Namizədlərin dairələrini dəyişməsi situasiyadan asılıdır

“Baxıb, görür ki, bir dəfə seçildiyi dairədən namizədlik verənlərin içərisində ictimai rəydə tanınan, nüfuzlu namizəd var”




Azərbaycanda növbəti dəfə keçiriləcək parlament seçkilərinə az müddət qalıb. Artıq deputatlığa namizədliklərini Dairə Seçki Komissiyalarında (DSK) təsdiqlədən namizədlər imzatoplama kampaniyalarına başlayıblar və ciddi-cəhdlə növbəti seçkilərdə qalib olmağa çalışırlar.

Hazırda Milli Məclisdə təmsil olunan millət vəkillərinin bir çoxu yenidən namizəd olublar, amma onların bir qismi seçkilərə hazırda deputat olduqları bölgədən və ya dairədən deyil, başqa dairədən qatılıblar. Uzun müddət bir dairədən seçilərək orada tanınıblar, seçicilərlə işləyiblər. Bu gün isə yeni dairə, yeni insanlar və yeni iş prinsipi ortaya çıxır. Maraqlıdır, bəzi parlamentarilərin əvvəlki dairələrini dəyişməsinin səbəbi nədir?

Sualımıza aydınlıq gətirən tarix elmi üzrə fəlsəfə doktoru, Azərbaycanda Vətəndaş Cəmiyyətinə Yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı "Şərq”ə bildirib ki, bu, qeyri-adi qarşılanmalı deyil. Çünki qanun belə addımlara qadağa qoymur: "Tutaq ki, hansısa namizəd əvvəl bir dairədən seçilib, indi başqa bir dairədən namizədlik verirsə, bu, çox normal haldır. Onların addımını isə müxtəlif səbəblərlə izah etmək olar. Bu, opponentləri ilə də əlaqədar ola bilər. Yəni baxıb, görür ki, bir dəfə seçildiyi dairədən namizədlik verənlərin içərisində ictimai rəydə tanınan, nüfuzlu namizəd var. Ona görə dairəni dəyişir. Ola bilsin ki, həmin deputat o dairədən yüksək göstərici əldə edə bilməyəcəyindən ehtiyat edir. Əsas odur ki, millət vəkili seçicilərin etimadını doğrultsun. Dairəni dəyişmək qanunsuz davranış deyil”.

Ayyət Əhməd