Türkiyənin “Yeniqapı”da yeni siyasəti...

Rəy sorğusuna görə, AKP-nin nüfuzu aşağı düşüb




Ötən gün İstanbulda Yeniqapı meydanında Prezident Ərdoğan, TBMM sədri Yılmaz və Baş nazir Davudoğlunun da iştirak etdiyi "Milyonlar Terrora Qarşı” mitinqi keçirilib. Saysız-hesabsız insanın iştirak etdiyi mitinqdə ilk olaraq Davudoğlu çıxış edib. Davudoğlu PKK və onun siyasi təmsilçilərinə meydan oxuyub: "Biz bu meydanda türk və kürd olaraq qardaşcasına birləşdik. Terror təşkilatına kürəyini dayananlara müraciət edirik. Biz millətimizə, Diyarbəkir, Hakkari və orada yaşayan vətəndaşlarımıza belimizi dayamışıq. Heç kim təslim olacağımızı düşünməsin.

Əməliyyatlarımız silahlar yerə qoyulana kimi davam edəcək”. Prezident Ərdoğan isə çıxışına şair Nəcib Fazilin "İstanbul” şeirinin misraları ilə başlayıb və terrorla mübarizə aparan təhlükəsizlik qüvvələrinə və məmurlara millət adından minnətdarlığını bildirib: "Terror təşkilatlarının təzyiqlərinə, təhdidlərinə baxmayaraq, vətənimizin bütövlüyü üçün səbr edən bütün qardaşlarıma təşəkkür edirəm, Allah sizlərdən razı olsun. İnsanların ən xeyirlisi ən faydalı olandır. Bizim prinsipimiz budur. Qardaşlarım, mənim sizlərdən bir xahişim var. 1 noyabr seçkiləri gəlir. Bu seçkilərdə tarixi bir qərar istəyirik”.

"Hansı dağda gizlənməsindən asılı olmayaraq, onları tapıb qovacağıq”

Türkiyə Prezidenti Ərdoğan İstanbul şəhərində baş tutan mitinqdə çıxışı zamanı bəyanat səsləndirib. Ərdoğan deyib ki, hökumət ölkəni Türkiyə bayrağına qarşı çıxan "manqurt”lara təslim etməyəcək. Onun sözlərinə görə, ölkədə cərəyan edən terror hadisələri türkün qardaşlıq siyasətini pozmağa hesablanıb: "Biz bu ölkədə etnik mənsubiyyətinə görə heç kimə qarşı ayrıseçkilik etmədik və etməyəcəyik. Biz yaradılmışı Yaradandan dolayı sevirik. Mənim ölkəmdə etnik problem deyil, terror problemi var. Mübarizəmiz hər hansı bir etnik qrupa qarşı deyil, terror qruplaşmasına, ona dəstək verənlərə qarşıdır”.

Türkeş Baxçalıya dərs verdi - "Quru sözlərlə siyasət olmaz”

MHP-dən yenicə istefa verərək AKP-dən namizədliyini irəli sürən Baş nazirin müavini Toğrul Türkeş partiyanın Ankara şura məclisində çıxışı zamanı Dövlət Baxçalını sərt tənqid edib. İclasda olmaqdan məmnuniyyət duyduğunu vurğulayan Türkeş şəxsinə yönəldilən ittihamları belə cavablandırıb: "Mən əvvəllər də Baxçalının səhv addımlar atdığını gördüyüm üçün MHP-dən istefa verdim. Bu günə qədər heç bir səhvin içində olmadım. Qəbul etdiyim qərarları da ağlım və vicdanımla qəbul edib, ona uyğun davranıram. Quru sözlərlə, dinləyənləri həyəcanlandırmaq məsqədilə söylənən ifadələrlə siyasət olmaz. Mən bu haqsızlıqları qəbul edə bilmərəm. Onların məni suçlamağa haqqı yoxdur”. Məlumat üçün deyək ki, Toğrul Türkeş MHP-nin qurucusu Alparslan Türkeşin oğludur.

"AKP olaraq biz təkbaşına hakimiyyətə gələcəyik”

Toğrul Türkeş ölkədə noyabrın 1-də seçki təyin olunmasına baxmayaraq, partiyaların hazırlığının zəif olmasından da danışıb. AKP-dən namizədliyi irəli sürülən Türkeş siyasi partiyaları ölkənin məsuliyyətini üzərlərinə götürməməkdə qınayıb: "Bir halda ki, digər siyasi partiyalar hökumət olmaqda maraqlı və çalışqan deyillər, o zaman bizlər də AKP mənsubları olaraq, partiyamızı təkbaşına hakimiyyətə gətirmək üçün, hazırlaşırıq”.

Türkiyədə seçki öncəsi "Gezici” Araşdırma Mərkəzinin keçirdiyi rəy sorğusunun nəticələri açıqlanıb. Seçkilərə 41 gün qalmış açıqlanan ictimai rəy sorğusunun nəticələrinə görə, hakim AKP-ni dəstəkləyənlərin sayı azalıb. Sorğuda iştirak edən vətəndaşların 40 faizi AKP-yə, 28 faizi CHP-yə, 16 faizi MHP-yə, 13 faizi isə HDP-yə səs verəcəklərini bildiriblər. Məlumata görə, Türkiyədə keçirilən son üç seçkinin və Şimali Kipr Türk Respublikasındakı prezident seçkisinin nəticələri bu mərkəzin keçirdiyi sosioloji rəy sorğunun yekunlarına uyğun olub.

Türk ordusundan PKK-ya tarixi zərbə...

İyulun 22-dən indiyədək Türkiyə ordusunun Şimali İraqda və ölkə daxilində keçirdiyi əməliyyatlar nəticəsində ümumilikdə 1288 terrorçu öldürülüb. Bu haqda Türkiyə hakimiyyətinə yaxın media təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb. Məlumatda bildirilib ki, hava əməliyyatları ilə yanaşı, tank və top atəşləri nəticəsində terror təşkilatı böyük itki verib. Türk Silahlı Qüvvələrinin İraqın şimalındakı Sinat-Haftanində yerləşən PKK hədəflərinə qarşı sentyabrın 15-də keçirdiyi hava əməliyyatı nəticəsində, terror təşkilatının istifadə etdiyi mağaralar, ağac altı çadırlar, xüsusi qorunma altında olan məskunlaşma sahələri, logistika və sursat anbarları, yerüstü sığınacaqlar tamamilə darmadağın edilib.

PKK uşaq "terrorçulardan” istifadə edir

Terrorçu PKK-nın sıralarında 10 minə yaxın fəal terrorçu uşaq var və onlardan ibarət silahlı qruplar formalaşdırılır. Bu haqda "Uşaq Əsgərlərdən İstifadəni Dayandırın” Koalisiyasının hesabatında bildirilib. Məlumata görə, PKK onları kürd dilində "tabura zaroken şehit agit” adlanan 3 tabora bölüb. Onları 8-12 yaş arasında olan 5 uşaqdan ibarət komitə idarə edir. Adıçəkilən terrorçu qruplaşmadakı ən kiçik uşaq 7 yaşındadır. Beynəlxalq İnsan Haqları Müdafiəsi Təşkilatının bu il iyulun 22-də yaydığı məlumata əsasən, PKK-nın Suriyadakı qolu, YPG-nin (Xalq Mühafizə Birlikləri) sıralarında 18 yaşdan aşağı çoxlu oğlan və qız var. Terrorçuların əlindən xilas edilən uşaqların verdikləri ifadələrə görə, aksiyalara qatılmaları üçün PKK onların hər birinə orta hesabla 100 lirə (35 manat) pul verir. Yaşları böyük olanlara silah verilir və dağa aparılırlar. Son iki ildə 18 yaşına çatmayan 2052 uşağın PKK tərəfindən dağlara qaçırıldığı üçün Türkiyənin təhlükəsizlik qurumlarına şikayət edilib.

İsmayıl