Vəziyyət təhlükəli həddə yaxınlaşır

Gələcəkdə evlənməyə Azərbaycanda qız tapılmayacaq



Yarızarafat, yarıciddi dillərdə dolaşan bir atalar sözü var: "Qız qaldıqca, qızıla dönər”. Son illərin demoqrafik statistikası sözügedən deyimin reallığa döndüyünü göstərir. Artıq neçə illərdir ki, Azərbaycanda dünyaya gələn oğlanların sayı qızlara nisbətən çox olur. Təbiətin qanunauyğunluğunun pozulmasına səbəb isə oğlan istəyən ailələrin sayının çox olmasıdır.

Ekspertlər qız uşaqlarının sayının azalmasını əsasən uşağın cinsiyyəti bəlli olandan sonra selektiv abortlar, yəni dölün cinsinə görə hamiləliyin süni şəkildə pozulması ilə əlaqələndirirlər. Qız uşaqlarının arzuolunmaz hesab edilməsi əsas amillərdən sayılır.

Aşkarda çoxu açıqlamasa da, əksər ailələrdə oğlan uşaqlarına üstünlük verilir. Qız uşaqları isə ana bətnindəcə məhv edilir. Artıq tibb müəssisələrindəki ultrasəs müayinələri vasitəsilə körpənin cinsini ayırd etmək adətə çevrilib.

Qeyd edək ki, Azərbaycanda diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur. Hazırda hər 100 doğulan qıza 117 oğlan düşür. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkədə doğulan uşaqların cins nisbətinə dair demoqrafik proqnozların təqdimatı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda doğulan 171 min uşaqdan 46,4 faizini qızlar, 53,6 faizini oğlanlar təşkil edib. Doğulanların cins nisbətinin pozulmasının ümumi əhalinin cins strukturunu da dəyişdiyini qeyd edən nazir müavini bildirib ki, hazırda doğulanlar arasında oğlan uşaqlarının üstünlüyü meylinin növbəti illərdə də davam etməsi ehtimalını nəzərə alsaq, gələcəkdə doğumun tələb olunacaq səviyyədə təmin edilməsi üçün qadın sayının çatışmazlığı təhlükəsi yarana bilər. Bu da öz növbəsində davamlı demoqrafik inkişafa öz mənfi təsirini göstərə bilər. Doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılması məqsədilə ölkə üçün Fəaliyyət Planının hazırlanması, bu istiqamətdə geniş ictimai maarifləndirmə tədbirlərinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir.

Sosioloq Asif Bayramovun dediyinə görə, hər bir xalqın qıza və oğlana münasibəti onun bu günündən daha çox dünənki əxlaq və mənəvi dəyərlər sistemindən irəli gəlir: "Biz bunun üçün xalqımızın folklor nümunələrinə müraciət edə bilərik. Burada qıza, qadına aşağılayıcı münasibətin olmadığını görəcəyik. Əksinə, qızın bir çox hallarda oğuldan üstün tutulması motivi kifayət qədər var”.

Sosioloq bildirib ki, demoqrafik tarazlığın pozulması hallarını sovet dövründə əsasən Orta Asiya respublikaları yaşayıb. Bu problem Türkmənistanda daha qabarıq nəzərə çarpıb: "Türkmənistanda qız tapa bilməyən kişilər Azərbaycana, Özbəkistana, Qazaxıstana, Qırğızıstana gedərək çox baha başlığa qız almağa məcbur olurdular. Ona görə də həmin dövrdə Türkmənistanda demək olar ki, boşanma problemi yaşanmırdı. Çünki başqa respublikalardan qız almaq üçün o qədər başlıq verirdilər ki, buna görə də qadını boşamaqdan vaz keçirdilər”. A.Bayramovun sözlərinə görə, belə bir problemlə yaxın gələcəkdə Azərbaycanın da üzləşmə ehtimalı var. Oğlanlar ailə qurmaq üçün qızı Azərbaycanın sərhədlərindən kənarda axtaracaqlar: "Bu isə demoqrafiyamıza zərbə vuracaq təhlükəli tendensiyadır. Bizim oğlanlar onsuz da Rusiyaya gedib qeyri-azərbaycanlılarla evlənirlər. Demoqrafik problem buna daha da təkan verəcək. Bunun nəticəsində isə biz indikindən daha fərqli və ağır, təhlükəli bir demoqrafik vəziyyətdə qala bilərik”.

A.Bayramov deyir ki, problemin həlli üçün KİV və müxtəlif təşkilatlar da yardımçı ola bilərlər: "Respublikada maarifləndirici təbliğat işləri aparmaq lazımdır. Bu maarifləndirmə məsələlərində dövlətin xüsusi yeri və mahiyyəti var. Mükəmməl proqram hazırlanmalı və dövlətin nəzarəti altında müvafiq humanitar qurumlar, təhsil ocaqları bu proqrama qoşulmalıdır. Əks halda, demoqrafik problem getdikcə böyüyəcək. Cəmiyyətdə bu gün abort problemi yaşanır. Bunun qarşısını almaq üçün tətbiq edilən qadağalar məsələlərin həllində hələlik müsbət dönüş yaratmayıb”.

Psixoloq Dəyanət Rzayev də deyir ki, ölkə əhalisi oğlana meyilli toplum olaraq qız uşaqlarının doğulmasının qarşısının alınmasında maraqlıdır: "Bu hala Şərq xalqlarının bir çoxunda rast gəlirik. Çünki Şərqdə əsrlər boyu oğlanlara nəslin davamçısı kimi baxılıb və bu hal indi də davam etməkdədir. UZİ müayinəsi vasitəsilə dölün cinsinin təyinindən sonra bunu edənlər artıb. Amma bunun yaradacağı sosial-psixoloji, profilaktik və gigiyenik səbəbləri də unutmaq olmaz. Hazırda cəmiyyətin psixoloji, mənəvi, sosial rekonstruksiyaya ehtiyacı var. Qloballaşan dünyada Azərbaycanın öz ailə dəyərlərini və ənənələrini yaşatması üçün daim təbliğat işləri aparılmalıdır. Ailə institutumuz bir örnək kimi gələcək nəslə ötürülməlidir. Problemin aradan qaldırılması üçün düşünürəm ki, geniş maarifləndirmə işinin aparılmasına da ehtiyac var”.

Şəymən