İki Astara birləşəcək

“Avropa və Qərb ölkələrinin İrana qarşı sanksiyalarının götürülməsi bu layihəni reallaşdıracaq”



"Yaxın on gündə Astarada İranla Azərbaycan nümayəndələri arasında çox mühüm görüş nəzərdə tutulub. Həmin görüşdə Astara dəmir yol xəttinin çəkilməsi haqqında yekun müzakirələr aparılacaq”. Bu barədə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib.

Onun sözlərinə görə, tədbirdə iki ölkənin müştərək iqtisadi komissiyasının həmsədrləri iştirak edəcək: "Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri, İran tərəfdən isə rabitə və informasiya naziri, eləcə də digər qurumların nümayəndələri iştirak edəcəklər”.

Məlumat üçün bildirək ki, İran və Azərbaycan arasında dəmiryolu şəbəkəsinin birləşdirilməsi barədə danışıqlar aparılır. Layihəyə əsasən, Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhərindəki dəmiryol xəttinin biri-birinə birləşdiriləcəyi nəzərdə tutulur. Bu dəmiryolu xətti İranı Avropaya, Rusiya və Qafqaz ölkələrini isə Fars körfəzinə birləşdirəcək. Astara-Astara dəmiryolunun uzunluğu 7 kilometr olacaq. Bu yolun 2 kilometri İran ərazisində, qalan 5 kilometri isə Azərbaycan ərazisində inşa edilməlidir.

Analitik Arzu Nağıyev "Şərq”ə söyləyib ki, əsas məsələ Bakı ilə Tehran arasında əvvəlcədən razılaşdırılmış Astara dəmir yolu xətti layihəsi var. Bu, şimalla cənubu birləşdirən şimal cənub koridoru çərçivəsində olan layihədir: "Əsas məsələ Qara dəniz limanları vasitəsilə Avropaya, Rusiya, Orta Asiya, Qafqaz, Fars körfəzi və Hindistana qədər uzanan bir yola çıxışdır. Bununla bağlı İran nümayəndəsi ilə görüş baş tutub və bu yeni məsələ deyil. Dəfələrlə ortaya qoyulub. Ancaq təəssüf ki, layihə həll olunmamış qalırdı. Layihənin gecikməsinin səbəbi də Avropa və ya digər Qərb ölkələrinin İrana tətbiq etdiyi sanksiyalar idi. Artıq sanksiyalar götürülməsi istiqamətindəki addımlardan sonra şimal cənub koridoru çərçivəsində həmin layihənin reallaşmasına yenidən qayıdırlar. Burada da müəyyən problemlər mövcuddur. Dəmiryolu xəttinin 5 km-i Azərbaycan ərazisindən, 2 km-i isə İran ərazisindən keçir. Eyni zamanda yüz metrlik bir dəmiryol körpüsü mövcuddur. Astaraçayın üstündən keçməlidir. Yəqin ki, xəttin tikintisindən sonra sözügedən məsələ gündəmə qayıda bilər”.

Ekspertin sözlərinə görə, bu marşrutla ildə 2 milyon ton yük daşımaq mümkündür: "Bu həm Bakı, həm də Moskvaya sərfəli olacaq. Yəni təkcə tranzitdən 5 il ərzində 50 milyon dollara yaxın xeyir götürmək olar. Tutaq ki, İrandan gələn yük Rusiyaya gedərsə, bu, Qərbə də yönələ bilər. Eyni zamanda həmin xətti Bakı-Tbilisi-Qars xəttinə də qoşmaq olar. Qərblə Şərqi birləşdirən normal bir koridor yaratmaq mümkündür. Məhz bu istiqamətdə söhbətlər gedir. İran səfirinin qeyd etdiyi məsələ də məhz bundan ibarətdir. Çünki İran Prezidenti Həsən Ruhani dəfələrlə Azərbaycanı Qafqazın qapıları adlandırıb. Bununla yanaşı, Bakının bu xətt vasitəsilə Fars körfəzinə çıxışını dəfələrlə qeyd edib. Bu işdə Azərbaycanı özlərinin tərəfdaşı hesab edirlər”.

Ayyət Əhməd