqtisadi Birliyinə və Gömrük İttifaqına qəbul etdirməyə çalışmaq həlledici rol oynayır”.

Politoloqun fikrincə, Azərbaycan yaranmış əlverişli şəraitdən istifadə edərək işğal olunmuş torpaqlarının böyük bir qismini azad etmək niyyətindədir: "Əgər torpaqlar müharibəsiz, itkisiz alınarsa, bu, Azərbaycanın ciddi uğuru olar. Düzdür, Avrasiya Birliyinə qoşulmaq suverenliyimiz üçün müəyyən təhlükələr yaradır, ancaq bu, müvəqqəti haldır. Çünki Avrasiya Birliyi və Gömrük İttifaqı Putinin hakimiyyətdə qaldığı müddət ərzində mövcud olacaq. Ona görə də Azərbaycanın bu siyasi manevri ölkəmizin xeyrinədir”. Q.Hüseynlinin sözlərinə görə,

Putin-Ərdoğan görüşündə Dağlıq Qarabağ problemi də müzakirə mövzusu olacaq. Həmçinin, "türk axını” layihəsi tərəflərin əsas müzakirə predmetinə çevriləcək.

İsmayıl