Baş redaktor dairəni hələ müəyyənləşdirməyib

“Mən özümü göstərmək üçün yox, konkret seçilmək üçün marafona qatılmaq istəyirəm”



Parlament seçkisinə namizədliyini verəcəyini açıqlayan tanınmış jurnalistlərdən biri də "Modern.az” saytının baş redaktoru, Parlament Jurnalistlər Birliyinin rəhbəri Elşad Eyvazlıdır. Amma sayt rəhbəri hələlik namizəd olacağı dairəni müəyyən etməyib.

Bu barədə E.Eyvazlının özü "Şərq”ə məlumat verib. PJB sədri deyib ki, iki-üç günə dairəni seçəcək və seçki hazırlıqlarına başlayacaq: "Çalışacam ki, seçilmək şansımın yüksək olduğu dairədən namizədliyimi irəli sürüm. Ancaq hələlik qəti qərarımı verməmişəm. Yaxın günlərdə hər şey dəqiqləşəcək”. E.Eyvazlı bildirib ki, seçki çox ciddi məsələdir. Əgər kimsə seçkiyə qatılırsa, şanslarını yaxşı dəyərləndirməlidir: "Mən özümü göstərmək üçün yox, konkret seçilmək üçün marafona qatılmaq istəyirəm. Ona görə də əvvəlcə ciddi götür-qoy etmək, imkanları, resursları ölçmək lazımdır”.

Baş redaktor "jurnalistlər deputat olmamalıdır” fikrinə də münasibət bildirib: "Mən bu fikrin tam əleyhinəyəm. Çünki jurnalistlər cəmiyyətin güzgüsüdür. Təcrübə də göstərir ki, jurnalist deputatlar digər peşə sahibi millət vəkilləri ilə müqayisədə daha obyektiv olurlar və məsələlərə çevik münasibət bildirirlər. O baxımdan arzu edərdim ki, parlamentdə jurnalistlərimizin sayı daha çox olsun”.

İsmayıl