“Allahınız olsun...”

Zahid Orucun indiki vəziyyəti bizə Yeşim Salxımın durumunu xatırlatdı





Folklorumuzda "Əl tutmaq əlidən qalıb”, "Yaxşılıq et dənizə at, balıq bilməsə də xalıq bilər” deyib kimi hikmətli sözlərimiz var. Hansı ki, bu dəyərli incilərin hər biri günümüz üçün də aktualdır. Biz bu sözlərdən o halda istifadə edirik ki, insanlar edilən yaxşılığa qiymət qoyulmamasından, birinin digərinə qarşı diqqətinin, xeyirxahlığının özünü reklam məqsədi kimi dəyərləndirilməsindən şikayətlənir. Yəni kimə nə qədər çox yaxşılıq edirsən et, insanlar sənin həmişə yaxşılıq niyyətilə etdiyin pisliyi danışır. Doğrudan da, belədir.

Gündəlik həyatımızda, sosial mediada rastlaşdığımız hadisələr də bir daha sübut edir ki, bu sözlər heç də əbəs yerə deyilməyib. Yəqin ki, türk müğənni Yeşim Salxımın küçədə rastlaşdığı qaçqınlara acıyıb onlara "bayramlıq” almasını özündə əks etdirən fotoların sosial şəbəkələrdə doğurduğu rezonans hər kəsin yadındadır. Bilməyənlərin də nəzərinə çatdıraq ki, təxminən 10 gün bundan əvvəl Yeşim Salxımın Nişandaşında 2 suriyalı qaçqın uşağa kömək etməsi ictimai mediada ciddi müzakirə obyektinə çevrilib. Dilənçilərə dəstək olan müğəninin bu addımı sosial şəbəkələrdə sərt şəkildə tənqid edilib və o, "xeyirxahlıq şousu göstərmək”də ittiham edilmişdi. Müğənninin isə onu tənqid edənlərə qarşı cavabı daha sərt olub:

"Məni vicdansızca tənqid edənlər, bu günə qədər onlar üçün nə etdiniz? 2 uşağı prospektə atılmış görəndə ağladım. Əsəbdən əl-ayağım titrəyirdi. Axı insan niyə belə əzab, zülm çəkməli, aşağılanmalıdır?! Qadına kömək təklif etdim, dükana getdik. Nə aldığımın fərqində deyildim, çünki dərin stressdəydim. Fotoların çəkildiyini də görməmişəm. İndi məni suçlayırlar, təhqir edirlər. Üstəlik də, bunu qadınlar yazır. Mənə söyən qadın! Axı sən necə anasan?! Ürəyin necə dözür belə əzablara?! Həmişə demişəm ki, qadının ən böyük düşməni qadındır. Küçədəki qadının dilənməyinə göz yumanlar məni tənqid edirlər. Allahınız olsun...”

Əfsuslar olsun ki, insanlığa qarşı bu cür münasibət Türkiyə cəmiyyəti ilə məhdudlaşmır. Azərbaycanda da kimsəsiz bir uşağa qarşı uzanan əl rişxəndlə qarşılanıb. Millət vəkili Zahid Orucun xəstə uşağı ziyarət edərkən fotosunun çəkilməsi və bunun sosial şəbəkələrdə paylaşılması da Azərbaycan cəmiyyətində müəyyən polemikalara səbəb olub. Bəzi saytlar Zahid Orucu ucuz reklam və keyfiyyətsiz piarda suçlayaraq haqqında "Zahid Orucdan qəribə kampaniya” adlı yazı dərc ediblər.

Bu ziyarətin qarşıdan gələn parlament seçkilərinə hesablandığını və millət vəkilinin özünü məqsədli şəkildə reklam etdiyini vurğulayanlar Z.Orucu çox ciddi şəkildə tənqid ediblər.

Təbliğat-təşviqat kampaniyasına start verilmədən deputatlığa namizədlərin sosial şəbəkələrdə reklamının çoxdan başladığını vurğulayan sosial şəbəkə istifadəçiləri də "Zahid Orucdan soruşmaq lazımdır, xəstə uşağa yardım edərkən və yaxud reklam üçün fotosessiya etdirmək və bunu paylaşmaq nə dərəcədə onun deputat fəaliyyəti ilə bağlıdır?” deyə sual ediblər. Halbuki, şəkildə də açıq-aydın görünür ki, hadisə yeni deyil. Bunun üçün sadəcə olaraq, millət vəkilinin qış paltarında olmasına diqqət yetirmək kifayətdir.

Bu xəbərin tirajlanmasının özü çirkin kampaniya deyilmi?

Millət vəkili Fazil Mustafa isə hesab edir ki, Azərbaycan mediasında rastlaşdığımız məntiqsizlik kimsəni təəccübləndirməməlidir: "Xüsusilə seçki kampaniyasının gedişində insanlar haqqında sifarişli yazıların olması gözləniləndir. Ancaq hər bir sifarişli yazıda belə az-çox inandırıcılığın olmasına hökmən diqqət yetirilməlidir. Kimsə Zahid Orucu qəbul etməyə bilər, görüşlərinə qatılmaya bilər, ancaq onun bir xəstəni evində ziyarət etməsini çirkin kampaniya adlandırmağının izahını tapmaq mümkün deyil. İctimai-siyasi xadimin həyatının şəffaflığı baxımından, insanlarda mərhəmət duyğusu yaratmaq baxımından belə bir şəkil paylaşmada hansısa çirkinlik əlaməti yoxdur. Ziyarət etməsəydi nə olurdu və hansı xəbər yayılırdı? "Millət vəkili xəstə vətəndaşı ziyarət etməkdən imtina etdi və ya xəstəyə sayğısız yanaşdı.” Şəkilə baxıb Zahid Orucun üz cizgilərindən antihumanist çalarlar tapırlar və elə təsvir edilir ki, sanki o xəstəni döyməyə gedib. Bu xəbərin tirajlanmasının özü çirkin kampaniya deyilmi? Zahid Orucla xeyli məsələlərdə baxışlarımız ciddi fərqlənir, ancaq bilirəm ki, öz seçki dairəsində vətəndaş üçün ən çox fədakarlıq göstərən deputatlardandır. Üstəlik də, ən çox qiymətləndirdiyim xüsusiyyəti durmadan çalışmağıdır, oxuyub-öyrənməyi, yazmağı, sosial şəbəkədə aktivliyidir. Səmimiyyətimə inanın ki, bunu müdafiə məqsədi ilə yazmıram, kim olur-olsun, haqqına girməyin yanlış olduğunu xatırlatmaq üçün yazıram. Bəlkə də yazmaq olardı ki, bu şəklin yayılmasını doğru hesab etmirik, bu, qətiyyən qərəzli görünməzdi. Ancaq bir xəstəni ziyarət etmə şəklinin yayılmasını "çirkin kampaniya” adlandırmağın izahını verməkdə çətinlik çəkirəm”.

İnsan yaxşılığı Allahın razılığını qazanmaq naminə etməlidir

Sosioloq Əhməd Qəşəmoğlu isə məsələyə iki aspektdən yanaşıb:

- Atalarımızın gözəl bir sözü var: "Sağ əlin verdiyini sol əl bilməməlidir”. Elə müqəddəs dinimiz islamın da göstərişi budur. Dinimizdə başqalarına yardım etmək, ətrafdakılara qayğı göstərmək, çətinliyə düşənlərin əlindən tutmaq nə qədər təkid olunmuşsa da, bunu minnət qoyaraq, başa qaxınc vuraraq, başqalarına görk məqsədi ilə etmək də bir o qədər günah sayılıb. İnsan yaxşılığı Allahın razılığını qazanmaq naminə etməlidir. İnsanlar kiməsə yaxşılıq edəndə öz əməlini orda- burda deyib, reklam etməməlidir. Hətta bunu öz ailəsinin yanında dilə gətirməyin özü əxlaqi cəhətdən yaxşı qiymətləndirilmir. Həm islami, həm də ümumi davranış qaydalarına əməl edən insanlar bu prinsiplə də hərəkət edirlər. Ancaq heç nə cəmiyyətin gözündən yayınmır. Biri-birinə yaxşılıq edən kimi əvvəl-axır bu ortaya çıxır və cəmiyyət öz dəyərləndirməsini aparır. Boşuna deməyiblər ki, "El gözü tərəzidir”. İnsanlar əyrini düzdən seçməyi çox gözəl bacarır və özünü reklam məqsədi ilə epizodik olaraq birinə yaxşılıq edən insana qarşı münasibətini heç vaxt dəyişmir. Əgər Zahid Oruc və digər deputatlardan biri bu cür xeyirxah, humanist addımları müntəzəm olaraq atır, köməyə ehtiyacı olan insanların qayğısına qalırsa, bu məsələni medianın bu qədər şişirtməsi və deputatın piar kampaniyası kimi təqdim etməsi doğru deyil. Belə ki, bu adam seçkilərdən əvvəl də, sonra da bu cür humanist işlərlə həmişə məşğul olursa, onun haqqında bu cür mənfi rəylərin söylənməsi absurddur. Əgər belədirsə, deməli, bu xeyirxahlıq Zahid Oruc üçün adi haldır, reklam məqsədi ilə atılmayıb. Yox əgər onun bu günə qədər etdiyi yaxşılıqlar barədə heç bir məlumat və ya fakt yoxdursa, bu şəkil də məhz seçkiyə hesablanıbsa, bu artıq məqsədyönlü sayılır.

Bunun günah olduğunu bilirəm və Allahdan qorxuram

Sosioloqun sözlərinə görə, hansısa imkanlı şəxsin elədiyi yaxşılığı reklam etməsi hər şeydən əvvəl kömək etdiyi şəxsin mənəviyyatına zərbədir: "Bir kəsə yaxşılıq edəndən sonra bunu onun üzünə vursaq, nəinki qazandığımız savabı pozmuş oluruq, hətta üstəlik günah da qazanırıq. Çünki müsəlmanı incitmək - hansı yolla olursa olsun, istər əməllə, istərsə də dillə - günahdır. Kömək etdiyimiz adam bizim rişxəndli eyhamlarımızı, ətrafa car çəkdiyimiz elanları görəndə, yəqin ki, özünü narahat hiss edəcək və qəlbi sınacaq. Verdiyimiz pul onun üçün ağır yükə, ehsan etdiyimiz xörək onun üçün zəhərə çevriləcək. Buna görə də müqəddəslərimiz bir kəsə yardım göstərərkən bunu adətən başqalarından gizli tutmağa çalışırdılar. Hətta həmin adamın əskilib xəcalət çəkməməsi üçün bəzən özlərinin kimliyini ona tanıtdırmırdılar.

Edilən yaxşılıqlar o halda Allaha xoş gedir ki, elədiyin yaxşılığı heç kəsə bildirməyəsən. Təvazökarlıqdan uzaq da olsa deyim ki, şəxsən mən kiməsə elədiyim yaxşılığı qəti şəkildə evdə də deməmişəm. Bunun günah olduğunu bilirəm və Allahdan qorxuram”.

... kimisə nədəsə qınayanda, suçlayanda dəqiq olsunlar

"Xəstə uşağı ziyarət edərkən qucaqlamayıb və qeyri-peşəkarcasına özünü piar edir” ittihamlarına aydınlıq gətirən Zahid Oruc heç zaman öz işlərini, fəaliyyətini görüntü və reklam xatirinə etmədiyini vurğulayıb: "Ölke.az” saytına da heç bir iradım yoxdur. Baxmayaraq ki, onlar məsələyə qeyri-peşəkarcasına yanaşıblar. Amma mən bu cür qınaqlara və tənqidlərə normal baxıram. Lakin hörmətli media nümayəndələrinə bildirmək istəyirəm ki, kimisə nədəsə qınayanda, suçlayanda dəqiq olsunlar. Yazırlar ki, seçkiqabağı özünü reklam edir. Bildirmək istəyirəm, bu şəkil indi yox, 2009-cu ildə çəkilib. Özləri də yaxşı bilir ki, bu şəkilləri mən yox, mənə yaxın olan insanlar paylaşıb. Əgər reklam olunmaq istəsəydim, bunu elə o zaman edərdim”.

Millət vəkili sayt əməkdaşlarının onu uşağı qucaqlamayaraq, ucuz reklama getməsi fikrinə isə bu cür cavab verib: "Bildirim ki, o uşağı qucaqlamamağa səbəb, həmin balanın tamam yanması idi. İkincisi, mən vurğuladığınız kimi şou-biznes əhli deyiləm ki, nəsə edəndə, aləmə car çəkim. Ona qalsa, yüzlərlə açılışlar, sakinlərlə görüşlərim olur, elə həmin o uşağın müalicəsi və ailəsinə köməyi reklam edərdim. Amma mən bunu insanlıq xatirinə etdim, nəinki şou xatirinə”.

Şəymən