"15-20 il əvvəl Dağlıq Qarabağda yaşayan ermənilərin əksəriyyəti köçüb" - Beziblər





"Bir zamanlar Dağlıq Qarabağda yaşayan ermənilərin sayını artırmaq üçün xaricdən ermənilər köçürüldü. Gəlmə ermənilər Dağlıq Qarabağda yaşayan ermənilərlə daim münaqişədədir”.

Bu sözləri "Sherg.az”a Ermənistanın Epress.am saytının Dağlıq Qarabağ haqqındakı məqaləsindən danışarkən eks-deputat, tarix elmlər doktoru Həvva Məmmədova deyib. 

O qeyd edib ki, erməni insanlar rahatlıqlarını pozan, onları münaqişəyə sürükləyən, 30 il davam edən təcavüzdən yorulublar:

"Dağlıq Qarabağda yaşayan ermənilərin sosial-iqtisadi vəziyyətinin ağır olduğu məqamda, seçkilər ərəfəsində baş verən qarşıdurmalar ölkədə vəziyyəti daha da gərginləşdirir. Ermənilər artıq cana doyublar. Ermənistan özünü Azərbaycanla müqayisə edə bilməyəcəyini anlayır. Düşmənin böyük regional layihələrdən kənarda qalması da onun geriləməsini sürətləndirir. Ermənistanda əhalinin sayı artmayacağı təqdirdə bu dövlət böyük fəlakətə sürüklənəcək. Bunu anlayan, gələcək durumu təhlil edə bilən insanlar var. Lakin onların yazılarına, məqalələrinə əhəmiyyət verilmir”.

Azərbaycanın işğal olunmuş ərazilərində axşam saatlarında azərbaycanlı əsgərlərin dolaşması haqqında iddialara gəlincə, H.Məmmədova qeyd edib ki, bunlar kəşfiyyat qrupları ola bilər:

"Əsgərlərimizin həmin ərazilərə daxil olub-olmaması haqqında konkret fikir səsləndirə bilmərik. Ola bilər, bu, Ermənistanın uydurması, Azərbaycana qarşı təxribatıdır. Statistika aparılsa, aydın olar ki, 15-20 il əvvəl Dağlıq Qarabağda yaşayan ermənilərin əksəriyyəti köçüb. Həmin ərazilərə aidiyyəti olmayanları orada yerləşdirib, sanki keşikçi qoyublar. Həmin insanların təminatı yoxdur, ona görə beziblər. Bütün Ermənistanda, Dağlıq Qarabağda yaşayan ermənilər ayağa qalxıb, Ermənistanı istəmədiyini deməlidir. Onlar Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul etməli, Azərbaycan vətəndaşı kimi yaşamalıdırlar. Çünki Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Azərbaycan isə daim onların haqlarını qorumağa çalışır.

Ermənistanı fəlakətə sürükləyən düşmən ölkənin rəhbər qüvvələridir. Hakimiyyət uğurundakı çəkişmələr, qarşıdurmalar Ermənistanın sonunu gətirəcək”.

Qeyd edək ki, Ermənistanın Milli Statistika Xidmətinin açıqlamasına görə, 2018-ci il yanvarın 1-i üçün Ermənistan əhalisinin rəsmi sayı 2.979.900 nəfər təşkil edir. Bu göstərici 2017-ci ilin yanvarın 1-dən 13.200 nəfər, 2016-cı il yanvarın 1-i ilə müqayisədə isə 25.700 nəfər azdır.
Saytın məlumatına görə, Ermənistan hakimiyyəti mütəmadi olaraq işğal edilmiş bölgələrdə yollar, evlər nümayiş etdirməklə itirilmiş nüfuzu geri qaytarmaq istəsə də, buna nail ola bilmir. Dərc edilən yazıda qeyd edilir ki, gecə saatlarında insanlar evlərdən bayıra çıxa bilmirlər. Buna səbəb kimi gecələr işğal edilmiş bölgələrdə Azərbaycan hərbçilərinin göründüyü göstərilir.

Aysel Aslan