3 saat danışdılar: Kerri Moskvada Putinə çox şey anlatdı

Dövlət katibi Rusiyaya başa saldı ki, Türkiyə ilə qarşıdurma ciddi fəsadlar verə bilər



Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın dövlət katibi Con Kerri ilə Kremldə görüş keçirib. Görüş nəzərdə tutulan bir saat əvəzinə 3 saatdan çox davam edib. Xatırladaq ki, bundan əvvəl Con Kerri Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşüb.

Dövlət rəsmiləri arasında Suriya, İŞİD, Ukrayna, Rusiya-Türkiyə münasibətlərindəki gərginlik və gündəlikdə duran aktual məsələlərə dair müzakirələr aparılıb. Görüşü şərh edən Putin deyib ki, Rusiya və ABŞ mürəkkəb böhranların həlli yollarını axtarır. Prezidentin sözlərinə görə, Lavrov ona ABŞ-ın təklifləri və əlavə müzakirə tələb edən bir sıra məsələlər haqqında ətraflı məlumat verib. C.Kerri isə bildirib ki, Suriya nizamlanması üzrə danışıqlar bir sıra yeni imkanlar açır və həm Rusiya, həm də ABŞ birlikdə çox məsələləri həll edə bilərlər. Kerri və Putin görüşü barədə danışan Türkiyənin Strateji Baxış İnstitutunun rəhbəri, siyasi ekspert Yusuf Çınar bəyan edib ki, ABŞ və Rusiyanın, Yaxın Şərqlə bağlı ayrı-ayrı planları var: "Amerika Suriya və İraq ərazilərində sünni dövlətlər qurulması üçün çalışır. ABŞ bununla şiə blokuna (Rusiya-Bəşər Əsəd-İran) qarşı bölgədə tarazlıq yaratmaq istəyir. Rusiya isə buna qarşı çıxır və çıxacaq. Çünki bu baş versə, Rusiyanın bölgədəki təsir imkanları azalacaq. Ona görə Moskva görüşündən müsbət nəticə alınacağına inanmıram. Kerri və Lavrov sadəcə İŞİD-ə qarşı birlik mesajları verə bilərlər”.

Tanınmış politoloq Azər Rəşidoğlu "Şərq”ə verdiyi açıqlamada deyib ki, ABŞ Dövlət katibi Con Kerri Rusiya rəhbərliyinə ciddi xəbərdarlıq edib: "İlk xəbərdarlıq Rusiya-Türkiyə münaqişəsi ilə bağlı olub. ABŞ rəsmisi hesab edir ki, Rusiya ilə Türkiyə arasındakı gərginlik tezliklə aradan qalxmalıdır. Hər iki ölkə qarşılıqlı əməkdaşlıqda maraqlı olmalıdır. Çünki tərəflər arasındakı soyuq savaş, hətta hərbi əməliyyatlar bölgədə ciddi gərginliyin yaranmasına səbəb ola bilər. Bundan isə nə Türkiyə, nə də ki Rusiya uğurla çıxa bilər. Kerri Putini inandırmağa çalışıb ki, hər iki ölkənin maraqları tərəfləri ortaq dil tapmağa məcbur edir. Buna görə də savaş ritorikası diplomatik danışıqlarla əvəz olunmalıdır”.

Ekspertə görə, Con Kerri Moskvanın nəzərinə çatdırıb ki, neftin qiymətinin sürətlə aşağı düşməsi Rusiyanı iqtisadi baxımdan çökdürə bilər: "İqtisadi çöküş ərəfəsində olan Rusiyanın NATO ölkəsi Türkiyə ilə soyuq və yaxud hərbi savaş aparması imkansızdır. Bunu nəzərə alan Kerri Rusiya rəhbərliyini hərbi ritorikadan əl çəkməyə vadar edib. Güman edirəm ki, gözlənilən iqtisadi böhran fonunda Suriya bataqlığına girmiş Rusiya Türkiyə ilə savaşdan qaçmalıdır. Əks təqdirdə, ABŞ-ın da hərbi yardımı ilə Rusiyanın çöküşü qaçılmaz olacaq”.

İsmayıl