“Azərbaycan Dəmir Yolları” özünü maliyyələşdirə bilmirdi

“Dövlət çiynində olan əlavə yükləri atmalı və bəzi idarəetmə formalarını dəyişdirərək kommersiya qurumlarına çevirməlidir”



"Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin (NN) tabeliyindən çıxarılıb. Belə ki, sentyabrın 18-də Prezident İlham Əliyev fərman imzalayaraq "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 20 iyul 2009-cu il sərəncamında dəyişikliklər edib.

Fərmanla "Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə və Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib. Fərmana əsasən, cəmiyyətin sədrinin və sədr müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, cəmiyyətin yenidən təşkili və ləğvini prezident həyata keçirəcək.

İqtisadçı-ekspert Natiq Cəfərli deyir ki, təsərrüfat fəaliyyəti ilə məşğul olan bütün sahələr nazirliklərin əlindən alınmalıdır. Onun sözlərinə görə, nazirliklər strateji inkişafla məşğul olmalıdır: "Tək NN-də deyil, digər sahələrdə də buna bənzər islahatlar aparılmalıdır”.

"Azərbaycan Dəmir Yolları” QSC-yə gəlincə, ekspert söyləyib ki, bu qurum özünü maliyyələşdirə bilmirdi: "Maliyyə qaynaqlarını tapmaqda çətinlik çəkirdi. Həmişə büdcədən ayrılmış yardımlar hesabına ayaqda qalırdı. İndi isə elə bir sistem qurmaq lazımdır ki, özünü maliyyələşdirə bilsin. Çünki bu qurum Nazirlər Kabinetinin tərkibində uzun müddət qalmayacaq. Çox güman ki, bir müddətdən sonra hansısa qurum yaradılacaq və onun idarəçiliyinə keçəcək. Belə bir addımın yaxın gələcəkdə şahidi olacağıq. Elə bir qurum yaradılmalıdır ki, öz xərclərini ödəyə bilsin, investor cəlb etsin. İnkişafı üçün maliyyə qaynaqlarının tapılması üçün çətinlik çəkməsin. Elə bir şərait yaradılmalıdır ki, sonra yenidən dövlət dövlətin yardımları hesabına ayaqda qalmaq durumuna gəlib çıxmasın. Şəxsən mən onu gözləyirəm, belə olmalıdır”.

Həmsöhbətimiz onu da diqqətə çatdırıb ki, Azərbaycan dövləti bu günə qədər büdcədən maliyyələşən bir çox qurumları yük kimi çiynində uzun müddət daşıyıb: "Əvvəlki dövrlərdə buna imkan var idi. Azərbaycanın gəlirləri çox sürətlə artırdı. Dövlət büdcəsindən yardımlar da çoxalırdı. İndi isə gəlirlərin azaldığı bir dövrə qədər qoymuşuq. Uzun müddət belə gedə bilər. Ona görə də dövlət çiynində olan əlavə yükləri atmalı və bəzi idarəetmə formalarını dəyişdirərək kommersiya qurumlarına çevirməlidir. Bu sahədə belə bir addımın atılması çox yaxşı bir örnək olardı”.

Ayyət Əhməd