MSK-nın 6 üzvünü 11 partiya müəyyənləşdirəcək

“Parlamentin tərkibi rəsmən təsdiq olunandan sonra iclasların birində məsələ müzakirə ediləcək”



Milli Məclisin yeni tərkibinin müəyyənləşməsi Mərkəzi Seçki Komissiyasının da yenidən formalaşdırılmasını diktə edir. Qanunvericiliyə görə, 18 nəfərlik MSK-da yerlərin üçdə bir hissəsini parlamentdəki çoxluq partiyasının, üçdə bir hissəsini bitərəflərin, üçdə bir hissəsini azlıqda qalan partiyaların təqdim etdiyi nümayəndələr tutur.

1 noyabr parlament seçkisinin ilkin nəticələrinə görə, Milli Məclisdə çoxluğu 71 nəfərlə YAP qazanıb. 11 partiya 12 nəfərlə azlıqda qalıb. Parlamentə seçilənlərin 42-si isə partiyasızdır. Milli Məclisə düşən azlıq partiyalarından Vətəndaş Həmrəyliyi Partiyası 2 mandat alıb. Digər partiyalara isə hərəyə 1 mandat əldə ediblər. Bu o deməkdir ki, MSK-nın 6 üzvünü 11 partiya müəyyənləşdirəcək. 2010-cu ildə formalaşmış Milli Məclisdən fərqli olaraq bu dəfə Ümid və Ədalət partiyaları parlamentə düşə bilməyib. Əvəzində 1 noyabr seçkisində parlamentə üç yeni azlıq partiyası gəlib: Sosial Demokrat Partiyası, Vəhdət Partiyası, Demokratik Maarifçilik Partiyası. Mərkəzi Seçki Komissiyasının yeni tərkibinin formalaşmasından danışan MSK katibi Mikayıl Rəhimov "Şərq”ə açıqlamasında deyib ki, parlament təsdiq olunandan sonra bu məsələyə baxılacaq: "Hələlik bununla bağlı hansısa müzakirə aparılmır. Parlamentin tərkibi rəsmən təsdiq olunandan sonra iclasların birində məsələ müzakirə ediləcək. Bilirsiz ki, Konstitusiyaya görə, MSK-nın tərkibini parlament formalaşdırır. Ancaq hələ buna zaman var. İndidən nəsə demək düzgün olmaz. Milli Məclis işinə başlayandan sonra MSK-ya üzvlər müəyyən olunacaq”. M.Rəhimov seçkinin nəticələrindən narazı qalan namizədlərin şikayət ərizələrinə baxıldığını deyib: "MSK-ya indiyə kimi bir neçə müraciət daxil olub. Növbəlilik prinsipi ilə şikayətlərin hamısına qurumun iclaslarında baxılacaq və müvafiq qərarlar veriləcək”.

İsmayıl