Surət qatarında hələ gecikmələr olacaq

Ancaq and-aman edirlər ki, Bakı- Sumqayıt qatarı Siyəzənə gedib çıxmayıb



Sosial şəbəkələrdə Bakı-Sumqayıt sürət qatarı ilə bağlı qəribə əhvalat yer alıb. Oxuculardan biri bu qatarda başına gələn əhvalatı "Facebook”da yazaraq paylaşıb: "Bu gün başıma gələnləri sizlərə danışmaq istəyirəm. Demək bu gün (19.09.2015) saat 17:30-da Dəmir Yolu Vağzalına gəldim ki, ilk dəfə 40 dəqiqəyə Sumqayıta getməli olan yeni sürət qatarına minim.

Vağzala çatanda məlum oldu ki, 18:25-ə getməli olan qatarı təxirə salıblar və ancaq 19:25-də olana minə bilərəm. Artıq gəldiyim üçün geri qayıtmadım, avtomatdan biletimi aldım. Onu deyim ki, biletlər yer ilə deyil. Yəni qatara minmək bir vaxtlar "20 Yanvar”da Sumqayıt mikroavtobuslarına minməyə oxşayır. Hamı biri-birini itələyir yer tutmaq üçün. Hətta ayaq üstə gedənlər və pilləkənlərdə oturanlar var idi (sovet vaxtının "elektriçka”larında olduğu kimi). Və başladım gözləməyə. Saat yetişdi və qatar tam 19:25-də hərəkət etdi. Amma yolda bizim təcrübəli maşinistimiz relsləri səhv saldı və gedib çıxdıq Siyəzənə. Siyəzəndə maşinist düşüb ətrafdakı evlərdən gəldiyi yerin hara olduğunu öyrəndikdən sonra başladıq geri getməyə. Beləliklə, 40 dəqiqəyə gəlməli olan qatar tam 2 saata gəldi. Bələdçiləri qatarda sadəcə ortada gəzmələri üçün qoyublar. Heç bir şeydən xəbərləri yoxdur.
Bu arada bu son minişim idi Bakı-Siyəzən, üzr istəyirəm, Bakı-Sumqayıt qatarına”.

Qeyd edək ki, Bakı-Sumqayıt qatarının gecikmə ilə işləməsindən narazılıqlar var. Qatarın xidmətlərindən istifadə edənlər qatardakı basabasdan narazılıq edirlər.

Məsələyə aydınlıq gətirmək üçün BAKU.WS saytı Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin Daşımaları Departamentinin rəis müavini Mədət Şıxəmirovla əlaqə saxladıq. Qurum rəsmisi bildirib ki, deyilənlərin hamısı şayiədir. Onun sözlərinə görə, Bakı-Sumqayıt qatarı Siyəzənə getməyib.

"Yalandan ağızlarına gələni yazırlar. Belə bir şey olmayıb və ola da bilməz”, - deyə Mədət Şıxəmirov bildirib.

Qurum rəsmisi qatarın hərəkət qrafikində gecikmələrə də aydınlıq gətirib. O bildirib ki, dəmiryolunda aparılan təmir və yenidənqurma işlərilə əlaqədar 5-10 dəqiqə gecikmələr olur: "Hazırda həmin istiqamətdə təmir işləri aparılır. Buna görə də, bir müddət qatarların hərəkətində gecikmələr olması mümkündür. Lakin təmir işləri yekunlaşdıqdan sonra qatarların hərəkətində heç bir problem olmayacaq”.

Azərbaycan Dəmir Yolları QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov da "Şərq”ə açıqlamasında Bakı-Sumqayıt sürət qatarının Siyəzənə gedib çıxmasını qeyri-mümkün adlandırdı:

- Bu "əhvalatı” yazan kimdirsə, dəmir yolunu bilməyən adamdır. Dəmir yolunda bütün qatarların hərəkəti hərəkətçilər - dispetçerlər tərəfindən tənzimlənir. Dispetçer məntəqəsində əyləşənlər var, relslərdə oxları onlar hərəkət etdirir, hər bir qatarın hərəkət istiqamətini tənzimləyir. Əgər qatar səhv relsə keçərsə, dispetçer dərhal bunu bildirir. Qatarın maşinisti dispetçerə tabedir. Qatarlar yalnız tərtib edilmiş cədvəl üzrə hərəkət edir. Bakı-Sumqayıt qatarının Siyəzənə getməsi mümkün deyil.

N.Əzməmmədov sürət qatarının biletlərində sərnişin yerlərinin nömrələnməməsini isə bu şəkildə izah etdi:

- Bakı-Sumqayıt sürət qatarında biznes-klassa satılan biletlərdə yerlər nömrələnir. Ekonom-klassda isə biletlərdə oturacaq yerlərinin nömrələri göstərilmir. Hələ ki, belə planlaşdırılıb, biznes-klassda yerlərin nömrələnməsi var, ekonom-klassda yox. Gələcəkdə, ola bilsin, dəyişiklik edildi.

Məlahət Rzayeva