Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi yaxşılaşıb

“Tərəflər tezliklə status-kvonu dəyişəcək plan hazırlayırlar”



"Stratfor” Araşdırmalar Mərkəzi Dağlıq Qarabağ münaqişəsinə dair növbəti təhlil dərc edib. Yazıda vurğulanır ki, münaqişənin trayektoriyası həmişə üç oyunçudan asılı olub: "Ermənistan, Azərbaycan və Rusiyadan. Hər üçünün də fərli mövqeyi var. Ermənistan 1988-1994-cü illərdən qalib çıxıb, Azərbaycanın ərazisini işğal edib. Yerevan Dağlıq Qarabağ və yeddi ətraf rayonu de-fakto nəzarətdə saxlamaq istəyir. Azərbaycan isə diplomatik, hətta hərbi yolla Dağlıq Qarabağı özünə qaytarmağa çalışır. Rusiya isə münaqişənin nəticəsində birbaşa marağı olmadığı üçün özünün Ermənistan və Azərbaycanda, eləcə də Qafqaz regionunda maraqlarını irəlilətmək naminə manipulyasiya ilə məşğul olub. Məqalədə o da vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyi yaxşılaşıb, Ermənistan və Rusiyanınkı isə zəifləyib: "Bu dəyişikliklər son aylar diplomatik fəaliyyətin görünməmiş səviyyədə güclənməsi ilə müşayiət olunub. Rusiya və Azərbaycanın, eləcə də Ermənistanın siyasi və hərbi rəsmiləri bir neçə dəfə görüşüblər. Rusiyanın Azərbaycanda hərbi radar qurğusu tikəcəyi barədə məlumatlar yayılsa da, Moskva onları təkzib edib. Ermənistan və Azərbaycan mediası ciddi danışıqların getdiyini yazıb. Bütün bu təsdiqlənməmiş məlumatlar belə deməyə əsas verir ki, tərəflər tezliklə status-kvonu dəyişəcək plan hazırlayırlar”.

"Stratfor”un təhlilini şərh edən politoloq Natiq Miri "Şərq”ə söyləyib ki, bu mərkəz konkret məlumatlara əsasən araşdırma yazır və onu ictimailəşdirir: "Eyni zamanda həmin qurumun ABŞ-ın "qara qutu”su olduğu da sirr deyil. Konkret informasiya olmasa, "Stratfor” yazmazdı. Onu da nəzərə almaq lazımdır ki, bu mərkəzdən əvvəl də ATƏT-in Minsk Qrupundakı amerikalı həmsədri Ceyms Uorlik öz narahatlığını bildirmişdi. Qeyd etmişdi ki, artıq Dağlıq Qarabağ cəbhəsində silahlar avtomat və pulemyotdan raketlərə qədər inkşaf edib. O, dolayısı ilə mövcud vəziyyəti tənqid etmişdi. Əslində C.Uorlik bununla Rusiyaya mesaj vermişdi ki, ABŞ və digər həmsədr dövlətlərin başı üstündən sövdələşmələr aparmasın. Çünki bu sövdələşmələrdə digər həmsədr ölkələrin də iştirakı vacibdir”.

Ekspert Pentaqon rəsmisinin ölkəmizə səfərindən də danışıb: "O da öz narahatlığını bildirdi. Azərbaycanı müəyyən mənada ABŞ-ın xəbərdarlıqları ilə tanış etdi. Nümayəndəyə rus qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsinə dair səsləndirilən ehtimalları şayiə və siyasi alver adlandırdı. Buna çox sərt reaksiya verməklə ABŞ-ın siyasi mövqeyini ortaya qoydu. Ona görə də düşünürəm ki, belə danışıqlar və siyasi bazarlıqlar mövcuddur. Amma indidən bunun konkret olaraq nəylə nəticələnəcəyini demək çox çətindir”.

N.Mirinin qənaətincə, Dağlıq Qarabağ münaqişəsində müsbət nəticələrin əldə olunması üçün Moskvanın Bakıdan istəkləri var: "Bu istəklər Azərbaycanın yenidən Rusiya orbitinə qayıtması ilə bağlıdır. Dağlıq Qarabağ ətrafı bir neçə rayonun qaytarılmasından söhbət gedirsə, Rusiya bunun əvəzində rus qoşunlarının Dağlıq Qarabağda yerləşdirilməsini istəyir. Buna isə heç bir halda imkan vermək olmaz. Fikir verin, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sammitində Serj Sarkisyan təklif edib ki, Ermənistanın sülhməramlı briqadasının bazasında KTMT-nin təlim mərkəzi yaradılsın. Təbii ki, bu, Sarkisyanın ağıl məhsulu ola biləcək bir təklif deyil. Aydın olur ki, bir müddət öncə Sarkisyanın Moskvaya çağırılması fonunda Rusiya Prezidenti Vladimir Putinin direktivləri əsasında hazırlanmış təklifdir. Həmin təklif region dövlətləri üçün qıcıq yaradacaq faktordur. Çünki KTMT-nin sülhməramlı qoşunları adı altında Qarabağa rus qoşunları yeridilir. Həmin təşkilatın nüvəsini rus qoşunları təşkil edir. Zənnimcə, Azərbaycan hakimiyyəti buna razılıq verməli deyil. Çünki Dağlıq Qarabağ və onun ətrafında rus qoşunları yerləşdiriləcəksə, həmin ərazilər o qoşunu yerləşdirən ölkənin olacaq”.

Ayyət Əhməd