Yol qəzaları: Evimizi yıxan insan amilidir

Sürücülərə güllələnmə təyin etməli deyilik ki?




Son günlər ölkəmizdə baş verən ağır yol qəzalarının ardı-arası kəsilmir. Az qala hər gün qəzet və sayt manşetlərinə dəhşətli avtomobil qəzaları ilə bağlı xəbərlər daşınır. Məsələn, ötən günlərdə Bakı-Sumqayıt yolunda yaşanan və kütləvi ölümlə nəticələnən faciəvi qəzanın ardınca, dünən də Qazax-Gürcüstan magistral yolunun 285-ci kilometrliyində dəhşətli yol nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, Şəmkir rayon sakini Rasim Həsənovun idarə etdiyi "KamAZ” markalı yük maşını Salyan rayon sakini Elnur Babayevin idarə etdiyi "BYD” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik maşınında olan sərnişinlər - Coşqun Babayev, Şamil Babayev və Ramin Babayev aldıqları xəsarətdən dünyalarını dəyişiblər. Sürücü isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, ölənlərin bir ailənin üzvü olduqları bildirilir. Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır. Şübhəsiz ki, sıravi vətəndaşlarla yanaşı, parlamentariləri də narahat edən bu məsələ dəfələrlə Milli Məclisdə qaldırılıb. Belə hadisələrin qarşısının alınması yönündə çox ciddi proqramlar hazırlanaraq, qəbul edilib. Sürücülərin məsuliyyətsizliyi və qeyri-peşəkarlığına dair qanundakı boşluqlar doldurulub. Bir sözlə, sözügedən sahə ilə bağlı qanun sərtləşdirilib. Buna rəğmən yenə də heç bir irəliləyiş müşahidə olunmur. Əksinə, yollardakı qəzaların sayı getdikcə artır. Maraqlıdır, görəsən, belə ağır yol nəqliyyat hadisələrinin sayını aradan qaldırmaq üçün hansı addımlar atılmalıdır?

Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə deyib ki, bütün hallarda qəzaya səbəb olan intizamsızlıqdır: 

"Evimizi yıxan insan amilidir. Sürücülərin məsuliyyətsizliyi və təhlükəsizliyə dair təfəkkürlərinin zəif olması inanılmaz faciələrə yol açır. Sürücülərin təfəkkürünü dəyişmək lazımdır. Yalnız sürücü deyil, yol tikən və yola nəzarət edən də intizamsızlıq edir. Kompleks intizamsızlıq mövcuddur. Yol qaydasında tikilmir. Maneə olan yollara nişan qoyulmur. Sürücülərdə də məsuliyyət hissi yoxdur. Sükan arxasında oturub, ayağını qaza sıxıb, gedir. Heç kəsi nəzərə almır. Belə qəzaların kökü təfəkkürümüzlə bağlıdır. Bu təfəkkürü dəyişməliyik. Maariflənməliyik”.

Ekspertin sözlərinə görə, sürücülərlə bağlı çıxarılan qərarlar kifayət qədər sərtdir: "Məsələn, son hadisədə 3 adam dünyasını dəyişib. Yəni həmin sürücüyə 9 ildən artıq cəza verilə bilər. Bundan artıq nə cəzası kəsmək olar? Güllələnmə müəyyən etməli deyilik ki?! Hüquq pozuntusunun qarşısını almaq üçün kompleks yanaşmalar olmalıdır. İnsan təfəkkürü dəyişməlidir”.

Ayyət Əhməd