“Boykot qərarı vermək hələ çox tezdir”

Əli Əliyev: “Namizədlərə yaradılan maneələri mərkəzləşdirilmiş siyasət hesab etmirik”



"Azadlıq-2015” seçki blokunun qarşıdan gələn parlament seçkilərini boykot edəcəyi gözlənilir. Bununla bağlı, siyasi blokun toplantısı da keçirilib. Bloka daxil olan Azadlıq Partiyasının sədri Əhməd Oruc açıqlamasında deyib ki, ölkədə seçkidə iştirak etmək üçün lazımi mühit yoxdur.

O bildirib ki, regionlarda "Azadlıq-2015” seçki blokunun üzvlərinə problemlər yaradılır. Partiya rəhbəri bəyan edib ki, bu cür şərtlər altında parlament seçkilərinə getmək məqsədəuyğun deyil. Əhməd Oruc onu da əlavə edib ki, "Azadlıq-2015” blokunda seçki ilə bağlı fikir ayrılıqları mövcuddur: "Ümumilikdə götürdükdə, hamının eyni fikirdə olduğunu demək olar. Lakin ayrı-ayrı çalarlara görə, fikir ayrılıqları var. Əgər belə olmasaydı, ötən gün keçirilən toplantıda yekun qərar verə bilərdik”.

"Azadlıq-2015” blokunun seçkini boykot edib-etməyəcəyi ilə bağlı "Şərq”ə danışan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev boykot haqqında yekun fikir söyləməyin çox tez olduğunu deyib. Sədrin sözlərinə görə, indiki mərhələdə seçkini boykot etməkdən daha çox, müvafiq qurumlara müraciətlər edilməsi düşünülür: "Hələlik namizədlərimiz sənəd təhvili mərhələsindədir. Onların bir qismi imza toplamaqla, bəziləri isə doldurulan imza vərəqələrini komissiyalara təhvil verməklə məşğuldurlar. Fikrimcə, hazırkı mərhələdə boykot qərarı gözlənilmir. İndi blok daha çox mübarizə aparmaq, namizədlərin qeydə alınmasına nail olmaq və onların təbliğatını qurmaq üçün çalışır. Blok olaraq toplandıq və qərara aldıq ki, partiyalar ayrı-ayrılıqda məsələni müzakirə etsinlər, daha sonra yenidən bir araya gələrək yekun qərarlar verək”.

Ə.Əliyev bildirib ki, namizədlərə yaradılan maneələri mərkəzləşdirilmiş siyasət hesab etmirik. Amma görünən odur ki, hansısa güclü namizədlər və onların təsir göstərdikləri icra qurumları blokun namizədlərinə müxtəlif formada problemlər yaradır: "Bu problemlər dairələrdə sənəd qəbulundan başlayır və bürokratik süründürməçiliklə davam edir. Hətta bəzi şəxslər tərəfindən bizim namizədlər təhdid edilir. Namizədlərimizi satın almaq istəyənlər də olur”.

İsmayıl