Jurnalistikanın inkişafı həm də mətbuat xidmətlərindən asılıdır

Ancaq bu sahədə durğunluq var, KİV-lər suallarına cavab ala bilmirlər




Jurnalist üçün xəbər hər şeydən önəmlidir. Ölkədə və dünyada baş verən hadisələri, önəmli xəbərləri operativ şəkildə oxuculara çatdırmaq borcumuz olsa da, hərdən informasiya əldə edərkən çətinliklərlə üzləşirik. Jurnalistlər bu problemi daha çox dövlət qurumlarının mətbuat xidmətləri ilə yaşayırlar.

Təbii ki, jurnalistlərin dəqiq informasiya üçün müraciət etdikləri əsas ünvan müxtəlif dövlət qurumlarının mətbuat xidmətləridir. Bu mənada dövlət orqanlarının mətbuat xidmətlərinin də yaxşı işləməsi jurnalistlər üçün çox önəmlidir. Mətbuat xidmətlərinin fəaliyyətində operativlik olarsa, bu, təbii ki, ən çox KİV əməkdaşlarının işinə yarayar. Elə onların işi də mətbuat nümayəndələrinin sorğularını cavablandırmaq, onlarla əlaqə qurmaqdır. Təəssüf ki, Azərbaycanda bir sıra dövlət qurumlarının mətbuat xidmətləri cəmiyyətlə əlaqələrdə maraqlı deyil və buna görə jurnalistlər üçün qapalı sayılır. Yəni dövlət qurumlarında birbaşa mətbuat nümayəndələri ilə sıx əlaqələrin yaradılması üçün yaradılan mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları jurnalistlərlə yaxın olmaq əvəzinə, onların telefon zənglərinə cavab vermir, suallarına ümumilikdə bir neçə cümlə ilə cavab verir, yaxud da ümumiyyətlə cavab vermir.

Belə ki, orqanların mətbuat xidmətlərinin işləməməsi və yaxud işləyirmiş kimi görünərək jurnalistləri "başdan etməsi” heç kimə sirr deyil. Jurnalist məlumat əldə edir, əldə etdiyi məlumatı dəqiqləşdirmək üçün təbii ki, sözügedən qurumun mətbuat xidmətinə müraciət edir. Cavabında telefonlar ya sönülü olur, sönülü olmasa da, cavab verən olmur, bəziləri isə "sualınızı "e-mail”imizə göndərin, rəsmi cavab verək” deyir. Elektron poçta suallar yazılıb göndərilir və iş saatının sonuna kimi gözü poçt ünvanında qalır. Cavab isə bir neçə günə gəlir, ancaq vaxtında verilməyən cavab kimə və nəyə lazımdır? Aidiyyəti qurumdan cavab ala bilməyən jurnalist də əlində olan məlumatı ya risk edib yayır, ya da hazırladığı materialın üzünə baxa-baxa qalır, hansı ki, məlumat cəmiyyət üçün çox lazımlıdır və onu vaxtında vermək lazımdır.

Ölkədə elə idarə və təşkilatlar da var ki, rəhbərini tapmaq mümkündür, mətbuat xidmətinin əməkdaşını tapmaq isə mümkün deyil.

Bəzi mətbuat xidmətləri isə press-reliz yaymaqla işlərini bitmiş hesab edirlər. Media ilə işləmək, jurnalistləri maraqlandıran suallara cavab vermək isə onlarlıq deyil. Bunun nəticəsidir ki, jurnalistlər hər hansı bir məlumatı dəqiqləşdirmək üçün alternativ mənbələrə çıxmaq və qeyri-rəsmi informasiyanı yaymaq məcburiyyətində qalırlar. Qeyd edək ki, mətbuatla işləməyən dövlət qurumu dedikdə ilk öncə hər bir jurnalistin ağlına Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov gəldi.

Ekspert rəyi və jurnalist həmkarlarımızın münasibətlərinə keçməzdən əvvəl mətbuat nümayəndələrindən qaçan, onlarla işləməyən mətbuat qurumlarının əməkdaşlarına "Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunundan çıxarışı təqdim edirik:

Maddə 8. Kütləvi

informasiya vasitələrinin məlumat almaq hüququ

Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. Dövlət orqanları, bələdiyyələr, idarə, müəssisə və təşkilatlar, ictimai birliklər, siyasi partiyalar, vəzifəli şəxslər öz fəaliyyətləri haqqında məlumatı kütləvi informasiya vasitəsinin sorğusu əsasında, habelə mətbuat konfransları keçirmək yolu ilə, yaxud başqa formalarda verirlər. İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər. Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir. Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai 
birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.

Mətbuat xidmətlərinin fəaliyyətinə, daha dəqiq desək, fəaliyyətsizliyinə münasibət bildirən media eksperti Zeynal Məmmədlinin sözlərinə görə, məlumat əldə etmək barədə mətbuat xidmətlərinin fəaliyyət prinsipləri qanunla tənzimlənib: "Jurnalistlərin məlumat almaları üçün mətbuat xidmətləri onlar üçün əlçatan olmalıdır. Azərbaycan reallığında biz bunu görmürük. Özəlliklə Mətbuat Şurası, Milli Teleradio Şurası və bundan əlavə digər jurnalist təşkilatları mətbuat xidmətləri ilə bağlı dövlətə müraciət edib bu problemi həll etməlidir. Bu məsələlər qanunla tənzimlənib, əgər o qurumların mətbuat xidmətləri jurnalistləri və insanları informasiya ilə təmin etmirsə, buna görə məsuliyyət də nəzərdə tutulur. Ən effektli yol, məhkəmə yolu, bir də jurnalistlərin etiraz piketləridir. İşləməyən mətbuat xidmətlərinə bir yandan məhkəmə yolu ilə basqı etmək, digər yandan da onların fəaliyyətsizliyi haqda ictimaiyyəti məlumatlandırmaq lazımdır. Məsələnin mahiyyətinə görə, təcili cavab verilməli olan suallar və ya maksimum 1 həftə müddətində cavab verilməli olan məlumatlar var. Jurnalist qurumları bu halları ictimaiyyətə "dövlət orqanlarının mətbuat xidmətlərinin fəaliyyətsizliyinə görə biz sizi dolğun məlumatlandıra bilmirik” kimi çatdırmalıdırlar”.

"Yenilik.az” saytının baş redaktoru Xanlar Xoca da hesab edir ki, mətbuat xidmətlərinin jurnalistlərin suallarını cavablandırmaması bütün mətbuatın yaralı yeridir: "İş burasındadır ki, ölkənin güc nazirlikləri mümkün olan bütün məlumatları verir, münasibət bildirir, nə vaxt lazım olsa onları tapmaq olur. Amma hansısa 10-cu, 15-ci dərəcəli bir qurumun mətbuat xidmətini il uzunu gündüz çıraqla gəzsən, tapa bilmirsən. DİN, Baş Prokurorluq, Müdafiə Nazirliyi, MTN mətbuat xidmətinin rəhbəri jurnalistlər üçün daha əlçatandır. Amma məsələn, FHN-in, Gömrük Komitəsinin mətbuat xidməti nə iş görür, niyə əlçatmaz olub, mənə maraqlıdır. Nəqliyyat və Təhsil Nazirliyinin mətbuat xidməti rəhbərləri isə əsasən TV-lər üçün açıqlama verirlər, bu gün təhsil nazirini və nəqliyyat nazirini tapıb münasibət öyrənmək mətbuat xidmətini tapmaqdan çox asandır”.

"Gündəlik Teleqraf” qəzetinin əməkdaşı Naibə Qurbanova isə deyib ki, jurnalistlərin mətbuat xidmətlərindən narazılığı əvvəl daha çox idi, amma son vaxtlar bu cür sorğular, görünür, tez-tez aparıldığı üçün irəliləyiş var: "Buna rəğmən Nəqliyyat Nazirliyi, Nazirlər Kabineti, Dövlət Neft Şirkətinin mətbuat xidmətinin rəhbərləri ilə əlaqə saxlamaq, xəbər almaq yenə də çətindir. Hesablama Palatası, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi də bu qəbildəndir”. Həmkarımızın sözlərinə görə, bu istiqamətdə diqqət çəkən əsas problemlərdən biri də qurumların kütləvi informasiya vasitələri arasında ayrı-seçkilik etməsidir: "Düzdür, indi KİV-lər çoxdur və onların hamısını tədbirlərə dəvət etmək və ya ayrılıqda əlaqə saxlamaq çətindir. Amma hesab edirəm ki, ayrı-ayrı dövlət qurumlarının mətbuat şöbələri mütəmadi yenilənən və peşəkar KİV-ləri seçməli, ayrı-seçkilik qoymadan xəbərlə təmin etməlidir”.

"Azadinform.az” saytının əməkdaşı Leyla Məhərrəmli daha çox XİN-in mətbuat xidməti ilə işlədiyini vurğulayıb: "Hikmət Hacıyevin fəaliyyətini normal hesab etmək olar. Amma elə qurumlar var ki, mətbuat xidmətinin varlığı ilə yoxluğu məlum deyil. Sorğu göndərirsən, gözləyirsən, cavab gəlmir. Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətini də müsbət qiymətləndirmək olar. Mən bəzi səfirliklərlə də əməkdaşlıq edirəm. Elə səfirlik var ki, ümumiyyətlə, onlardan informasiya qoparmaq mümkün deyil. Bir sualı 5-6 dəfə təkrar istəyirlər, amma münasibət bildirmirlər. Hesab edirəm ki, onların mətbuat xidməti fəaliyyət göstərmir, sadəcə, formal xarakter daşıyır”.

"Kaspi” qəzetinin əməkdaşı Aygün Asimqızı da əvvəlki illərlə müqayisədə mətbuat katiblərinin fəaliyyətlərini qənaətbəxş hesab edir: "Düzdür, mətbuata açıq olmayanları da var. Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Təhsil Nazirliyi, "Azəryolservis” ASC və s. qurumlardan rahatlıqla cavab almaq olur. Səhiyyə Nazirliyindən əvvəllər açıqlama almaq çətin olsa da, Liya Bayramova mətbuat katibi təyin olunandan sonra bütün suallarıma cavab ala bilirəm. Nəqliyyat Nazirliyinin mətbuat xidməti ilə danışan bəzi həmkarlarım olur, amma mətbuat üçün o qədər də əlçatan deyil. Bankların, sığorta şirkətlərinin mətbuatla işləmə qaydaları isə demək olar ki, yox səviyyəsindədir. Sığorta şirkətləri ilə bağlı yazanda 7-8 yerə müraciət etsəm də, heç bir şirkətdə normal cavab verəcək bir şəxs tapa bilmədim”.

Şəymən

(davamı olacaq...)