"Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov jurnalistlərə açıqlamasında dəmir yollarının ətrafında tikilən qanunsuz tikililərin siyahısının hazırlandığını deyib. Cavid Qurbanov bildirib ki, bu məsələyə baxılır: "Qanunsuz tikililərlə bağlı yeni məlumat yoxdur, olacağı təqdirdə ictimaiyyətə açıqlanacaq. Hazırda bu tikililərin siyahıya alınması işləri gedir”.
Məsələ barədə "Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında təhlükəsizlik və qanunvericilik baxımından dəmir yollarının ətrafında mövcud olan qanunsuz tikintilərin sökülməsinin vacib olduğunu qeyd edib: "Qanunvericiliyin tələblərinə görə dəmir yol xətləri keçən ərazilərin yaxınlığında tikinti işləri aparıla bilməz. Dəmir yolları xüsusi qovşaq rolunu oynayır. Qatarlarda bəzən müxtəlif təyinatlı yüklər daşındığı üçün vətəndaşlar həm əmlakının həm özlərinin təhlükəsizliyinə görə bunu nəzərə almalıdır. Yaşayış yerlərinin, binaların, yanından qatarların hərəkət etməyi istənilən halda təhlükəlidir”.
Bir çox hallarda sakinlərin yerləşdirilən təhlükəsizlik zolaqlarına riayət etmədiyinə də diqqət çəkən ekspert deyib ki, o tikililər qanunsuz olduğuna görə sökülməsi zəruridir və baş tutduqda insanların bu baxımdan təhlükəsizliyi də təmin olunacaqdır.
Ə.Nuriyev orada məskunlaşan insanları da maddi cəhətdən düşünmək lazım olduğunu bildirib: "Təhlükəli ərazilərdə qanuni tikilmiş, mülkiyyət hüququ olan evlərə görə təzminat ödənilməsi prosesi razılaşdırılmalıdır. Amma qanunsuz tikilən evlərin, lazımi sənədləri olmayan tikililərin təzminat alması ilə bağlı problemlər yaranır. Nəzərə alınmalı bəzi məqamlar da vardır ki, vaxtilə o ərazilərdə mövcud olan tikintilərə şərait yaradan və ya birbaşa icazə verən qurumlar, idarələr olub. Ona görə də balanslı və ədalətli şəkildə sakinlər təzminatla təmin olunmalıdır”.
Aysel Aslan