Gələn ilin oktyabrında neftin qiyməti 30 dollara qədər enəcək

Yalnız Rusiya deyil, başqa dövlətlər də ssenari hazırlayır





Rusiya Maliyyə Nazirliyi 2016-cı ildə neftin bir barelinin 30-35 dollar olacağını proqnozlaşdırıb. Nazirlikdə yüksək vəzifəli məmurlara istinad edən RBK agentliyinə istinadən aldığımız məlumata görə, Rusiya maliyyə naziri Anton Siluanov Baş nazir Medvedyevin keçirdiyi iclas zamanı çıxış edib.

İqtisadi İnkişaf naziri Aleksey Ulyukayevin fikrinə görə neft qiymətləri mənfi istiqamətdə inkişaf edəcəyi halda, dünya bazarındakı dəyəri 40 dollardan aşağı düşəcək. Keçirilən iclasda Medvedyev razılaşıb ki, hesabatı 35-40 dollardan aparmaq lazımdır. Qeyd edək ki, hazırda "Brent” markalı neftin dünya bazarındakı qiyməti 47,47 dollardır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabanın sözlərinə görə, neftin bir barelinin 30-35 dollara qədər düşmə ehtimalının olduğunu nəzərə alan maliyyə naziri büdcədə neftin orta satış qiymətini 50 dollar götürüb və sabah Rusiya Prezidentinə neftin 30-35 dollara düşmə ssenarisi ilə bağlı büdcə layihəsi təqdim ediləcək.

İ.Şabanın sözlərinə görə, neftin bir barelinin 40 dollardan aşağı düşməsini təkcə Rusiyanın maliyyə qurumları ehtimal etmir. Bundan öncə də bir sıra beynəlxalq ekspertlər belə bir ssenari təqdim ediblər. Orada qeyd olunub ki, gələn ilin 4-cü rübündə, daha dəqiq desək, oktyabr ayında neftin qiyməti 30-35 dollara qədər enəcək.

Dünya bazarında neftin qiymətinin 30 dollara enməsi fonunda baş verəcək proseslərə gəldikdə isə ekspert deyib ki, bu, daha çox enerji idxal edən ölkələr üçün sərfəli olacaq: "Enerjiyə sərf etdikləri vəsaitə daha çox qənaət edəcəklər. Bu vəsaitləri isə iqtisadiyyatın digər sahələrinə yönəltməklə daha çox xeyir götürəcəklər. Dünya üzrə enerjiyə ən çox xərc çəkən ölkə Yaponiya idi. Onlar bir ildə enerjinin idxalına 200 milyard dollardan artıq vəsait sərf edirdi. Gələn il üçün isə 100 milyard dollardan aşağı xərc çəkəcək. Amerika 100 milyard dollara yaxın vəsaitə qənaət etmək fikrindədir. Hətta Türkiyənin özündə enerjidən 10 milyard dollara yaxın vəsaitə qənaət ediləcək. Enerjidən asılı olan Ekvador kimi ölkələr isə 2015-ci ildə enerjini ilk dəfə olaraq, neftin maya dəyərindən baha qiymətə satdığını elan edib”.

Ekspertin sözlərinə görə, neftin maya dəyərinin 50 dollardan aşağı olması fonunda Əl-Cəzair öz iqtisadiyyatında 35 milyard dollara yaxın ziyan gözlədiyini bəyan edib: "Dünya bazarında qara qızılın günü-gündən dəyərdən düşməsi fonunda neftdən asılı və monoton iqtisadiyyata sahib, enerji ixrac edən ölkələr ziyan görür. Nefti idxal edən ölkələr isə bundan faydalanır”.

Şəymən