“14 saylı həbsxanadan bizə şikayətlər artıb”

Elçin Behbudov: “Çox hallarda cəzalar bu qaydalara əməl olunmadan icra olunur”



"Elşad Babayev amansız işgəncələrlə qətlə yetirilib. Faktı danmaq mümkünsüzdür”. Bu barədə "Şərq”ə hüquq müdafiəçisi, İşgəncələr Əleyhinə Azərbaycan Komitəsinin (İƏAK) sədri Elçin Behbudov 14 saylı cəzaçəkmə müəssisəsində ağır işgəncə ilə öldürülən məhbus Elşad Babayev haqda aparılan araşdırmaların nəticələrindən danışarkən bildirib.

Onun sözlərinə görə, mərhumun bacısı Simuzər Babayeva İƏAK-yə də müraciət edib: "Bacısı onun morqdakı şəkillərini bizə təqdim edib. Şəkillərə baxanda hər şey aydın olur. O yan, bu yanı yoxdur. Şəkillər sübut edir ki, mərhum ölümcül işgəncələrə məruz qalaraq öldürülüb”. Komitə sədri E.Behbudov diqqətə çatdırıb ki, sözügedən həbsxanada işgəncə faktları çox müşahidə olunur: "Əvvəlki illərlə müqayisədə hazırda həmin "kalon”da bizə olan şikayətlərin sayı artıb. Bu barədə Penitensiar Xidmətə müraciətlər göndərmişik ki, araşdırsınlar. Cavab gəlir ki, həmin adamlara qandal və rezin dəyənəyin tətbiq edilməsi doğrudur. Və cəzaların icrası qaydaya uyğun aparılır. Cəzaların icrası məcəlləsində göstərilir ki, cəzakəmə müəssisəsində qiyam olarsa və yaxud da məhkum nəzarətçilərə qarşı çıxarsa, güc tətbiq etmək olar. Lakin çox hallarda cəzalar bu qaydalara əməl olunmadan icra olunur. Valideyn mənə müraciət edir ki, oğlumu rezin dəyənəklə döyüb, öldürüblər. İnsanı öldürmə faktı heç bir məcəllədə yoxdur. Deməli, qanuna riayət olunmur. Belə hallar mövcuddur”.

E.Behbudov söyləyib ki, işəncə faktları ortaya qoyularsa, məhbəslərdəki problemlərin qarşısı alınar: "İşgəncəni törədənlər qanun qarşısında cavab verməlidirlər. Cəzalandırılmalıdırlar. Bu olmayacaqsa, məsələ həllini tapmayacaq”.

Ayyət Əhməd