"Türkiyə-Rusiya gərginliyi NATO-nun Cənubi Qafqazdakı mövqelərinə təsir etməyəcək”. Bunu NATO-nun Qafqaz və Mərkəzi Asiya məsələləri üzrə nümayəndəsi Ceyms Appaturay deyib.
Onun sözlərinə görə, Cənubi Qafqazın hər bir ölkəsi təhlükəsizlik siyasəti ilə bağlı öz seçimini edib və alyans bu seçimə hörmətlə yanaşır: "İndividual tərəfdaşlıq proqramı Azərbaycanla razılaşdırılıb. Tərəfdaşlıq əlaqələri Türkiyə də daxil, NATO-nun 28 üzv ölkəsi tərəfindən bəyənilib və müdafiə olunub. Alyans qüvvələrinin Dağlıq Qarabağda sülhməramlı qismində yerləşdirilməsi siyasi həllin komponenti ola bilər, lakin hələlik belə bir şey yoxdur”. Məlumat üçün deyək ki, hərbi alyansa məxsus sülhməramlı qüvvələrin münaqişə zonasına yerləşdirilməsi təklifi bir neçə dəfə müzakirə olunub. Amma bununla bağlı razılaşma əldə olunmayıb.
Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Qabil Hüseynli Azərbaycan hökumətinin bir şərtlə buna razılıq verə biləcəyini deyib: "NATO qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsinə icazə verilsə, Rusiya dərhal etiraz səsini ucaldacaq və öz qoşunlarının da münaqişə ərazisində yerləşdirilməsini tələb edəcək. Azərbaycan hakimiyyəti isə Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsini istəmir. Əslində indiki halda problemlə bağlı NATO-nun adının hallanması müsbət haldır. Çünki Rusiya son iki ildir müsbət vədlərlə bizim başımızı qatır. Türkiyə ilə yaxınlaşmağımızdan sonra isə kəskin manevrlər edir. Kreml siyasi elita səviyyəsində olmasa da, ayrı-ayrı politoloqların dili ilə Azərbaycanı hədələyir. Bu baxımdan NATO qüvvələrinin Dağlıq Qarabağda yerləşdirilməsi Azərbaycanın milli maraqlarına uyğun gələ bilər. Bir şərtlə ki, Qərb təşkilatı münaqişənin həll prosesinə ciddi surətdə qatılsın. Yəni birinci mərhələdə Dağlıq Qarabağ ətrafı 7 rayonun azad olunması məsələsində prinsipial mövqe tutsun. O halda Azərbaycan hökuməti NATO-nun qüvvələrinin bölgədə yerləşdirilməsinə razılıq verə bilər”.
İsmayıl