“Əyalətçi, səviyyəsiz qalmaqallar mənlik deyil”

Qismət: “Tələbata qalsa, gərək siz müsahibəni məndən yox, meyxanaçı Pərviz Bülbülədən götürəydiniz”




"Esselər kitabım artıq çapdadır. Qışa indiyəcən çap olunmuş və heç yerdə çap olunmamış şeirlərdən ibarət seçmə şeirlərimi çap etdirmək istəyirəm. Üç kitab tərcümə etmişəm, həsrətlə onların çap olunmağını gözləyirəm. Sizə deyim ki, mən yazmaq qədər, yaxşı mütaliəni də yaradıcılıq hesab edirəm və bu mənada əlimin altında oxunmağı gözləyən bənzərsiz kitablar var”.

Bu sözləri "Şərq”ə müsahibəsində Azərbaycan Yaradıcılıq Fondunun aparat rəhbəri, şair, esseist Qismət Rüstəmov deyib.

- Mətbuatda çox az hallarda görünür, açıqlamalar verirsiniz. Bunun xüsusi bir səbəbi var, ya işləriniz çox olur?

- Mətbuatda görünmək dediyiniz özünə aid olmayan bütün mövzularda açıqlamalar vermək, qalmaqal yaratmaqdırsa, bəli, az görünürəm. Bilirsiniz, mən artıq düşünməyə başlamışam gələcəyi kitab olmayan, yəni kitab çap etdirəndə çıxardıb kənara atacağın yazını yazmamaq lazımdır. Hər şey hansısa konsepsiyanın, sistemin bir hissəsi olmalıdır. Cari, kor-təbii heç nə mənlik deyil, bacardıqca, bundan qaçmağa çalışıram. Bu mənada, əgər siz mənim yazdığım cari olmayan yazıların, tərcümələrin kütləsinə baxsanız, görəcəksiniz ki, əslində, mətbuatda heç də az görünmürəm.

- Ümumiyyətlə, yazarlar, şairlər ictimaiyyətin göz önündə olmalı, yoxsa sadəcə bir kənara çəkilib yaradıcılıqla məşğul olmalıdır?

- Göz önündə olmaq istəyi çox təbii, insani istəkdir. Etiraf edək, əgər yazdığını çapa verirsənsə, bunun içində artıq görünmək, seçilmək, fərqlənmək istəyi var. Amma bu istək daha çox yaradıcılığın başlanğıc dövrünə xasdır, içində tərəqqi baş verən hər adam əvvəl-axır başa düşür ki, belə şeylər ikinci dərəcəlidir.

- Qismət bəy, bizim cəmiyyətdə belə bir yanaşma var ki, şair ya çox sevməli, ya da çox nifrət etməlidir. Sizcə də, doğrudan belədir?

- Bu, ziddiyyətdi və öz ömrünü çoxdan başa vurmuş düşüncədir. Hər şeyi əksliklərlə izah etmək: gecə-gündüz, yaxşı-pis və s. Başqa cür desək, Nyuton fizikası. Dünya isə artıq çoxdandır ki, nisbilik, qeyri-səlis məntiqə gəlib çıxıb. Mənim dünya görüşüm bu düşüncədən kənardı, mənim üçün sevgiylə nifrət biri-birinin qarşısında yox, biri-birinin içindədir.

- Maraqlıdır, Qisməti şair edən səbəb bunlardan hansıdır?

- Dediyim kimi, bu məsələdə ikisindən birini seçməyi düzgün hesab etmirəm. Əgər soruşursunuzsa ki, necə şair olmuşam, bilmirəm. Buna kiminsə dəqiq cavab verə biləcəyini düşünmürəm. Dəqiq bilmirəm, amma ilk dəfə şeir oxuyub sehirlənməyimi dumanlı şəkildə xatırlayıram və fikrimcə, o vaxt mənə sehrli gələn şey deyəsən, həyatdan fərqli olaraq şeirdə hər şeyin çox rahat şəkildə yan-yana gələ bilməsi idi, üstəlik, bu birgəlik çox qəribə şəkildə ahəngdar idi. Bəlkə də yanılıram.

- İlk dəfə qələminizi hansı janrda sınamısınız? Yadınızda qalıbsa, ilk şeirinizdən bir bənd deyərdiniz?

- Sualın birinci hissəsində deyirsiniz ki, hansı janrda yazmısınız? İkinci hissəsində isə şeir bəndi istəyirsiniz, məncə, ikinci hissəni birinci düşünmüsünüz. Düz bilirsiniz, şeir idi, 5-ci, ya da 6-cı sinifdə oxuyurdum. Şeir təbii ki, yadımda deyil.

- Çox şairlər deyir ki, ilk şeirlərimi, hekayələrimi cırıb atmışam. Heç kəsə oxutmamışam. Sizdə belə bir kompleks olub?

- Mən nəinki oxutmuşam, ilk şeirlərimi çap da etdirmişəm, indiyəcən əzbər bilənlər də var. Sonradan o şeirlərdən imtina eləmişəm, amma o şeirlər bu gün də zaman-zaman rastıma çıxır. Bumeranq effekti deyək.

- Bu günə qədər neçə kitabınız çap olunub. Və ən çox ürəyinizə yatanı hansıdır?

- Tələbəlik illərindəki kitabı da hesaba qatsaq, bu günə qədər üç kitabım çap olunub. Amma mənə görə, cəmi bir kitabım çap olunub - "Meqapolis hüznləri”.

- Mətbuatdan uzaqsınız. Bəs yazar dostlarla ünsiyyətiniz necədir? Adi həmkar münasibətləri, yoxsa yaxın dostlarınız var? Hansının yaradıcılığına və istedadına daha çox inanırsınız?

- Bir də deyirəm, məncə, mən mətbuatda kifayət qədər görünürəm, sadəcə provinsial, əyalətçi, səviyyəsiz skandallar mənlik deyil deyə, sizə elə gəlir ki, gündəmdə yoxam. Dostum azdır və onlarla ünsiyyətim əladır. Nə dostluğa, nə də istedada etibarnamə yazmazlar.

- Kitab dükanı: İlahi, nə çoxdur adamsızlıq? Bu misra sizə aiddir. Bəlkə elə cavabını da siz verəsiniz?

- Bu, "Böyük şəhərin haykuları” adlı silsilədəndir. Misranın axırında sual yox, sual-nida var. Bu, cavab tələb edən misra deyil, təəssüfün heyrət tonunda deyilməsidir.

- Zaman-zaman müəlliflər ilə kitab mağazaları arasında narazılıqlar, qalmaqallar yaşanır. Bir çox həmkarlarınız cavab verdi, kampaniyalara qoşuldu. Sizin mövqeyiniz necədir, kitabların mağazaların depolarında qalması kimin günahıdır?

- Mən buna çoxdan cavab vermişəm. Bu barədə yazı da yazmışam, həmkarlarımı müdafiə də etmişəm. O polemika kitabların depolarda qalması ilə bağlı yox, konkret kitab dükanının konkret müəllifin kitabını qəbul etməməsi və bunu əsaslandıra bilməməsi ilə bağlı idi.

- Oxucu tələbatı olmayan kitabları mağaza rəhbərləri alıb vitrinə qoymalıdırmı?

- Tələbata qalsa, onda gərək mağazalardan Borxesi, Kortasarı, Ekonu, Pinçonu yandıraq getsin. Tələbata qalsa, gərək ancaq detektiv kitablar satılsın. Tələbata qalsa, gərək siz müsahibəni məndən yox, meyxanaçı Pərviz Bülbülədən götürəydiniz.

- Yəqin ki, siz də xəbərsiz deyilsiniz, bu yaxınlarda gənc yazarlardan biri hər kəs tərəfindən sevilən və qəbul edilən, hətta böyük şair adlandırdığımız müəlliflərin yaradıcılığını "heç”ə endirdi. Bəxtiyar Vahabzadədə poeziya yoxdur, Əhməd Cavad məzmunsuz yazır, Mikayıl Müşfiqi nakam öldüyü üçün sevirik, ələsən Sabir Rüstəmxanlının 3-5 salamat şeiri çıxmaz. Siz də belə düşünürsünüz?

- Bütün fikirlərin səslənmək haqqı var. Bundan rəncidə olmaq lazım deyil. Amma açığını deyim, bu fikirlərdə mənim üçün polemik heç nə yoxdur, çünki bunlar yalnız epotajdır. Bu fikirlər əsassızdır, boşdur, ona görə yox ki, adları çəkilən sənətkarlar tənqid olunmazdır, ona görə ki, eyni yanaşmanın tərsi də absurddur. Elə-belə deyilən "Müşfiq böyük şairdir” fikri ilə, elə-belə deyilən "şair deyil” fikri eyni şeydir.

- Qarşıdan parlament seçkiləri gəlir. Zamanla Milli Məclisdə xalqı təmsil edən şair, yazıçılarımız olub. Bu gün də parlament üzvü olan yazarlarımız var. Sizin planlarınız arasında millət vəkili statusuna sahiblənmək varmı?

- Xeyr, hələ ki, belə bir arzum yoxdur.

- Səhv etmirəmsə, Azərbaycan Yaradıcılıq Fondunda aparat rəhbərisiniz. Fondda işlər necə gedir?

- Azərbaycan Yaradıcılıq Fondu yeni heyətlə öz fəaliyyət dairəsini genişləndirir və biz də bu istiqamətdə bütün gücümüzlə işə başlamışıq. Görülən işlər, yaxın perspektiv üçün planlar çoxdur. Məsələn, kitab və jurnal çapına başlamışıq. Bu yaxınlarda dörd gənc yazarın - Ömər Xəyyamın, İkinci Mahmudun, Alikin və Fəridə Məmmədovanın kitabları çapdan çıxacaq. Bundan başqa, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə həyata keçirdiyimiz "Quran motivləri əsasında hekayə yarışması” bitib, nəticələr bəllidi, yaxın günlərdə açıqlanacaq. Müsabiqəyə göndərilən hekayələrdən ibarət antologiya artıq çapdadır. Sonra Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirdiyimiz "Qafqaz Albaniyasına səyahət” layihəsi çərçivəsində də ekskursiyalarımız başlayıb, bu istiqamətdə də bir toplu çapa hazırlanır. "Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi” ilə birgə "Kitabi-Dədə Qorqud” dastanının dünyada tanıdılmasının 200 illiyi ilə bağlı ölkə başçısının imzaladığı fərmana əsasən, dastanın və 1815-ci alman şərqşünası Fridrix von Ditsin dastana yazdığı müqəddimənin 26 dilə tərcüməsi də artıq bitib. Kitablar üzərində iş gedir. Görüləsi işlər çoxdur, bunlar hələ çox az hissəsidir.

Şəymən