“Martirosyan əvvəldən məhz Azərbaycana gəlmək istəyirdi”

Novella Cəfəroğlu: “Əgər istəsəydi, hansısa Avropa ölkəsini seçə, orada siyasi sığınacaq ala bilərdi. Ancaq özü də vurğuladı ki, Azərbaycanı seçməkdə məqsədi var”
“Martirosyanın həyat yoldaşı da “Milli Azadlıq Hərəkatı”nın üzvüdür. Eyni zamanda tanınmış ssenaristdir, sənədli filmlər çəkir”



Ermənistan "Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyanın ailəsi ilə birlikdə Azərbaycana sığınması günlərdir müzakirə olunan mühüm məsələlərdəndir. Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə dözməyərək "düşmən” hesab etdiyi ölkədən siyasi sığınacaq istəyən Martirosyan haqqında hər gün cürbəcür iddialar gündəmə gəlməkdədir.

İddialara görə, erməni ailəsi əvvəlcə Gürcüstandan sığınacaq istəyib, amma rəsmi Tbilisi buna icazə vermədiyindən Martirosyan həyat yoldaşı və azyaşlı uşağı ilə birlikdə Azərbaycana gəlməyə qərar verib. Bəziləri isə hesab edir ki, erməni müxalifətçi Azərbaycana xüsusi missiya ilə göndərilib. Onlara görə, sığınmaq üçün yüzlərlə ölkə varkən erməni QHT-çinin məhz Azərbaycanı seçməsi ciddi düşünməyə əsas verir. Bütün bunlara baxmayaraq, Martirosyanın Azərbaycana sığınması və Ermənistan barədə söylədikləri təcavüzkar ölkənin bir daha ifşa olunmasına şərait yaradır. Ancaq istənilən halda düşmən dövlətin vətəndaşının Azərbaycanda olması ictimaiyyət tərəfindən heç də xoş qarşılanmayıb. Onu da qeyd edək ki, Martirosyanın ölkəni tərk etməsinin ardınca Ermənistan hökuməti onu axtarışa verib. Erməni müxalifətçi oğurluqda və digər cinayət əməllərində ittiham olunub. Xatırladaq ki, Vaan Martirosyanın Azərbaycana gəlişi tanınmış hüquq müdafiəçisi Novella Cəfəroğlunun təşəbbüsü ilə həyata keçirilib. Belə ki, Gürcüstandan gələn müraciəti millət vəkili Azay Quliyevlə müzakirə edən N.Cəfəroğlu erməni müxalifətçinin Azərbaycana gəlişini təmin edib. 
Elə bu səbəbdən də Martirosyan ətrafında cərəyan edən söz-söhbətlə bağlı Novella Cəfəroğlunun fikirlərini öyrəndik. Bu barədə "Şərq”in suallarını cavablandıran hüquq müdafiəçisi erməni QHT-çi ilə bağlı yayılan iddiaların əsassız olduğunu dedi...

- Novella xanım, erməni tərəfi iddia edir ki, Martirosyan cinayət törədib, oğurluq edib, ona görə də ölkədən qaçıb. Sizcə, bu iddia həqiqəti əks etdirirmi?

- Tamamilə yalan və uydurmadır. Martirosyan Ermənistanda olan haqsızlıqlara qarşı çıxıb və buna görə də ölkəsində hakim dairələr tərəfindən dözülməz təzyiqə, təhqirə məruz qalıb. Axı o, Azərbaycanda dediklərini eyni formada öz ölkəsində də deyib. Elə bu səbəbdən də cürbəcür ittihamlarla onu susdurmaq istəyiblər, oğru adlandırıblar. Deyilənlərin hamısı Sarkisyan-Koçaryan rejiminin Martirosyana qarşı iftirasıdır. Martirosyan o qədər dəqiq məlumatlar verdi ki, Ermənistan hökuməti bunu həzm edə bilmədi. Başqa nə olmalı idi ki? Erməni tərəfindən bundan artıq nə gözləmək olar?

- İddia edilir ki, Martirosyan siyasi sığınacaq üçün Gürcüstana müraciət edibmiş, amma Gürcüstan xüsusi xidmət orqanları onu Azərbaycana satıblar. Buna münasibətiniz necədir?

- Elə şey olmayıb. Martirosyan əvvəldən məhz Azərbaycana gəlmək istəyirdi. Əlbəttə, əgər istəsəydi, hansısa Avropa ölkəsini seçə, orada siyasi sığınacaq ala bilərdi. Ancaq özü də vurğuladı ki, Azərbaycanı seçməkdə məqsədi var. O hesab edir ki, Azərbaycan onun dediklərinin hamısını dəqiq və olduğu kimi verəcək.

- Martirosyanın planlı şəkildə öyrədilərək Azərbaycana göndərildiyi də iddia edilir. Bununla bağlı nə deyə bilərsiz?

- Vallah, mən hüquq müdafiəçisiyəm. Həmin adamdan ərizə gəlib, mən də ərizəni hüquqi orqanlara vermişəm. Prosesdə rolum bundan ibarətdir. Şübhə etmirəm ki, dövlət qurumlarımız o adamı və ailəsini dəqiq yoxladıqdan, araşdırdıqdan sonra ölkəyə gəlməsinə icazə veriblər. Əks halda, tərəddüd etdikləri bir şəxsi Azərbaycana buraxmazdılar. Mən bu işdə sadəcə vasitəçiyəm. Məktubu alıb, Azay müəllimə vermişəm (millət vəkili Azay Quliyevi nəzərdə tutur). O da hökumət idarələri ilə bu işi həll edib. Şəxsən mən Martirosyanın öyrədilmiş adam olduğuna inanmıram. Lap olsun öyrədilmiş adam. Axı o burda gəlib Ermənistanın iç üzünü açır, təcavüzkar ölkəni, cinayətkar Sarkisyan rejimini rüsvay edir. Burda bizim üçün pis nə var ki? Bilirsiz, son günlər Avropa ölkələri Azərbaycana təzyiq edir, min cür böhtan atırlar. Erməni müxalifətçinin dedikləri isə göstərdi ki, Avropanın təsəvvür etdiyi ölkə Azərbaycan deyil, məhz işğalçı Ermənistandır. Onun dedikləri Avropaya bir mesajdır.

- Martirosyan ailəsi Azərbaycanda uzun müddət qalmaq istəyirmi, yoxsa qısa vaxtdan sonra başqa ölkəyə getməyi düşünürlər?

- Vallah, bununla bağlı söhbət etməmişəm onlarla. Əgər Martirosyanın belə bir niyyəti varsa, yəqin ki, yaxın günlərdə açıqlayacaq. O zaman sizinlə paylaşaram. Ola bilər ki, üçüncü ölkəyə getmək haqqında düşünsünlər.

- Axı hər hansı üçüncü ölkədə onların erməni kəşfiyyatının əlinə keçmə riski var...

- Əlbəttə, belə bir təhlükə var. Düşünürəm ki, elə ona görə də Martirosyan Azərbaycanı seçib. Çünki onlar üçün ən təhlükəsiz yer buradır.

- Martirosyanın yoldaşı ilə danışmısızmı?

- Bəli, Karina Martirosyanla danışmışam. Mənə necə vəhşicəsinə döyüldüyünü və uşaq saldığını dedi. Bilirsiz də, o qadın hamilə olub, döyüləndən sonra bətnində uşağı ölüb. Elə bu hadisədən sonra Azərbaycana gəlməyi, daha doğrusu, Ermənistandan çıxmağı qərara alıblar. Görüblər ki, artıq orada yaşamaq olmur.

- Erməni xanımın hansısa siyasi-ictimai fəaliyyəti varmı?

- Bəli, Martirosyanın həyat yoldaşı da "Milli Azadlıq Hərəkatı”nın üzvüdür. Eyni zamanda tanınmış ssenaristdir, sənədli filmlər çəkir. Martirosyanın özü isə siyasətçi olmaqla yanaşı, həm də rəssamdır.

- Bəs uşağın neçə yaşı var? Əgər Azərbaycanda qalası olsalar, uşağı məktəbə qoyacaqlarmı?

- Yox, uşaq hələ azyaşlıdır. Onun 3 yaşı var. Yəni məktəb problemləri yoxdur.

- Azərbaycana daha 50 erməni ailəsinin gələcəyi ilə bağlı da açıqlama vermisiniz. Bu məlumatı haradan əldə etmisiniz?

- Bu barədə mənə Vaan Martirosyan deyib. O bildirib ki, Ermənistanda yaşayan ziyalı insanların çoxu məhz Azərbaycana gəlmək istəyirlər. Məqsədləri isə Azərbaycan vasitəsi ilə Ermənistandakı acınacaqlı durumu dünya ictimaiyyətinə çatdırmaqdır.

- İstənilən halda erməni ailələrin Azərbaycana sığınması ölkə ictimaiyyəti tərəfindən etirazla qarşılanır. Sizcə, ermənilərin Azərbaycana gəlişinə etiraz edənlər nə qədər haqlıdır?

- Yenə deyirəm, mən hüquq müdafiəçisiyəm. Kim mənə müraciət eləsə, bir insan kimi onun ərizəsinə baxmaq məcburiyyətindəyəm. Gündə o qədər ölkədən müraciətlər gəlir ki. Məsələn, İrandan, Əfqanıstandan, Rusiyadan və s. Mən də həmin müraciətləri hökumətə çatdırıram. Qərarı isə onlar verir. Etiraz edənlər mənə də kəskin fikirlər söyləyirlər. Amma fikirləşirəm ki, məhz hüquq müdafiəçisi kimi bizə üz tutanları geri çevirməməliyik. Əlbəttə, başa düşürəm, erməninin Azərbaycana gəlməsi normal qarşılana bilməz. Ancaq biz bu addımlarla ölkəmizin nə qədər tolerant olduğunu dünyaya nümayiş etdiririk. Hətta düşmənimizi belə qəbul etmək böyüklüyünü göstəririk. Ermənistanda bir nəfər azərbaycanlı tapa bilməzsiz. Düşmən ölkə etnik bir dövlətə çevrilib. Amma Azərbaycanda 30 min erməni qadını yaşayır. Onlar azərbaycanlılarla evləniblər və heç bir hüquqları da pozulmur. Bunu başa düşməyənlərə dəfələrlə izah edirəm ki, biz bundan 
öz xeyrimizə istifadə etməliyik. Müharibəni biz başlamamaşıq. Həmin oğlanın Azərbaycana gəlməyi bir daha göstərdi ki, savaşın səbəbkarı işğalçı Ermənistandır.

İsmayıl